Ölüm həyatın sonu deyil. Bəzi insanlar ölür, bəziləri isə dünyasını dəyişir. Yerdəki doğmalarının yanından, göy kəhkəşanındakı doğmaların yanına uçurlar. Cismləri yerdə torpağa çevrilir ki, vətənin torpağı bir az da çoxalsın. Belə insanların ruhları isə bilgələr, ulular, pirilər yanında olur. Əşrəf Veysəlli Tanrıya salam apara bilən şair idi.
Türk dünyasının və könlümüzün böyük şairi, ustadımız, şəhərimizin ağsaqqalı Əşrəf Veysəlli ilə bir neçə saatlıq söhbətim 23-cü ilin qışında olmuşdu. Ömrünün 85 yaşına yazı yazmaq istəyirdim. Söhbətimiz də çox maraqlı alınmışdı.
O vaxt ondan soruşmuşdum ki, darıxırsınızmı? Belə cavab vermişdi:
Aida, mənim bu şəhərdə tanıdıqlarımın əksəriyyəti torpağın altındadır. Onlar üçün darıxıram. Onlar mənim doğmalarım, dostlarım idilər:
“Ağır günlər yağır edib çiynimi,
Yaxınlarım, doğmalarım bəs hanı?
Necə tapım Səyavuşu, Feyzini,
Hardan alım Ağəddini, Kamranı?”.
İyunun 5-i günüün günorta vaxtı Əşrəf müəllimin dünyasını dəyişdiyi xəbərini eşitdik. Xəbər ildırım kimi məni də vurdu. İki əsrin böyük şairi Əşrəf Veysəlli şairlər günündə dünyasını dəyişmişdi:
Şairlər günündə dünyadan köçüb,
Tanrı dərgahına ucladı Əşrəf!
Əşrəf müəllim ürəyimizin istisi idi. Ərk edə biləcəyimiz, mehr-məhəbbət gördüyümüz bilgəmiz, böyüyümüz idi. Onunla müsahibəmin adını “Bizim dünyamızın ƏŞRƏFİ...” adlandırmışdım.
Əşrəf müəllim ləyaqətli, mərifətli, ədəbli türk KİŞİSİ idi. Sumqayıtdakı Əli Kərim adına Poeziya evində şairlə son görüşə gələnlərin izdihamı da onun nə qədər böyük hörmətə-izzətə sahib olduğunu göstərdi. Rəhmətlik atam deyərdi ki, (Əşrəf müəllimlə dost idilər) Tanrı insana ölümün də şərəflisini qismət eləsin.
Əşrəf müəllimin Şərəf ordeni olmasa da, ömrünü şərəflə, kişi kimi yaşadı. Oğlu Şahin atasını son mənzilə yola salanda etdiyi çıxışında dediyi kimi: “Atam kişi kimi yaşadı, kişi kimi öldü”.
Bu insan selini və izdihamını görəndə Əşrəf müəllimin məqamına həsəd apardım. Cənazəni xalq alqışlarla yola saldı. Sağlığında da belə idi: harada şerini oxusaydı, ona ünvanlanan alqışlar bitmirdi.
Bu dunyanın bəxtli və şanslı insanı idi Əşrəf kişi. Tanrı söz süfərsində ona ən gözəl sözləri deməyi bəxş etdmişdi. Hər sətri, hər bəndi bal idi, şəkər idi, bulaq suyu kimi dumduru idi. Onun kədərini də adam öz kədri bilirdi, dərdini də, çəkdiyi Vətən həsrətini də... Şerlərinin birində ürəyini dərd muzeyi adlıandırmışdı:
Gün düşər,qarı əriməz,
Quzeydi mənim ürəyim.
Kaş bir az da bu dərdlərə
Dözəydi mənim ürəyim.
Yup-yumşaqdı ipək kimi,
Kövrəkdi kəpənək kimi.
Bir zamanlar çiçək kimi
Təzəydi mənim ürəyim.
Təbdən-təbə düşə-düşə,
Ağlamaqdır indi peşəm.
Dərddən sərgi düzəltmişəm,
Muzeydi mənim ürəyim.

Tanrı Əşrəf Veysəllini o qədər xoş görürdü ki, dualarıını eşidib, onunun ömrünü uztadı ki, doğma yurdu Füzulinin azad olmasını görsün. Torpaqlarımız azad olandan sonra bülbül kimi cəhcəh vurdu. Yazdı ki...
Qisas qiyamətə qalmadı!— Şükür!
Hayıma hay verdi Şuşa qalası.
Zəfər bağlarının meyvələrindən
Nə gözəl pay verdi Şuşa qalası.
Şairlər Tanrıyla yoldaşlıq edə bilirlər. Ən gözəl yazılan duyğular və şerlər məgər Tanrı pıçıltısı deyil?! Belə olmasa o yazdıqlarını haradan alarlar. Və deyəsən ömrünün sonuncu dayanacağında olduğunu hiss etdmişdi. Aprel ayında fb səhifəsindən belə bir şer oxudum:
Mən də ayrılaram Kürdən,Arazdan,
Ömrün zirvəsindən enib gedərəm.
Yerüstü qatardan düşüb bir azdan,
Yeraltı qatara minib gedərəm…
Yuya bilərəmmi günahlarımı,
Görən çoxmu çəkər bu səfər, bu yol.
Bir səs “ cırmaqlayar”qulaqlarımı:
“Qapılar bağlanır, ehtiyatlı ol”
Bu dunyadakı qapıları bağlansa da, Tanrı dərgahında onun üçün açılan qapılardan girəndə sevindiyinə əminənm. O gülümsəyən gözləri bilirəm ki, işım-işım parıldyacaq.

Tanrı dərgahında, göylər kəhkəşanında yeni mənzilin qutlu olsun, məqamın mübarək olsun şair. Bundan sonra cimin torpağa qarışdı ki, sünbüldə dən, laləlinin köksündə xal olsun. Ruhun isə hər zaman sevdiklərinin başına dolanacaq, Vətənin başına dolanacaq. Özün yazmışdın ki:
Qarış bu torpağa diril dən kimi,
Hörük sünbüllərə hörül dən kimi.
Dirilləm hər sözü dirildən kimi,
Yaxşı ki sən məni şair yaratdın!
Gül kimi bitiridin daşda bu ömrü,
Tapşırdın bir dəli eşqə bu ömrü,
Yaşaya bilməzdim başqa bir ömrü,
Yaxşı ki sən məni şair yaratdın!
Görüşmək ümidi ilə, Aida Eyvazlı Göytürk