Modern.az

Millət vəkillərindən xahişim(iz): Rəşadət Ağayevə "yox" deyin!

 Millət vəkillərindən xahişim(iz): Rəşadət Ağayevə "yox" deyin!

28 Aprel 2016, 22:28

 

Səhv etmirəmsə, sabah Milli Məclisin (MM) növbəti plenar iclasında bır sıra hakimlərin yerlərinin dəyişdirilməsi ilə bağlı məsələyə, təqdimata baxılacaq. Qeyd edim ki, bu məsələ parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında da müzakirə və plenar iclasa tövsiyə olunub. İnanın, əlimdə əlacım olsaydı, həmin iclasda var-gücümlə hayqırardım, qışqırardım, etirazımı bildirərdim...

Çünki yerləri dəyişdirilən həmin hakimlər arasında Ali Məhkəmənin hakimi Rəşadət Ağayevin də adı var...

Onun Şirvan Şəhər Məhkəməsinin hakimi təyin olunması ilə bağlı təqdimat ortadadır. Deyə bilərsiniz ki, nə olsun, burada nə var ki?

O var, daha doğrusu, bu,  həmin Rəşadət Ağayevdir ki, ədaləti şəxsi maraqları naminə ayaqlar altına ataraq, ötən ilin noyabr ayının 2-də əvvəlcə mərhum atamın, sonra isə tam qanuni əsaslarla və müvafiq dövlət sənədləri ilə  anamın adına olan icarə torpağımızın (müddəti 2004-dən 2019-cu ilə qədərdir və ondan sonra da ilk növbədə bizə təklif olunmalıdır) Əbülfət və Əlövsət Musayev qardaşları tərəfindən 2014-cü ilin yayından zəbt edilməsi ilə bağlı 4 məhkəmə qərarının, qətnaməsinin, qərardadının olmasını nəzərə almayaraq, çox haqsız, ədalətsiz və Allahsız qərar verdi. Prosesdə iştirak edən vəkilimizin bütün əsaslandırmalarına, ortada olan qanuni məhkəmə və dövlət sənədlərinə yalnız "gülümsəməklə" reaksiya verən, heç bir irad tutmayan- çünki irad tutulacaq məsələ də yox idi - Rəşadət Ağayev bizim yox, torpağımızı zəbt edən, pulunun, qolunun zorunun hesabına hər kəsi ələ alan iki qardaşın xeyrinə qərar verdi və yenidən bizi yollara, məhkəmə qapılarına saldı..

Təbii ki, Musayev qardaşlarının "səxavəti" və onların məhkəmə sistemində işləyən bir nəfər yaxın (xanım) qohumunun sayəsində...  

Ümumiyyətlə, Rəşadət Ağayevin necə hakim olduğuna da tək mən, ailəm deyil, həmçinin,  millət vəkillərinin bir çoxu da şahiddir... Bilirlər ki...  

3 ildir haqlı ola-ola haqsız durumuna düşmüşük, yollarda qalmışıq...Qarşıdan yeni məhkəmə prosesi gəlir və ümumiyyətlə, haçan bu proses sonuclanacaq bilinmir...Məhkəmə "karuseli" bütün əsəblərimizi tarıma çəkib...  

Yeri gəlmişkən, iki il öncə bizimlə bağlı müsbət qərar, daha doğrusu, haqlı, qanuni qətnamə çıxaran Goranboy Rayon Məhkəməsinin hakimi Sirzad Hüseynov da "əməllərinə" görə Rəşadət Ağayevdən geri qalmır... Əksinə, qanunsuzluqda, qanunlara tüpürməkdə ondan da daha irəli gedir, bir neçə gün öncə  (iki il əvvəl) çıxardığı qətnaməni ləğv edən məhkəmə qərarı qəbul edir...Məhkəmə tarixində özü-özünün əleyhinə qərar qəbul edən ikinci bir hakimə  rast gəlmək yəqin ki, çox çətindir. İndi bu haqda geniş danışmaq istəmirəm, zamanını gözləyirəm. Sadəcə, bu statusu yazmaqda məqsədim millət vəkillərinin diqqətini artıq 3-cü ilinə  keçən haqsızlığa, qanunsuzluğa cəlb etməkdir. Onu da deyim ki, millət vəkillərinin (keçmişli-indikili) böyük əksəriyyəti məni yaxşı tanıyır, düz 28 ildir mətbuatdayam, 20 ildir parlament müxbiriyəm, ötən il cənab Prezident tərəfindən "Tərəqqi" medalına layiq görülmişəm və  bilirlər ki, kiminləsə işim, şəxsi ədavətim olmayıb, vicdanımı heç zaman satmamışam, kiminsə oyununa getməmişəm, hər zaman dövlətimin, millətimin yanında olmuşam, gündə bir sifətə düşənlərdən, partiya, firqə dəyişənlərdən, başının üstündə Allahını unudanlardan olmamışam, halal zəhmətimlə dolanmışam.  

4 ildir ki, beyin qansızmasından, xəstəlikdən əziyyət çəkən  xəstə anaya baxıram, 3  azyaşlı övladım var, yoldaşım analıq məzuniyyəti ilə əlaqədar olaraq bir ildir ki,  işləmir, ailədə yeganə işləyən mənəm, təkbaşına ailəmə baxıram, kreditlərin içində boğuluram, Qobu kimi sözün əsl mənasında fəlakət bir yerdə yaşayıram...İndi bunlar azmış kimi, 3 ildir ki, qanun haqqımızı bərpa edə bilmirik, varımız-yoxumuz məhkəmə yollarında tökülüb...Ona görə millət vəkillərindən  xahişim budur ki, plenar iclasda Rəşadət Ağayevin təqdimatına müsbət münasibət bildirməsinlər, ona səs verməsinlər, haqq və ədalət naminə bizə, ailəmə mənəvi dəstək nümayiş etdirsinlər. Bu, elə bilirəm ki,  həm də ədalət keşikçisi olmaqdan savayı hər şeylə məşğul olan digər hakimlərə ibrəti-aləm, dərs olar.  

Dəstəyinizi əsirgəməyin, əziz və dəyərli millət vəkilləri, ümidim, ümidimiz Sizlərədir!  

Kamil Həmzəoğlu (Həmidov)

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır