Modern.az

“Neft bahalaşmasa, mənzillər ucuzlaşacaq”

“Neft bahalaşmasa, mənzillər ucuzlaşacaq”

Aktual

15 Avqust 2015, 11:37

Dünya bazarında neftin qiymətinin günü-gündən aşağı düşməsi müşahidə edilir. Bu proses digər sahələrdə də qiymətlərin dəyişməsinə təsir edə bilər.  Eyni zamanda? daşınmaz əmlak qiymətlərinin enib qalxmasında da neftin təsiri müəyyən qədər hiss olunur.

“MBA” Konsaltinq və Qiymətləndirmə şirkətinin prezidenti Nüsrət İbrahimov da Modern.az-a bildirib ki, neftin qiyməti ilə mənzilin qiyməti arasında qəbul olunan bir asılılıq var. 1 kv.m mənzil sahəsinin bazar qiyməti, adətən 18-22 barrel neftin dəyərinə mütənasib olur:

“Lakin bu gün Bakı şəhərində mənzilin barellə qiyməti 31 barrel/kv.m təşkil edir ki, bu da çox bahadır. Belə çıxır ki, qiymətlərin azalması qaçılmazdır. Amma maya dəyərindən aşağı yox. Bakıda isə tikintinin maya dəyəri qonşu paytaxt şəhərlərinə nisbətən yuxarıdır.

Deməli, ya bazara digər mənbələrdən əlavə pul kütləsi atılmalıdır, ya tikintinin maya dəyər azalmalıdır, yaxud tikintinin tam dayanması qaçılmazdır.  Qiymətlər isə manatla ifadədə ilin əvvəlindən 2,2 faiz artıb”.
Nüsrət İbrahimov son bir neçə ayda neftin qiymətinin düşməsinə baxmayaraq ölkədə daşınmaz əmlak qiymətlərində dəyişikliyin olmamasına da aydınlıq gətirib:

“Evlərin qiyməti niyə düşmür? Çünki tələbin azalması müqabilində təklifin də həcmi azalıb. Əvvəlki illərdə bazarda aktivlik azalanda təklifin tələbə nisbəti 5:1 təşkil edirdisə, hazırda bu nisbət 1:1,8 təşkil edir. Normal balans isə 1:3 olmalıdır”.   Nüsrət İbrahimov qeyd edib ki, neftin qiyməti uzun müddət bu səviyyədə qalarsa, mənzillərin qiymətləri əvvəlki illərdəki kimi qiymətlərə qədər düşə bilər.    

Aytən ZƏHRA


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı