Modern.az

Diplomatiyada ən uğurlu ÖLKƏLƏR - OXUYUN

Diplomatiyada ən uğurlu ÖLKƏLƏR - OXUYUN

Analitika

Bu gün, 18:18

Müharibələr dövlətlərin sərhədlərini dəyişdirə bilər, lakin diplomatiya onların taleyini müəyyənləşdirir. Tarix göstərir ki, ən güclü dövlətlər təkcə hərbi və iqtisadi imkanları ilə deyil, həm də mürəkkəb danışıqlar aparmaq, düşmənləri tərəfdaşa çevirmək və milli maraqlarını qorumaq bacarığı ilə fərqləniblər. Qədim imperiyalardan müasir dövlətlərə qədər diplomatiya beynəlxalq münasibətlərin əsas alətlərindən biri olub. Bu gün Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür. Modern.az bu münasibətlə əsrlər boyu öz diplomatiyası və fəaliyyəti ilə diqqət çəkən ölkələri təqdim edir.  

 

İran

Dünyanın ən qədim diplomatik ənənələrindən biri İrana məxsusdur. Hələ Əhəmənilər imperiyası dövründə fars hökmdarları müxtəlif xalqları və mədəniyyətləri vahid idarəçilik sistemi altında birləşdirə bilmişdilər. Sonrakı əsrlərdə də İran böyük imperiyalar arasında balans siyasəti yürüdərək mövcudluğunu qoruyub saxladı. İran heç zaman tam müstəmləkə dövləti olmayıb və tarxinin bütün dövrlərində ehtiyatlı və düşünülmüş diplomatiyası ilə seçilib. Müasir dövrdə İranın diplomatik bacarığı xüsusilə diqqət çəkir. Onilliklərdir sanksiyalar altında olmasına baxmayaraq, Tehran regionda və beynəlxalq arenada təsir imkanlarını saxlayır. İran eyni zamanda Rusiya, Çin, Türkiyə, ərəb ölkələri və Qərblə münasibətlərdə mürəkkəb balans qurmağa çalışır. Bu səbəbdən bir çox ekspertlər İran diplomatiyasını Yaxın Şərqin ən təcrübəli diplomatik məktəblərindən biri hesab edirlər.

Təsadüfi deyil ki, İran diplomatiyasının özünəməxsus xüsusiyyətləri, vaxtı uzatmaq və qarşı tərəfi çaş-baş salmaq özəlliyi ABŞ ilə son gərginlik və aylarla davam edən danışıqlar prosesində özünü göstərdi. ABŞ-ın vitse-prezidenti Cey Di Vens etiraf edib ki, amerikalılar iranlı danışıqlarçıların məntiqini hər zaman anlaya bilmirlər. Onun sözlərinə görə, aylarla davam edən danışıqlardan sonra belə İran tərəfinin bəzi addımları Vaşinqton üçün gözlənilməz qalır. Bu isə İranın əsrlər boyu formalaşmış diplomatik ənənələrinin və strateji səbr siyasətinin müasir dövrdə də davam etdiyini göstərir.

 

Türkiyə

Osmanlı imperiyasından miras qalan diplomatik təcrübə Türkiyənin xarici siyasətində bu gün də hiss olunur. Coğrafi mövqeyi Ankaraya həm Avropa, həm də Asiya siyasətində mühüm rol oynamaq imkanı verir. Türkiyə NATO üzvü olsa da, eyni zamanda Rusiya ilə əməkdaşlığı davam etdirir, türk dövlətləri ilə əlaqələri gücləndirir və Yaxın Şərqdə fəal siyasət aparır.

Son illərdə Rusiya-Ukrayna müharibəsi zamanı tərəflər arasında vasitəçilik cəhdləri Türkiyə diplomatiyasının çevikliyini bir daha nümayiş etdirdi. Türk Dövlətləri Təşkilatında aparıcı rol oyanayan rəsmi Ankara istər regional, istərsə də qlobal proseslərdə sözü nəzərə alınan ölkələrdən sayılır.

İsrail

Yaxın Şərqin ən mürəkkəb geosiyasi mühitində yerləşən İsrail diplomatiyanın gücündən maksimum istifadə edən dövlətlərdən biridir. Uzun illər ərzində regional təcrid vəziyyətində olsa da, Tel-Əviv ABŞ-la strateji tərəfdaşlığını qoruyub, eyni zamanda ərəb dövlətləri ilə münasibətlərin normallaşdırılması istiqamətində mühüm addımlar atıb. İsrailin diplomatik uğurlarından biri təhlükəsizlik, texnologiya və iqtisadi maraqları xarici siyasətlə uzlaşdırmaq bacarığıdır. Bu, ölkəyə beynəlxalq arenada çəkisindən daha böyük təsir qazandırıb. İsrailin Somalilendin müstəqilliyini tanıyan yeganə dövlət olması onun Afrika qitəsində də aktiv siyasət yürütməsinin nümunəsidir.

Böyük Britaniya

Tarixdə "Britaniya diplomatiyası" ayrıca anlayış kimi formalaşıb. London əsrlər boyu Avropada güc balansının qorunmasına çalışıb və müxtəlif ittifaqlar vasitəsilə öz maraqlarını təmin edib. Fransa İmperatoru Napoleon Bonapart və Almaniya füreri Adolf Hitlerlə mübarizədə Britaniyanın qalib gəlməsi həm də aktiv diplomatiya, müttəfiqlərin cəlb olunması hesabına baş verib.

İmperiya dövrü başa çatsa da, Böyük Britaniya bu gün də BMT Təhlükəsizlik Şurasının daimi üzvü, NATO-nun aparıcı ölkələrindən biri və qlobal diplomatiyanın əsas mərkəzlərindən hesab olunur. Britaniyanın keçmiş müstəmləkələri Pakistan, Hindistan, Karib hövzəsi ölkələri və Afrikada siyasi-diplomatik və mədəni təsiri bu gün də qalır.

Fransa

Fransa diplomatiyanı təkcə siyasi deyil, həm də mədəni təsir vasitəsi kimi istifadə edir. Paris beynəlxalq təşkilatlarda fəal iştirak edir, Afrika, Yaxın Şərq və Avropada təsir imkanlarını qoruyur. Fransız diplomatiyasının əsas xüsusiyyətlərindən biri ölkənin qlobal məsələlərdə müstəqil mövqe nümayiş etdirməyə çalışmasıdır. Rəsmi Paris Cənubi Qafqaz və Şimali Afrikada bəzən gərginliyə xidmət edən, provakotiv siyasət yürütsə də, onun istər diplomatic, istərsə də hərbi baxımdan gücü bu gün də əhəmiyyətlidir.

Çin

Son onilliklərdə Çin diplomatiyası dünya siyasətinin ən mühüm faktorlarından birinə çevrilib. Pekin iqtisadi gücünü diplomatik təsir vasitəsinə çevirərək Asiya, Afrika və Latın Amerikasında mövqelərini möhkəmləndirib. "Bir Kəmər, Bir Yol" təşəbbüsü Çin diplomatiyasının qlobal miqyasda təsirini artıran əsas layihələrdən biri sayılır. Çin diplomatiyası daha çox mədəni, elmi və iqtisadi yollarla ölkələrə nüfuz etməyə meyl edir və aqressiv siyasət yürütməkdən uzaqdır.

ABŞ

İkinci Dünya müharibəsindən sonra formalaşan beynəlxalq sistemin əsas memarlarından biri ABŞ olub. Vaşinqton NATO, BMT, Dünya Bankı kimi qurumlar vasitəsilə qlobal proseslərə təsir göstərir. ABŞ diplomatiyasının gücü hərbi və iqtisadi imkanlarla yanaşı, geniş müttəfiqlər şəbəkəsinə söykənir. Bu gün dünyada ən böyük diplomatic ştata malik olan rəsmi Vaşinqton öz səfirlikləri vasitəsilə həmin ölkələrdə gedən proseslərdə aktiv aktor kimi çıxış edir.

 

Azərbaycan

Azərbaycan da son onilliklərdə diplomatiyanın dövlət gücünün formalaşmasında nə qədər mühüm rol oynadığını nümayiş etdirən ölkələrdən biridir. Müstəqilliyin ilk illərində mürəkkəb geosiyasi şəraitlə üzləşən ölkə sonradan balanslaşdırılmış xarici siyasət kursu formalaşdırmağa nail oldu. Bakı eyni zamanda Türkiyə ilə strateji müttəfiqliyi qoruyaraq Rusiya, Avropa İttifaqı, ABŞ, Çin, Mərkəzi Asiya və Yaxın Şərq ölkələri ilə münasibətləri inkişaf etdirə bildi. Azərbaycanın enerji diplomatiyası, nəqliyyat layihələri və beynəlxalq təşkilatlardakı fəallığı ölkənin regional çəkisini əhəmiyyətli dərəcədə artırdı.

Xüsusilə son illərdə Qarabağ məsələsinin həllindən sonra Azərbaycanın diplomatik fəallığı daha da artıb. COP29 kimi qlobal tədbirə ev sahibliyi etməsi, Türk Dövlətləri Təşkilatında artan rolu və müxtəlif geosiyasi mərkəzlərlə eyni vaxtda işləmək bacarığı ölkənin beynəlxalq nüfuzunu gücləndirib. Bu gün Azərbaycan hələ böyük güclər sırasında olmasa da, diplomatiya, enerji resursları, tranzit imkanları və strateji mövqeyi sayəsində regionun mühüm orta güclərindən birinə çevrilməkdədir. Bu uğurda isə hərbi və iqtisadi amillərlə yanaşı, düşünülmüş diplomatik siyasətin də xüsusi payı var.

 

Tarix göstərir ki, diplomatiya bəzən ordulardan daha güclü silaha çevrilə bilir. İranın minilliklərə söykənən siyasi məktəbi, Türkiyənin balans siyasəti, İsrailin çevik xarici kursu, Böyük Britaniya və Fransanın klassik diplomatik ənənələri, Çin və ABŞ-ın qlobal təsiri diplomatiyanın dövlətlərin gücündə nə qədər mühüm rol oynadığını nümayiş etdirir. Müasir dünyada uğur qazanan ölkələr təkcə güclü orduya deyil, həm də güclü diplomatik strategiyaya malik olanlardır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...