Modern.az

Ələt Azad İqtisadi Zonası ilə bağlı yeni güzəşt 

Ələt Azad İqtisadi Zonası ilə bağlı yeni güzəşt 

İqtisadiyyat

Bu gün, 14:09

Ələt Azad İqtisadi Zonasında istehsal olunan mallara 15 illik gömrük güzəşti veriləcək.

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Gömrük tarifi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Belə ki, layihəyə əsasən, Ələt Azad İqtisadi Zonasında tamamilə istehsal edilmiş və ya kifayət qədər emal olunmuş Azərbaycan mənşəli malların müəyyən şərtlərlə Azərbaycanın əsas iqtisadi ərazisinə gətirilməsi zamanı yeni gömrük güzəşti tətbiq ediləcək.

Dəyişikliyə görə, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısı müəyyən edilmiş malların həcminin azı 50 faizi ölkə hüdudlarından kənara ixrac edildiyi halda, həmin malların Ələt Azad İqtisadi Zonasından əsas iqtisadiyyata gətirilməsi gömrük rüsumundan azad olunacaq. Bu güzəşt Azad Zona hüquqi şəxsinin təsis olunduğu tarixdən etibarən 15 il müddətində qüvvədə olacaq.

Qanun layihəsinə əsasən, güzəştdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən tənzimlənəcək. Güzəşt yalnız Ələt Azad İqtisadi Zonasında istehsal edilmiş və ya qanunvericilikdə nəzərdə tutulan emal meyarlarına uyğun olaraq kifayət qədər emal olunmuş Azərbaycan mənşəli mallara şamil ediləcək.

Dəyişikliklə ixracyönümlü istehsalın təşviqi, Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərən müəssisələrin rəqabət qabiliyyətinin artırılması, investisiyaların cəlbi və ölkənin ixrac potensialının genişləndirilməsi hədəflənir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ