Modern.az

Azərbaycanda kraudfandinq ilk dəfə qanunla tənzimlənəcək

Azərbaycanda kraudfandinq ilk dəfə qanunla tənzimlənəcək

İqtisadiyyat

Bu gün, 14:01

Azərbaycanda kraudfandinq ilk dəfə qanunla tənzimlənəcək

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən  iclasında müzakirəyə çıxarılan "Kraudfandinq haqqında" qanun layihəsində əksini tapıb.

Belə ki, qanun layihəsi ilə Azərbaycanda ilk dəfə səhm və borc əsaslı kraudfandinq institutunun hüquqi bazası yaradılır. Layihəyə əsasən, investorlardan pul vəsaitlərinin kraudfandinq platformaları vasitəsilə cəlb edilməsi, platforma operatorlarının fəaliyyəti, dövlət tənzimlənməsi və bu sahəyə nəzarət mexanizmləri müəyyən edilir.

Qanunun məqsədi startapların, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin alternativ maliyyə mənbələrinə çıxışını genişləndirmək, onların informasiya texnologiyalarından və kapital bazarının imkanlarından istifadə etməklə daha operativ maliyyələşməsinə şərait yaratmaq, eyni zamanda investorların hüquqlarını qorumaqdır.

Layihəyə əsasən qanunvericiliyə aşağıdakı anlayışlar gətirilir:

borc əsaslı kraudfandinq – bu Qanunla müəyyən olunmuş şərtlər daxilində kraudfandinq layihəsinin maliyyələşdirilməsi məqsədilə layihə sahibinin buraxdığı borc investisiya qiymətli kağızının investorlar tərəfindən alınması qarşılığında pul vəsatlərinin cəlb olunmasını nəzərdə tutan kraudfandinq;

düşünmə dövrü – fərdi investor tərəfindən bu Qanunun maddəsində nəzərdə tutulan müddət ərzində investisiya ilə bağlı təklifinin heç bir səbəb göstərmədən və hər hansı cərimə ödəmədən geri çağırılması müddəti;

əsas məlumat vərəqəsi – bu Qanunun maddəsində göstərilən məlumatları əks etdirən və kraudfandinq platformasında açıqlanan məlumatların məcmusu;

fərdi investor – peşəkar investor meyarlarına cavab verməyən və investisiyanın riskli olmasını yazılı şəkildə qəbul edən investor;

idarəetmə funksiyalarını yerinə yetirən şəxslər – hüquqi şəxsin müşahidə şurasının (direktorlar şurasının) (olduqda) və icra orqanın rəhbəri və üzvləri;

kraudfandinq – investorlardan pul vəsaitlərinin cəlb edilməsi məqsədilə hər hansı kraudfandinq layihəsinin kraudfandinq platforması vasitəsilə kütləvi maliyyələşdirilməsi;

kraudfandinq kampaniyası – kraudfandinq layihəsinin maliyyələşdirilməsi üçün tələb olunan pul vəsaitlərinin toplanması məqsədilə kraudfandinq platformasının internet informasiya ehtiyatında yerləşdirilən elan;

kraudfandinq layihəsi – bu Qanunla müəyyən edilmiş qaydada pul vəsaitlərinin cəlb edilməsi məqsədilə kraudfandinq platformasında yerləşdirilən təklif;

kraudfandinq müqaviləsi – kraudfandinq platforması vasitəsilə investorlarla layihə sahibi arasında bağlanılan yazılı müqavilə;

kraudfandinq platforması (bundan sonra – platforma) – operator tərəfindən idarə olunan, investorların layihə sahibləri ilə əlaqələndirilməsi yolu ilə kraudfandinqin həyata keçirildiyi və ictimaiyyət üçün açıq olan informasiya sistemi;

layihə sahibi – platforma vasitəsilə pul vəsaitlərini cəlb etmək istəyən Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş kommersiya hüquqi şəxsi;

məcmu kapital – operatorun davamlı fəaliyyətinin təmin edilməsi məqsədilə bu Qanuna uyğun olaraq müəyyən olunmuş kapital;

mühüm iştirak payı – nizamnamə kapitalının on və ya daha çox faizini təşkil edən və ya müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayısı yolla sahiblik;

operator – bu Qanunun tələblərinə uyğun olaraq platformanı idarə edən hüquqi şəxs;

peşəkar investor – “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikası Qanununun maddəsi ilə müəyyən edilmiş investorlar;

səhm əsaslı kraudfandinq – bu Qanunla müəyyən olunmuş şərtlər daxilində kraudfandinq layihəsinin maliyyələşdirilməsi məqsədilə layihə sahibinin səhmlərinin investorlar tərəfindən alınması qarşılığında pul vəsaitlərinin cəlb edilməsini nəzərdə tutan kraudfandinq;

vətəndaş qüsursuzluğu – operatorun və layihə sahibinin benefisiar mülkiyyətçilərinin, idarəetmə funksiyalarını yerinə yetirən şəxslərinin, mühüm iştirak payı sahiblərinin (həmin sahib hüquqi şəxs olduqda onun icra orqanının rəhbərinin (üzvlərinin)) qəsdən törədilmiş cinayətə görə məhkumluğunun olmaması, iqtisadi sahədə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan müəyyən müddətə məhrum edilmə barədə məhkəmə qərarının olmaması, operatora münasibətdə həmçinin həmin şəxslərin “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun maddəsinin tələblərinə uyğun olması faktı.

Sizə yeni x var
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ