Modern.az

Paytaxtda “İslamda mədəniyyət və gözəllik amili” adlı konfrans keçirilir

Paytaxtda “İslamda mədəniyyət və gözəllik amili” adlı konfrans keçirilir

9 Noyabr 2009, 15:47

Noyabrın 9-da “Bakı İslam mədəniyyətinin paytaxtı-2009” mədəniyyət ili çərçivəsində Azərbaycan Milli Elimlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində “İslamda mədəniyyət və gözəllik amili” mövzusunda beynəlxalq elmi-praktiki konfrans işə başlayıb.   Mədəniyyət və Turizm Nazirliyi və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 9 ölkənin (Rusiya, Misir, Albaniya, İordaniya, Türkiyə, Macarıstan və s.) 15 elmi-tədqiqat və ali təhsil müəssisələrinin nümayəndələri iştirak edirlər. Konfransı giriş sözü ilə açan mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, Bakının 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilməsindən sonra Azərbaycanda biri-birindən maraqlı onlarla beynəlxalq tədbir təşkil olunub. İslam dünyası və Avropanın mədəniyyət xadimlərinin qatıldıqları bu tədbirlərdə xalqlar arasında elm və mədəniyyət sahələrində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə edilib. Bu konfranslarda Azərbaycanın İslam sivilizasiyasına töhfələri təbliğ olunub və ölkəmiz özünü ev sahibi kimi doğruldub. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın səyi və təşəbbüsu ilə mədəniyyətimizin, musiqimizin təbliği istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətindən danışan S.Məmmədəliyeva deyib ki, Azərbaycanın birinci xanımının fəaliyyyəti nəticəsində mədəni irsin qorunması istiqamətində mühüm uğurlar əldə olunub. AMEA-nın prezidenti, akademik Mahmud Kərimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, Rusiya Federasiyası Nijni Novqorod İslam İnstitutunun rektoru Dəmir Muxətdinov, Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Nadejda Yemelyanova və Türkiyənin Mərmərə Universitinin nümayəndəsi Rəcəb Qaradağ tədbirdə çıxış edərək bildiriblər ki, yarandığı ilk dövrdən böyük bir coğrafi ərazidə yayılmağa başlamış İslam dini bu gün bir milyarddan artıq insanın ortaq dəyərinə və mədəni sərvətinə çevrilib. Zaman keçdikcə İslamın prinsip və dəyərləri bu dini qəbul etmiş xalqların mədəniyyətinin dərinliklərinə qədər işləyib, onların tarixində silinməz izlər qoyub. Həmin xalqlar və cəmiyyətlər üçün təkcə din yox, həm də mədəniyyət olan İslam bu gün onların mövcudluğunu şərtləndirən və təsdiqləyən fakta çevrilib. Çıxış edənlər bildiriblər ki, regionda tarixən dözümlülük mühitinin formalaşmasında İslam dini mühüm əhəmiyyət kəsb edir. Çünki mərhəmət, sevgi, gözəllik və əxlaq dini olan İslamda tolerantliq ali mənəvi dəyər və yüksək mədəniyyət kimi qiymətləndirilir. Bu baxımdan əsrlər boyu regionda dinc və ayrı-seçkiliyə məruz qalmadan, müsəlmanlarla yanaşı yaşayan digər dinlərin daşıyıcıları buna görə həm də İslama – bu dinə xas olan yüksək dözümlülük mədəniyyətinə minnətdar olmalıdırlar. Tədbirə noyabrın 10-da yekun vurulacaq.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?