Modern.az

Zəngəzur dəhlizi Azərbaycan üçün prioritet olaraq qalır

Zəngəzur dəhlizi Azərbaycan üçün prioritet olaraq qalır

İqtisadiyyat

Bu gün, 14:42

“Zəngəzur dəhlizinin Ermənistandan keçən sahəsi - TRIPP layihəsi çərçivəsində regiondakı geosiyasi gərginlik fonunda mümkün təsirlər baxımından dəyərləndirildi. Bununla yanaşı, layihə ilə bağlı müəyyən narahatlıqlar da qeyd olundu. Azərbaycan tərəfi üçün prioritet layihə Zəngəzur dəhlizidir və Azərbaycan tərəfindən dəhliz çərçivəsində aktiv iş aparılır”.

Bu fikirləri Modern.az-a açıqlamasında Azərbaycan-Ermənistan nümayəndə heyətinin son görüşü çərçivəsində nəqliyyat və logistika ilə bağlı müzakirələri şərh edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib. 

Onun sözlərinə görə, bu istiqamətdə Horadiz-Ağbənd dəmir yolu yenidən qurulur:

“Eyni zamanda Ələt-Osmanlı və Osmanlı-Horadiz xətləri üzrə, eləcə də Naxçıvan istiqamətində aktiv tikinti işləri davam etdirilir.

Ötən ildən etibarən Türkiyədə Qars-İğdır-Aralıq-Dilucu-Azərbaycan sərhədi dəmir yolu xəttinin tikintisinə də start verilib. Artıq bu layihə çərçivəsində tunel tikintisinə dair görüntülər də yayılıb. Ümumilikdə, dəhliz boyunca, Ermənistan istisna olmaqla digər bütün istiqamətlərdə tikinti işləri ya tamamlanma mərhələsindədir, ya da aktiv şəkildə davam edir”.


R.Ağamirzəyev nəzərə çatdırıb ki, qeyd olunan xətlərin böyük hissəsi 2028-ci ilə qədər istifadəyə verilə bilər:

“Türkiyə tərəfi üzrə bəzi layihələrin 2029-cu ilə planlaşdırılacağı gözlənilir. Bu kontekstdə Ermənistanın da prosesdə daha aktiv iştirak etməsi vacib hesab olunur. Ermənistandakı seçki prosesi müəyyən fasilələr yaratsa da, seçkilərdən sonra işlər sürətlənəcək”.

Ekspert onu da əlavə edib ki, Ermənistan tərəfi eyni zamanda digər alternativ marşrutların açılmasında da maraqlıdır. 

“Azərbaycan isə ümumilikdə bütün nəqliyyat kommunikasiyalarının açılmasında maraqlı tərəf kimi çıxış edir. Lakin mərhələli yanaşma çərçivəsində ilkin prioritet məhz Zəngəzur dəhlizi olaraq qalır.

Bu dəhlizlə paralel olaraq Naxçıvan və Qazax istiqamətlərində də müəyyən məsələlər həllini tapmalıdır. Xüsusilə Bərxudarlı və Sofulu kəndlərinin qaytarılması 18 kilometrlik dəmir yolu xəttinin bərpası, eləcə də avtomobil yolunun yenidən qurulması üçün əhəmiyyətlidir.

Digər tərəfdən, Ermənistan ərazisindən keçən bəzi dəmir yolu hissələrində torpaq sürüşmələrinin baş verməsi layihəni daha mürəkkəb və xərcli edir. Bu səbəbdən ilkin mərhələdə həmin istiqamətdə multimodal daşımaların tətbiqi ehtimal olunur. Yəni marşrutun müəyyən hissəsi Azərbaycan ərazisində dəmir yolu ilə təmin olunsa da, digər hissələrdə əlavə mühəndis qurğularının inşası müəyyən bir zaman və ciddi investisiya tələb edəcək”.

R.Ağamirzəyev yekun olaraq bildirib ki, ümumilikdə kommunikasiyaların açılması sinxron şəkildə həyata keçiriləcək:

“Bu isə yalnız Zəngəzur dəhlizinin deyil, eyni zamanda Sədərək və Türkiyə istiqamətində digər nəqliyyat xətlərinin də paralel şəkildə istifadəyə verilməsi ilə nəticələnəcək”.


 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?