Noyabrın 19-da Almaniyanın paytaxtı Berlində Ukraynaya dəstək verən “İstəklilər Koalisiyası”nın mühüm görüşü keçiriləcək.
Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib.
Onun sözlərinə görə, Ukrayna tərəfdaşları ilə birlikdə koalisiyanın effektiv fəaliyyətini təmin etmək üçün çalışır.
“Ukraynaya yeni dəstək paketləri hazırlayırıq. Bunlar ilk növbədə müdafiəmizin və enerji infrastrukturumuzun gücləndirilməsinə yönəlib. Həmçinin Ukrayna və diplomatiyamız üçün əlavə nəticələr verməli olan ikitərəfli görüşlər keçiriləcək”, – deyə Zelenski bildirib.
Ukrayna lideri Berlində ABŞ Prezidenti Donald Trampın nümayəndələri ilə görüş gözlədiklərini də açıqlayıb.
Zelenskinin sözlərinə görə, Amerika nümayəndələri Trampın hazırda apardığı danışıqlar, o cümlədən Çindəki təmasları barədə Kiyevə məlumat verəcəklər.
O, Avropa liderləri ilə Rusiya ilə danışıqların növbəti mərhələsinin də müzakirə olunacağını vurğulayıb.
“Bizim avropalı tərəfdaşlarla vahid və aydın mövqeyimiz var: Ukrayna ilə bağlı məsələlər Ukraynanın, Avropa ilə bağlı məsələlər isə Avropanın iştirakı ilə həll edilməlidir. Yalnız bu yanaşma doğrudur”, – deyə Prezident qeyd edib.
Zelenski Ukraynanın sülhə nail olmaq niyyətində olduğunu və danışıqlarda konstruktiv mövqe nümayiş etdirdiyini bildirib.
Qeyd edək ki, Berlində keçiriləcək görüşlərdə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerin də iştirak edəcəyi gözlənilir.