Arxiv
4 Oktyabr 2017, 11:14 | ƏDƏBİYYAT
Müasirimiz - İlyas Əfəndiyev

Azərbaycan oxucuları, ədəbiyyatşünaslığı, ədəbi tənqidi xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığına daim müraciət edəcəklər. Çünki böyük ədibin yaradıcılığı nəinki özünün yaşadığı dövrün ictimai, siyasi, sosial, mədəni, mənəvi problemlərini daim diqqətlə saxlayırdı, həm də xeyli hallarda psixoloji gərilmələr və kataklizmlərlə müşayiət olunan məsələlərə yeni ideya-axtarış istiqamətlərində fərqli rakurslardan münasibət sərgiləyirdi. Məhz bu keyfiyyətinə görə onun yaradıcılığının müasirlik düşüncəsində daim yer alacağı şübhə doğurmur. 


İlyas Əfəndiyevin əbədi dünyaya köçməsindən iyirmi bir il keçir. Az qala ölümündən əsrin dörddə birinə yaxın müddət keçməsinə baxmayaraq, böyük nasir, orijinal dramaturqun yeri daha çox görünməkdədir.


İlyas Əfəndiyev ədəbiyyata XX əsrin 40-cı illərində hekayə və povestləri ilə gəldi. Lakin o, heç də hekayə və povest janrının verdiyi bədii-estetik imkanlar daxilində qalmadı. Tezliklə daha müxtəsər, hədəfə dəyən, konfliktlərlə və gəlirmələrlə zəngin olan, bədii gedişlərinin istiqaməti bilinməyən, psixoloji sarsıntılar yaradan dram janrına müraciət etdi. “İşıqlı yollar” (1954), “Bahar suları” (1948), “Atayevlər ailəsi” (1954), “Sən həmişə mənimləsən” (1964), “Mənim günahım” (1967), “Məhv olmuş gündəliklər” (1970), “Mahnı dağlarda qaldı” (1971),   “Xurşudbanu Natavan” (1980), “Şeyx Xiyabini” (1986), “Bizim qəribə taleyimiz”  (1988), “Sevgililərinin cəhənnəmdə vüsalı” (1989),  “Hökmdar və qızı” (1994) və s. kimi maraqlı əsərlər qələmə aldı ki, onlar neçə illər Azərbaycan səhnəsinin bəzəyi oldu. Tamaşaçılar İ.Əfəndiyevin əsərlərinin nə zaman səhnəyə çıxacağını səbirsizliklə gözlədilər. Bəziləri onun dramlarına ardıcıl olaraq bir neçə dəfə baxmağa gəldilər. Hər halda 70-80-ci illər Azərbaycan teatrlarının repertuarı məhz İlyas Əfəndiyev yaradıcılığı ilə zənginləşir, özünə çoxsaylı pərəstişkar toplayırdı.


Bədii ədəbiyyatda çox nadir təfəkkür sahibləri olur ki, onlar həm dram, həm də nəsr yaradıcılığında eyni dərəcədə uğur qazana bilsin. İlyas Əfəndiyev məhz belə uğur qazanmış qələm sahiblərindəndir. Əgər Azərbaycan tamaşaçısı İ.Əfəndiyevin dramlarına səhnədən, yaxud televizyadan tamaşa edirdisə, oxucular bu istəyi, bu şövqü onun nəsr əsərlərini mütaliə etməklə ödəyirdilər. Buna görə də İlyas Əfəndiyev dramaturgiyası Azərbaycan səhnə sənətinin püxtələşməsində mühüm rol oynayırdı. Yadımdadır ki, 60-cı illərdə İ.Əfəndiyevin “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost” kimi nəsr əsərləri oxucular əlbəəl oxuyur, yaxud bu əsərləri oxuyanlar biri digərlərinə danışır və əsər ətrafında müzakirələr aparırdılar.


Yəqin elə yaradıcılığının belə qeyri-adi cəhətləri həm ədəbi cameənin lap zirvəsində qərar tutmuş yazıçı və şairlərimizi (B.Bayramov, İ.Şıxlı, Ə.Cəfərzadə, B.Vahabzadə, Ə.Vəliyev, X.R.Ulutürk və başqaları), həm tənqidçiləri (M.Cəfər, Ə.Sultanlı, Ə.Ağayev, A.Zamanov, Ə.Hüseynov, B.Nəbiyev, Y.Qarayev, G.Əlibəyli və başqaları), həm  teatrşünasları və teatr xadimlərini (İ.Kərimov, İ.Rəhimli, M.Əlizadə və başqaları), həm də son dövrlər ədəbi tənqidinin nümayəndələri V.Quliyev, N.Şəmsizadə, Ş.Alışanlı, V.Yusifli və bir sıralarının nəzəri düşüncəsini yetərincə məşğul etmişdi. Yaxud onun haqqında monoqrafik araşdırmalar aparan Y.Seyidov, Y.İsmayılov, Ə.Əfəndiyev və başqaları öz mülahizələrində İlyas Əfəndiyevin Azərbaycan incəsənətinin, səhnə mədəniyyətinin formalaşmasında və xalqımızın mənəvi məfkurəsinin, estetik baxışlarının cilalanmasında yerini ön plana çəkmişdilər. İlyas Əfəndiyevin əsərləri haqqında nə qədər yazılırsa, yenə də bizim bu sahədəki tələblərimiz ödənilməmiş qalır. Sanki İ.Əfəndiyev yaradıcılığı hər dəfə yeni izah, yeni yanaşma, yeni interpretasiya tələb edir.


İlyas Əfəndiyev yaradıcılığının unikallığı onun bədii nailiyyətlərinin təkrarsızlığı teatr səhnəsinin yeni zirvəyə çatmasında özünəməxsus  əhəmiyyət kəsb etdi. Buna  görə də onun öz fərdi üslubunu yaratmış sənətkar olduğunu Azərbaycan Prezidenti İlham Əliyev xüsusilə vurğulamışdır.


İlyas Əfəndiyevin yaradıcılığının ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, o, yaşayıb yaratdığı mühitdə statik müşahidələr aparmaqla məşğul deyildi. Onu ictimai-siyasi mühitin təzadları daha çox maraqlandırırdı. Belə olduğu təqdirdə müəllif müraciət etdiyi mövzunun elə tərəflərinə nüfuz etməyi bacarırdı ki, onlar ictimaiyyət arasında böyük rezonansa səbəb olmaqla, onun vitruoz dramaturq və nasir olduğu göz önündə dayanırdı. Ədəbi şəxsiyyətinə nəzər saldığımız yazıçı – dramaturqun yaradıcılığının üstünlüyü bir də ondadır ki, o, tarixi-ictimai, sosial-siyasi, ailə-məişət, fəlsəfi-psixoloji və mədəni-mənəvi problemləri diqqət mərkəzinə qoyarkən bu məsələləri çeynənmiş, ona qədər qabardılmış bədii üsullar, vasitələr və priyomlarla həll etmir, onlara həyat materialının özünün verdiyi imkanlar prizmasından yanaşmaqla, öz fərdi yazıçı idealını və problemə münasibətini sərgiləyirdi.


İlyas Əfəndiyevin istər nəsr, istərsə də dram əsərlərində biz çoxsaylı koloritli obrazlar qalereyası ilə tanış oluruq. Ədibin diqqət mərkəzinə qoyduğu problemlərin mahiyyətini dərindən bilmədən bu obrazların həmin əsərlərdə daşıdığı nə bədii-estetik yükü, nə də yönü müəyyənləşdirmək səmərəli olmazdı. İ.Əfəndiyevin koloritli obrazları istər müsbət, istərsə də mənfi tiplər olsun, əsla fərq etməz. Onun üçün başlıcası obrazın bədii dramatik keyfiyyəti vacib məsələ idi. Belə yanaşma müəllif üçün istər tarixi mövzularda qələmə alınmış dram əsərlərində (“Xurşudbunu Natavan”, “Şeyx Xiyabani”, “Hökmdar və qızı”), istərsə də lirik-psixoloji səpkidə ortaya qoyulmuş (“Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Məhv olmuş gündəliklər”) yetərincə relyeflidir. Çünki bu əsərlərin hamısında İlyas Əfəndiyev yaddaşlara həkk olunan kolliziyalar yaratma ustası kimi gözələrimiz önündə canlanmaqdadır.


Yadımdadır ki, İ.Əfəndiyevin dövrün sosial – psixoloji ovqatını yaradan “Atayevlər ailəsi” həmin dövrdə (həm də sonralar) öz aktuallığı, dil-üslub xüsusiyyətləri ilə dramaturgiyamızın inkişafında yeni mərhələlənin mənzərəsini yaradırdı. Burada tamaşaçı diqqətini ailə-məişət zəminində yaranmış dramatizm daha çox cəlb edirdi və əsər müəllifin həmin dövrdə hadisə və obrazlara yanaşması, insan psixologiyasının dərinliklərinə nüfuz etməsi tamamilə fərqli rakursda ortaya çıxması ilə maraq kəsb edirdi. Onun dramlarında C.Cabbarlı ənənələrindən yararlanma da İlyas müəllimin klassikadan ustalıqla bəhrələnməsinin göstəricisi kimi diqqət çəkəndir. Dram janrına, onun zəruri elementlərinə məsuliyyət və istedadla yanaşma İ.Əfəndiyevi XX əsrin 60-80-ci illərində dramaturgiyamızın öncüllərinə çevirdi. Və belə öncül mövqedə qərar tutma, səhnə mədəniyyətinə verdiyi xidmətlər ədibin yaradıcılığını daha da populyarlaşdırdı. Məlum olduğu kimi, dünya mədəniyyətində az sənətkarlar vardır ki, onların soyadı birbaşa “teatr” məfhumu ilə assosiasiya olunur. Məsələn, Brext teatrı, Şekspir teatrı, Kornel teatrı, Molyer teatrı, Ostrovski teatrı, Çexov teatrı, Qorki teatrı və s.


Azərbaycanda M.F.Axundzadə, C.Cabbarlı və, təbii ki, bir də İ.Əfəndiyev teatrından söhbət açmaq olar. İ.Əfəndiyevin dram əsərləri uzun illər ərzində Azərbaycan səhnəsində öz çoxsaylı tamaşaçı auditoriyası pərəstişkarlarını toplamışdı. İ.Əfəndiyevin dram əsərləri neçə-neçə teatr rejissorlarının, aktyor və aktrisaların sənətdə püxtələşməsində əvəzsiz rol oynamış, yeni xarakterlərin, obrazların, tiplərin yaradılmasında əhəmiyyətli mövqe qazanmışdır. Əlbəttə, bu baxımdan “İlyas Əfəndiyev dramaturgiyasının Azərbaycan səhnə mədəniyyətinin inkişafında və formalaşmasında rolu” mövzusunda çoxsaylı tədqiqatların və monoqrafik araşdırmalrın aparılmasına ədəbiyyatşünaslığımızda və mədəniyyətşünaslığımızda ciddi ehtiyac duyulmaqdadır.


Səhnə, teatr üçün yazdığı əsərlərində olduğu kimi, İlyas Əfəndiyevin nəsr əsərlərindən də el-oba qoxusu, milli heysiyyat, etnik təfəkkür və təəssübkeşlik təravəti hiss olunmaqdadır. Buna görə də əsərlərinin milliliyi ilk növbdə onun “mən”lik şüurunun göstəricidir. O, bütün yazdıqlarında məhz bu danılmaz hisslərin daşıyıcısı kimi çıxış edir. Bəzi nəsr əsərlərinin janr diferensiasiyası indiyə qədər dürüst müəyyənləşdirilməsə də (“Geriyə baxma, qoca”, “Üçatılan” – onlar bəzən povest kimi də nəzərdən keçirilir), onların hamısı bütün hallarda kamil sənət nümunələri kimi təqdim olunmadadır. 50 ildən artıq bədii-dramaturji yaradıcılıqla məşğul olmuş İ.Əfəndiyevin hekayələri, xatirələri, povestləri, romanları “Kənddən məktublar”, “Aydınlıq gecələr”, “Torpağın sahibi”, “Qaçaq Süleymanın ölümü”, “Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı”, “Söyüdlü arx”, “Körpüsalanlar”, “ Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan” və s. kimi əsərləri öz orijinal və mühüm keyfiyyətləri ilə nəsrimizin məzmun, mövzu, ideya, problematika, xarakter, tip və obrazlar baxımından yetkinləşməsində əvəzsiz mövqe qazanmışdır. Bununla belə bütün hallarda İlyas Əfəndiyev nəsri, İlyas Əfəndiyev dramaturgiyası ilə ciddi qarşılıqlı və ayrılmaz vəhdətdədir. Ədibin nəsr və dram yaradıcılığında yer almış əsərlərinin adına nəzər salmaq kifayət edər ki, bu nümunələrdə nəyin doninanta olacağı barədə düşünəsən, onların məzmunu ilə bağlı özünəməxsus fikirlər yürüdəsən. Məsələn, “Sarıköynəklə Valehin nağılı” milli zəmindən o qədər qidalanmışdı və su içmişdi ki, (yeri gəlmişkən bu cəhət İ.Əfəndiyevin digər əsərlərinin də kifayət qədər üstün keyfiyyəti idi), roman oxucular, ədəbi tənqid tərəfindən hərarətlə qarşılansa da, sovet ideologiyasının başlıca ünsürlərini özündə əks etdirmədiyindən partiya funksionerlərinin rəğbətini qazanmamışdı. Lakin o vaxtkı Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev məsələyə müdaxilə etdikdən sonra əsərlə bağlı mənfi emosiyalara və söz-söhbətlərə son qoyulmuşdu. Yada salaq ki, belə kuryoz, belə oyun  heç də yalnız “Sarıköynəklə Valehin nağılı”nın başına gəlməmişdi. Məsələn, onun “Unuda bilmirəm” əsərində də “millətçilk” damğası “görürdülər”. Bütün bunlara baxmayaraq, zaman ictimai-siyasi, mədəni-mənəvi proseslər yeni məcraya yönəldikdə İlyas Əfəndiyevin yanılmadığını, onun doğru-dürüst xalq təəsübkeşliyi platformasında dayandığını sübut etdi. Çünki İ.Əfəndiyev yaradıcılığı bütün hallarda konyukturadan uzaq olub, dövrün həqiqətlərini (əyintilərini) əks etdirən bədii nümunələr kimi dəyərli idi. Çünki İlyas Əfəndiyev təkcə yaşadığı dövrlə nəfəs almır, onu dəyərləndirmirdi. O, müasirliyi həssas yazıçılıq intuisiyası ilə duyub, gələcəyi düşüncəsində qurmağı bacaran, romantik münasibətlə realist həyat gerçəkliklərinin simbiozunu uğurla yarada bilən sənətkarlardan idi. Buna görə də İlyas Əfəndiyev öz dövrü ilə gələcəyi vahid  kontekstdə görüb, onlara öz fəhmi ilə baxış nümayiş etdirən yazıçılardan idi. Qeyd etdiklərimiz bir daha təsdiqləyir ki, İlyas Əfəndiyev yaradıcılığı çağdaş dövrümüzdə də öz aktuallığını qoruyub saxlamaqdadır. Onun əsərlərinə qayıdış daimi və qırılmaz prosesdir.           
        


Professor Nizami Tağısoy

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan millisi çempionata qələbə ilə başladı 23 Avqust 2019, 20:04 Azərbaycanda bu məhsulların qiymətləri ucuzlaşdı - SİYAHI   23 Avqust 2019, 20:00 DYP hava ilə bağlı sürücülərə müraciət etdi  23 Avqust 2019, 19:49 Müdafiə Nazirliyindən İsrail dronları ilə bağlı AÇIQLAMA 23 Avqust 2019, 19:35 Aprel şəhidlərinin ailələri mərhum pilot Rəşad Atakişiyevin ailəsini ziyarət  ediblər 23 Avqust 2019, 19:20 Qəbələdə meşə yanğınına daha bir helikopter cəlb olundu - Video 23 Avqust 2019, 19:10 ETSN-dən əhaliyə müraciət: “Meşələrimiz hər birimizin evidir, xahiş edirik onu yanğından qoruyun!” 23 Avqust 2019, 19:00 Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi yekunlaşdı     23 Avqust 2019, 18:51 "Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir” - Əli Əhmədov 23 Avqust 2019, 18:40 JuHİ araşdırmaçı jurnalistlər üçün “Təhlükəsiz tədqiqat” seminarı təşkil edib - Foto 23 Avqust 2019, 18:30 “Nar+” ilə hesabınızı daha asan idarə edin!   23 Avqust 2019, 18:20 Azərbaycanın FIFA referisi Çempionlar Liqasının oyununa təyinat alıb 23 Avqust 2019, 18:11 İlham Əliyev Vladimir Zelenskini təbrik etdi 23 Avqust 2019, 17:59 İstirahət günlərinin HAVASI – Yağış yağacaq, şimşək çaxacaq 23 Avqust 2019, 17:43 Növbəti 3 gün üçün manatın məzənnəsi 23 Avqust 2019, 17:37 “Sərhədçilərimizin irəli çəkdiyi yeni mövqelərə qalxdıq” - Qarabağ veteranı Qazaxda gördüklərindən DANIŞDI 23 Avqust 2019, 17:35 Qəbələdəki yanğınlara helikopter və təyyarə cəlb edilib 23 Avqust 2019, 17:34 “Relaks”da vergi yoxlamaları dayandı? - İcra hakimiyyətindən AÇIQLAMA 23 Avqust 2019, 17:24 Siyavuş Novruzov Facebook-a gəldi: “Sosial mediada olmağa qərar verdim” 23 Avqust 2019, 17:15 Peşə məktəblərinə sənəd qəbulunun II turu keçiriləcək 23 Avqust 2019, 17:10 Bakıda 50 ədəd şam ağacı yandı 23 Avqust 2019, 16:57 ADU-ya qəbul olunan imkansız tələbə: “Heç ümidim yox idi...” - FOTO 23 Avqust 2019, 16:49 Dövlət Komitəsində Füzuli və Cəbrayılın işğalı günü anıldı 23 Avqust 2019, 16:46 “Gəncə işi”nə görə tutulanlardan biri azad olundu 23 Avqust 2019, 16:38 Putin Ərdoğanla İdlibi müzakirə etdi 23 Avqust 2019, 16:35 Sabah Fransada G7 sammiti başlayacaq 23 Avqust 2019, 16:31 Şəmkirdə 31 yaşlı kişi küçədə bıçaqlandı 23 Avqust 2019, 16:19 Sülhün Səfiri - Etibar Cəbrayıloğlu YAZIR 23 Avqust 2019, 16:10 Yol polisindən sürücülərə XƏBƏRDARLIQ - “Bu günlərdə səfərə çıxmayın!” 23 Avqust 2019, 16:05 Bir şəklin tarixçəsi: Qabil, Xəlil Rza, Tofiq Bayram “Sonuncu dərviş”in evində… 23 Avqust 2019, 15:50 Bəşəriyyəti Dünya müharibəsi ilə üzbəüz qoyan müqavilədən 80 il ötür - TARİX 23 Avqust 2019, 15:34 Azərbaycanlı hakim Çempionlar Liqasının oyunlarını idarə edəcək 23 Avqust 2019, 15:27 Azərbaycanın xarici dövlət borcu açıqlandı - 8 milyard 920 milyon  23 Avqust 2019, 14:53 Şəhid ailələrinin sosial məsələləri ictimailəşdirilib 23 Avqust 2019, 14:30 Ermənistanın öz adından qondarma “DQR”ə aid məktub yollaması ilk dəfə deyil - ŞƏRH 23 Avqust 2019, 14:23