Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın Çinin Şençjen şəhərində keçirilən görüşü bir saatdan az davam edib. Liderlər danışıqlardan sonra mətbuat üçün birgə bəyanatla çıxış etməyiblər.
Modern.az TASS-a istinadən xəbər verir ki, Rusiya və ABŞ prezidentlərinin görüşü Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutub.
Putin ABŞ Prezidenti ilə görüşün açıq hissəsində hər hansı açıqlama verməyib. Liderlər görüşün əvvəlində əl sıxaraq bir neçə kəlmə ilə fikir mübadiləsi aparıblar.
Bu, 2025-ci ilin avqustunda Alyaskanın Ankoric şəhərində keçirilən sammitdən sonra iki prezidentin ilk üzbəüz görüşüdür.
TASS-ın məlumatına görə, Şençjendə danışıqlar yerli vaxtla təxminən saat 12:15-də başlayıb. Ağ Evin mətbuat xidməti görüşün başa çatdığını Moskva vaxtı ilə saat 08:00 radələrində açıqlayıb.
Tramp görüşdən gözləntilərini açıqlayıb
ABŞ Prezidenti Donald Tramp üçtərəfli görüşü səbirsizliklə gözlədiyini bildirib.
O, Rusiya lideri Vladimir Putinlə uzun illərdir yaxşı münasibətlərinin olduğunu və bir-birlərini çoxdan tanıdıqlarını vurğulayıb.
Tramp Putinlə görüşün nəticələrindən müsbət gözləntilərinin olduğunu da qeyd edib:
“Düşünürəm ki, bu görüşün nəticəsində çox yaxşı hadisələr baş verə, ən azı onların baş verməsi üçün proses başlaya bilər. Məncə, bunlar reallaşacaq”.
ABŞ lideri qarşıdakı danışıqların uğurlu keçəcəyinə əminliyini ifadə edib:
“Bildiyiniz kimi, daha sonra ikinci görüşümüz də nəzərdə tutulub. Amma indi bu görüşü keçirəcəyik və o, möhtəşəm olacaq”.
Görüşdə kimlər iştirak edib?
Rusiya nümayəndə heyətində baş nazirin müavini – maliyyə naziri Anton Siluanov, xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov və xüsusi nümayəndə Kirill Dmitriyev yer alıblar.
ABŞ tərəfini isə dövlət katibi Marko Rubio və maliyyə naziri Skott Bessent təmsil ediblər.