Modern.az

Mərkəzi Bankın müəyyən edəcəyi investisiya limitləri açıqlanmalıdır - deputat

Mərkəzi Bankın müəyyən edəcəyi investisiya limitləri açıqlanmalıdır - deputat

İqtisadiyyat

Bu gün, 15:06

Kraudfandinq qanun layihəsində bəzi müddəaların yenidən nəzərdən keçirilməlidir. 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, qanun layihəsi innovasiya əsaslı inkişaf modelinin formalaşdırılması, kiçik və orta sahibkarlığın, startapların və regional inkişafın dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, Avropa İttifaqı ölkələrində və digər dövlətlərdə kraudfandinq sahəsində investisiya məbləğləri və layihələr üzrə müəyyən limitlər tətbiq olunur. Əli Məsimli hesab edir ki, Azərbaycanda da bu məsələyə aydınlıq gətirilməlidir.

Deputat layihədə nağdsız ödənişlərlə bağlı tələblərin həddindən artıq sərt olduğunu bildirib.

"Digər ölkələrdə də nağdsız ödənişlər üstünlük təşkil edir. Amma hesab edirəm ki, bu qanun layihəsində ifrat nağdsızlaşma hiss olunur. Bu isə qanunun dolğun şəkildə reallaşmasına mane ola bilər və bəzi investorları prosesdən çəkindirə bilər".

Əli Məsimli vergi məsələlərinə də toxunaraq qeyd edib ki, qanun layihəsində müəyyən güzəştlər nəzərdə tutulsa da, bu sahə üçün ayrıca vergi rejiminin yaradılması daha məqsədəuyğun olardı.

"Mən hesab edirəm ki, bu yeni, faktiki olaraq sıfırdan formalaşan sahə olduğuna görə, burada spesifik vergi rejimi hazırlanmalıdır. Bu, mövcud güzəştlərlə yanaşı ayrıca mexanizm kimi tətbiq oluna bilər".

Deputat, həmçinin operatorların fəaliyyətinə xitam verilməsi ilə bağlı bəzi müddəaların da sərt olduğunu bildirib. Onun fikrincə, hesabatların vaxtında təqdim edilməməsinə görə sanksiya tətbiq edilməzdən əvvəl xəbərdarlıq mexanizmi nəzərdə tutulmalıdır.

Əli Məsimli vurğulayıb ki, qanun layihəsi ümumilikdə müasir yanaşmaya əsaslanır və beynəlxalq təcrübədən faydalanılıb. Bununla yanaşı, sənədin Azərbaycan reallıqlarına uyğunlaşdırılması və investorlara mane ola biləcək risklərin minimuma endirilməsi üçün bəzi müddəaların təkmilləşdirilməsinə ehtiyac var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ