Avropa Komissiyası Ukraynaya əvvəllər təsdiqlənmiş 90 milyard avroluq kreditə əlavə olaraq daha 45 milyard avro maliyyə yardımı ayrılmasını təklif edib.
Modern.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen açıqlayıb.
Onun sözlərinə görə, yeni maliyyə paketinin 20 milyard avrosunun mülki ehtiyaclara, o cümlədən xəstəxanaların və məktəblərin fəaliyyətinin təmin edilməsinə, 25 milyard avrosunun isə hərbi xərclərə yönəldilməsi nəzərdə tutulur.
Fon der Lyayen bildirib ki, kreditin qaytarılması Ukraynanın Rusiyadan müharibə ilə bağlı təzminat almasından sonra həyata keçirilməlidir.
Qeyd edək ki, yeni maliyyə paketinin 2027-ci ildə Ukraynaya təqdim olunması planlaşdırılır. Təklifin qüvvəyə minməsi üçün Avropa İttifaqına üzv dövlətlərin təsdiqi tələb olunur.
Bundan əvvəl Avropa İttifaqı Ukraynaya 2026–2027-ci illər üçün 90 milyard avro həcmində kredit ayrılmasını təsdiqləyib.