Modern.az

Kraudfandinq layihəsinə Bakı Fond Birjasının da cəlb edilməsi təklif olunur

Kraudfandinq layihəsinə Bakı Fond Birjasının da cəlb edilməsi təklif olunur

İqtisadiyyat

Bu gün, 14:56

Azərbaycanda kraudfandinq və vençur kapitalı ilə bağlı yeni qanun layihəsinin müzakirələri davam edir. Deputatlar hesab edirlər ki, bu sahədə beynəlxalq təcrübədən daha geniş istifadə olunmalı, həmçinin mövcud maliyyə institutlarının prosesə inteqrasiyası təmin edilməlidir.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında deputat Əlibala Məhərrəmzadə deyib.

Deputat bildirib ki, kraudfandinq son illərdə dünyada sürətlə inkişaf edən investisiya mexanizmlərindən biridir və onun hüquqi bazasının yaradılması Azərbaycanda investisiya mühitinə müsbət təsir göstərəcək.

"Bu mükəmməl bir təşəbbüsdür və bu təşəbbüsün arxasında çox böyük potensial dayanır. Bu günə qədər Azərbaycan şirkətlərinə investisiyalar əsasən xarici ölkələrdə yaradılan hüquqi mexanizmlər vasitəsilə həyata keçirilirdi. Öz qanunvericiliyimizin formalaşması investisiya mühitini daha rəqabətqabiliyyətli edəcək və investorların daha rahat fəaliyyət göstərməsinə imkan yaradacaq".

Ə.Məhərrəmzadə diqqətə çatdırıb ki, qanun layihəsində Bakı Fond Birjasının və ölkədə fəaliyyət göstərən brokerlərin bu prosesdə iştirakına da yer verilməsi məqsədəuyğun olardı.

"Bizdə broker fəaliyyəti ilə məşğul olan mütəxəssislər var. Düşünürəm ki, Bakı Fond Birjasını da bu işə cəlb edə bilərik. Gələcəkdə yaradılacaq digər birjalar da bu mexanizmdə iştirak edə bilər".

Deputatın sözlərinə görə, hazırda investisiya qoyuluşlarında daha çox istiqrazlardan istifadə olunur. Halbuki beynəlxalq təcrübədə səhmlər investisiya baxımından daha cəlbedici alət hesab edilir.

"Səhmlərin üstünlüyü ondadır ki, onların alqı-satqısı daha çevik həyata keçirilə bilir. Əgər birja mexanizmindən daha geniş istifadə olunsa, düşünürəm ki, bu qanun layihəsi daha da güclənər".
 

Sizə yeni x var
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ