Modern.az

Pezeşkianın 2 ili: gözləntilər doğruldumu? - İranda ona belə qiymət verildi

Pezeşkianın 2 ili: gözləntilər doğruldumu? - İranda ona belə qiymət verildi

Analitika

Bu gün, 15:32

İran mediası: Pezeşkian hökuməti iki ildə müharibə və iqtisadi böhranı idarə edib

İranın rəsmi İRNA agentliyi Prezident Məsud Pezeşkianın hakimiyyətinin 2 ilinə həsr etdiyi təhlildə hökumətin əsas uğurunun müharibə şəraitində bazarın sabitliyini və əsas ərzaq təminatını qoruması olduğunu bildirib.

Modern.az-ın məlumatına görə, İRNA-nın dərc etdiyi yazıda qeyd olunur ki, Pezeşkian prezident kimi fəaliyyətə başladığı 2 il ərzində ölkə 12 və 40 günlük iki müharibə, iqtisadi təzyiqlər, xarici sanksiyalar və təchizat zəncirinə yönələn risklərlə üzləşib.

Məqalədə vurğulanır ki, hökumət müharibə dövründə əsas diqqəti əhalinin sosial təminatına, bazarda sabitliyin qorunmasına və strateji məhsulların çatışmazlığının qarşısının alınmasına yönəldib. Bildirilir ki, bu müddətdə mağazalarda əsas ərzaq məhsullarının qıtlığı yaranmayıb, yanacaq təchizatı fasiləsiz davam edib və logistika sistemi fəaliyyətini saxlayıb.

Yazıda qeyd edilir ki, hökumət müharibənin ilk günlərindən bazarın tənzimlənməsi üzrə qərargahın iclaslarını intensivləşdirib, iqtisadi qurumlar arasında koordinasiyanı gücləndirib, strateji ehtiyatları artırıb və məhsulların daşınmasına nəzarəti gücləndirib.

İRNA-nın məlumatına görə, 40 günlük müharibə başlayarkən dövlət qulluqçularının əməkhaqları vaxtından əvvəl ödənilib. Məqalədə həmçinin inflyasiyanın nəzarətdə saxlanıldığı iddia olunur. Bildirilir ki, inflyasiya fevralda 46,5 faiz, mart və apreldə isə 50 faiz səviyyəsində olub.

Təhlildə Pezeşkianın parlament və məhkəmə hakimiyyəti ilə əməkdaşlığı da ön plana çıxarılır. Qeyd olunur ki, qanunverici və məhkəmə orqanlarının hökumətlə koordinasiyası bazarda sabitliyin qorunmasına və iqtisadi pozuntulara qarşı mübarizəyə kömək edib.

Məqalənin sonunda bildirilir ki, hökumətin fəaliyyətinin üçüncü ilində əsas gözləntilər dəyişib.

"Əgər ilk iki ildə əsas prioritet müharibə böhranının öhdəsindən gəlmək və insanların gündəlik həyatında pozuntuların qarşısını almaq idisə, üçüncü ildə cəmiyyətin əsas tələbi, hər şeydən əvvəl, inflyasiyanın cilovlanması, məşğulluğun artırılması, investisiyaların artırılması və alıcılıq qabiliyyətinin gücləndirilməsi olacaq", - yazıda qeyd edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Hikmət Hacıyev Tural Sadıqlıdan sonra onu da susdurdu - Gündəm Masada