2026-cı ilin birinci yarısında sahibkarların iştirakı ilə 50-dən çox sahəvi görüş və maarifləndirmə tədbiri təşkil olunub. Bu tədbirlərdə ümumilikdə 1500-ə yaxın biznes subyekti iştirak edib.
Modern.az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təşkil olunmuş tədbirlər çərçivəsində sahibkarlar biznes sahəsində yeniliklər, qanunvericilik və dövlətin dəstək alətləri barədə məlumatlandırılıb. Həmçinin onların təklifləri və qarşılaşdıqları məsələlər müvafiq qurumların iştirakı ilə müzakirə edilib.
Məlumata görə, sahəvi görüşlər və maarifləndirmə tədbirləri iyul ayında da davam etdiriləcək. Bu ay görüşlər onlayn və oflayn formatda olmaqla Bakı şəhərində, Balakən, Salyan, Oğuz, Goranboy, Qusar, Ağdam rayonlarında və Naxçıvan Muxtar Respublikasının Babək rayonunda keçiriləcək.
Görüşlər əsasən KOB-ların kapital bazarlarına çıxış imkanları, arıçılıq, akvakultura, kənd təsərrüfatı, aqrar sahədə innovasiyalar, süd və süd məhsullarının istehsalı, yaşıl iqtisadiyyat, heyvandarlıq və turizm sahələrində mövcud vəziyyət, inkişaf perspektivləri və çağırışlara həsr olunacaq.
Bildirilib ki, iyul ayında biznesin rəqəmsallaşdırılması və innovativ həllər mövzusunda görüşlər onlayn formatda olmaqla ölkənin bütün regionlarında təşkil ediləcək.
Sahibkarlar iyul ayında keçiriləcək sahəvi görüşlər və maarifləndirmə tədbirləri barədə ətraflı məlumatla müvafiq link vasitəsilə tanış ola bilərlər.