Türkiyənin NATO yanında keçmiş daimi nümayəndəsi, Ankara Siyasət Mərkəzinin direktoru Fatih Ceylan hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün möhkəm əsas formalaşıb və Bakının sənədi tezliklə imzalaması region üçün faydalı olacaq.
Modern.az xəbər verir ki, Fatih Ceylan bu fikirləri Ermənistandan olan jurnalistlərə müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, 2025-ci ilin martında Ermənistan və Azərbaycan sülh sazişinin bütün maddələri üzrə razılığa gəldiklərini açıqlayıblar, avqustda isə sənəd ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda paraflanıb.
Ceylan bildirib ki, bu, sülh sazişinin yekunlaşdırılması üçün möhkəm hüquqi baza yaradıb. O qeyd edib ki, Azərbaycan və Ermənistan arasında birbaşa ticarətin başlanması da prosesi sürətləndirən amillərdəndir.
Türkiyəli diplomat hesab edir ki, saziş imzalandıqdan sonra hər iki ölkə öz qanunvericiliyində zəruri dəyişiklikləri etməyə hüquqi baxımdan öhdəlik daşıyacaq.
"Azərbaycan sülh sazişini nə qədər tez imzalasa, bu, təkcə Ermənistan-Azərbaycan münasibətləri üçün deyil, həm də Türkiyə və Gürcüstan üçün bir o qədər yaxşı olacaq. Bu, regional əməkdaşlığa yeni təkan verəcək", – deyə o vurğulayıb.
Fatih Ceylanın sözlərinə görə, Avropa İttifaqı, ABŞ və Mərkəzi Asiya ölkələri də Azərbaycanın sazişi imzalamasına yönəlmiş diplomatik təmaslarda iştirak edirlər.
Türkiyəli diplomat hesab edir ki, Ermənistan Konstitusiyasına dəyişiklik qısa müddətdə mümkün olmasa belə, tərəflər sülh sazişinə əlavə olaraq qarşılıqlı anlaşma memorandumu və ya protokol imzalaya bilərlər.
Ceylan Ankaranın da Bakıya dolayı yolla mesajlar verdiyini iddia edib. O, Türkiyə vitse-prezidentinin İrəvana səfərini, Ani körpüsünün bərpası ilə bağlı razılaşmanı və Qars-Gümrü dəmir yolu infrastrukturu üzrə işləri buna nümunə göstərib.
Fatih Ceylan əlavə edib ki, Türkiyə-Ermənistan və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində Gürcüstan da fəal iştirak etməlidir.
O bildirib ki, Türkiyə-Ermənistan sərhədinin açılması münasibətlərin normallaşmasında dönüş nöqtəsi olacaq və bu, regionda etimadın möhkəmlənməsinə xidmət edəcək.