İran məhkəmə hakimiyyətinin Məşhəddə yanvar etirazları zamanı dörd təhlükəsizlik əməkdaşının ölümündə ittiham etdiyi Əli Həmməti və Məcid Nik-Andeş barəsində ölüm hökmü icra olunub.
Modern.az xəbər verir ki, sentyabrın 30-u səhər həyata keçirilən edam barədə İranın məhkəmə sistemi ilə əlaqəli “Mizan” xəbər agentliyi məlumat yayıb.
Məhkəmə hakimiyyətinin məlumatına görə, Həmməti və Nik-Andeş Məşhədin Təbrişi rayonunda yanvarın 8-i və 9-da baş verən hadisələrin iştirakçıları olublar. İstintaqın iddiasına görə, onlar mağazalara hücum edib, binaları yandırıb və ictimai əmlaka ziyan vurublar. Məhkəmə hakimiyyəti bildirib ki, hər iki şəxs dindirmələr və məhkəmə prosesi zamanı bir sıra cinayətlər törətdiklərini etiraf ediblər.
İş üzrə dərc olunan materiallara əsasən, Həmməti məhkəmədə bildirib ki, yanvarın 8-də Nik-Andeşlə birlikdə şəbəkə mağazalarından birinə hücum edib və “Molotov kokteyli” ilə mağazanı yandırıb. Daha sonra onun sözlərinə görə, onlar “Bəsic” yarımhərbi birləşməsinin iki üzvünü döyən insanların olduğu qrupa yaxınlaşıblar.
Həmməti həmin şəxslərdən birinə bıçaqla iki dəfə zərbə endirdiyini, daha sonra Nik-Andeşin həmin bıçaqla ikinci şəxsi iki dəfə vurduğunu deyib.
İranın məhkəmə hakimiyyəti Nik-Andeşin etirazlar zamanı üzərində üç ədəd “Molotov kokteyli” gəzdirdiyini açıqlayıb. O, ifadəsində yanvarın 8-i və 9-da iğtişaşlarda iştirak etdiyini, üzərində bıçaq gəzdirdiyini, baş verənləri videoya çəkərək görüntüləri xaricə göndərdiyini bildirib.
İstintaqın məlumatına görə, Nik-Andeş banklardan birini də yandırıb, ictimai əmlaka ziyan vurub və yerdə uzanan şəxsi ayağı ilə vurub.
Bundan başqa, onun və Həmmtinin mağazalardan birini qarət etdikləri, malları avtomobilə yükləyərək Həmmtinin evinə apardıqları bildirilib. Məhkəmə hakimiyyətinin məlumatına görə, bu ifadələrdən sonra evdə aparılan axtarış zamanı mağazadan götürüldüyü bildirilən mallar aşkarlanıb.
Məhkəmə hər iki şəxsi ölüm cəzasına məhkum edib. Hökm daha sonra Ali Məhkəmə tərəfindən nəzərdən keçirilib və təsdiqlənib. Bundan sonra ölüm hökmləri icra olunub.