Barələrindən həbs qərarı çıxarılan keçmiş prokurorlar Zəkəriyyə Öz və Cəlal Karanın yeri müəyyən edilib.
Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, onların Almaniyanın Frankfurt şəhərinin 25 kilometrliyində yerləşən Hanay qraflığında Fətullah Gülən şəbəkəsinə aid oteldə olduqları aşkarlanıb.Bu arada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabiq prokurorların ölkəyə ekstradisiyası üçün Almaniyaya xəbərdarlıq göndərib. “Today's Zaman” nəşrinin yazdığına görə Ərdoğan İnterpolun həbs üçün hələ “qırmızı order” vermədiyi halda Türkiyənin lazımi addımlar atacağını dilə gətirib.
Prezident deyib ki, tezliklə İnterpol “qırmızı order” verəcəyi təqdirdə Almaniyanın çıxış yolu qalmayacaq. “O zaman baxacağıq görək, Almaniya nə edəcək. Özləri təhvil verməsə, mənim imzamla hansısa cinayətkarın onlara veriləcəyini heç vaxt görməyəcəklər. Türkiyə sıradan bir ölkə deyil”, - deyə o xəbərdarlıq edib.
“Ergenokon” işinin prokuroru Zəkəriyyə Öz və 2013-cü ilin 17-25 dekabr əməliyyatlarının istintaqını aparan Cəlal Karanın nurçu camaatın lideri Fətullah Gülən şəbəkəsinin üzvləri olduğu bildirilir.
Onlar Türkiyədən Gürcüstana, oradan isə Ermənistana qaçmışdılar.
Modern.az