Kraudfandinq platformalarına Mərkəzi Bank nəzarət edəcək.
Modern.az xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Kraudfandinq haqqında" yeni qanun layihəsində əksini tapıb.
Belə ki, layihəyə əsasən, kraudfandinq platformalarını yalnız Mərkəzi Bankın reyestrinə daxil edilmiş operatorlar idarə edə biləcəklər. Operatorlar məhdud məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradılacaq, onların minimum nizamnamə kapitalı, məcmu kapitalı, daxili idarəetmə sistemi, texniki təhlükəsizlik standartları və fəaliyyət qaydaları Mərkəzi Bank tərəfindən müəyyən ediləcək.
Layihədə operatorların maraqlar münaqişəsinin qarşısının alınması, platformalarda yerləşdirilən layihələrin şəffaflığının təmin edilməsi, investorların məlumatlandırılması və maliyyə hesabatlarının açıqlanması ilə bağlı yeni tələblər də yer alıb. Eyni zamanda operatorların öz platformalarında yerləşdirilən layihələrin sahibi olmaları qadağan edilir, onların yalnız məhdud həcmdə investisiya qoymasına icazə verilir.
Qanun layihəsinə əsasən, kraudfandinq sahəsində dövlət tənzimlənməsi və nəzarəti tam şəkildə Mərkəzi Bank tərəfindən həyata keçiriləcək.