Dünyada İslam dininə etiqad edənlərin sayının 2035-ci ilə qədər xristianların sayını üstələyərək dünyanın ən böyük dini qrupuna çevriləcəyi proqnozlaşdırılır.
Modern.az xəbər verir ki, bu barədə “Pew Research Center” araşdırma mərkəzinin yeni hesabatında bildirilib.
Ətraflı araşdırmaya görə, bu demoqrafik dəyişikliyin əsas səbəbləri müsəlmanlar arasında doğum səviyyəsinin yüksək olması və onların əhalisinin digər böyük dini qruplarla müqayisədə daha gənc yaş strukturuna malik olmasıdır.
“Pew Research Center”in baş demoqrafı Konrad Hekett “Fox News Digital”a açıqlamasında bildirib ki, dünya üzrə müsəlman ailələrində qeyri-müsəlman ailələrlə müqayisədə daha çox uşaq dünyaya gəlir. Bu amil də müsəlman əhalisinin daha sürətlə artmasına təsir göstərir.
Araşdırmaya əsasən, müsəlman qadınlar hərəyə orta hesabla 3,1 uşaq dünyaya gətirməklə ən yüksək doğum göstəricisinə malikdirlər. Xristian qadınlarda isə bu göstərici 2,5-dir.
2020 - 2025-ci illərdə müsəlman qadınlar ümumilikdə 252 milyon uşaq dünyaya gətiriblər. Bu, bütün dini qruplar arasında ən yüksək göstəricidir. Müqayisə üçün, həmin dövrdə xristian analardan doğulan uşaqların sayı 208 milyon olub.
Araşdırmada ABŞ-də də dini mənzərənin dəyişəcəyi proqnozlaşdırılır. Hazırda ölkənin yetkin əhalisinin təxminən 62 - 64 faizini xristianlar təşkil edir. Lakin bu göstəricinin 2065-ci ilədək 50 faizdən aşağı düşəcəyi gözlənilir.
Proqnozlara görə, 2070-ci ildə xristianlar ABŞ əhalisinin yarısından azını təşkil edəcək. Dini mənsubiyyəti olmayanlar, o cümlədən ateistlər və aqnostiklərin payı isə təxminən 41 faizə çatacaq.
Konrad Hekett ABŞ-da müsəlman əhalinin xristianlarla müqayisədə daha sürətlə artdığını, lakin say baxımından xristianların müsəlmanlardan xeyli çox olduğunu və yaxın perspektivdə bu nisbətin dəyişməyəcəyini bildirib.
Onun sözlərinə görə, 2070-ci ilədək müsəlmanların ABŞ əhalisindəki payının təxminən 4 faizə yüksələcəyi gözlənilir. Beləliklə, müsəlmanlar xristianlar və dini mənsubiyyəti olmayanlardan sonra ölkənin üçüncü ən böyük dini qrupu olacaq və say baxımından yəhudiləri geridə qoyacaqlar.
Dünyada da böyük dini qrupların demoqrafik mərkəzi dəyişir. Proqnozlara əsasən, 2070-ci ilədək Pakistan müsəlman əhalisinin sayına görə dünyada birinci yerə yüksələcək. Hindistan və Nigeriya növbəti yerləri tutacaq. Hazırda isə ən çox müsəlmanın yaşadığı ölkə İndoneziyadır.
Xristianlığın coğrafi yayılmasında da ciddi dəyişikliklər gözlənilir. 2070-ci ilədək dünya xristianlarının yarıdan çoxunun Afrikanın Saxaradan cənubunda yerləşən ölkələrində yaşayacağı proqnozlaşdırılır. Konqo Demokratik Respublikası isə xristian əhalisinin sayına görə ABŞ-ni geridə qoyaraq dünyada birinci yerə yüksələ bilər.
Konrad Hekettin sözlərinə görə, təxminən bir əsr əvvəl dünya xristianlarının əksəriyyəti Avropada yaşayırdı. Lakin hazırda Avropada əhali artımı zəifdir və qarşıdakı onilliklərdə əhalinin azalacağı gözlənilir. Afrikada isə əksinə, sürətli demoqrafik artım müşahidə olunur.
Araşdırmada qeyd edilir ki, müsəlmanlar və xristianlar dünya əhalisinin ümumi artım tempini qoruyub saxlaya biləcək yeganə böyük dini qruplardır.
Belə ki, 2020–2070-ci illərdə dünya əhalisinin 29 faiz artacağı proqnozlaşdırılır. Eyni dövrdə xristian əhalisinin 30 faiz, müsəlman əhalisinin isə 80 faiz artacağı gözlənilir.
Bununla yanaşı, dini mənsubiyyəti olmayan insanların sayında da artım müşahidə edilir. Bu qrupa özünü hər hansı dinə aid hesab etməyənlər, ateistlər və aqnostiklər daxildir.
Hekettin sözlərinə görə, dünyada dini mənsubiyyəti olmayanların böyük hissəsi Çində yaşayır. Lakin bu ölkədə əhalinin azalması digər regionlarda gözlənilən artımı qismən kompensasiya edəcək. Çin nəzərə alınmadıqda, 2070-ci ilədək dini mənsubiyyəti olmayanların dünya üzrə sayının 180 milyondan çox artacağı proqnozlaşdırılır.
Hazırda Çexiya, Yaponiya, Niderland, Yeni Zelandiya, Uruqvay və Vyetnam da daxil olmaqla, 10 ölkədə dini mənsubiyyəti olmayanlar əhalinin əksəriyyətini təşkil edir.