Modern.az

Azərbaycanlı gəncin qlobal şəbəkəyə çıxacaq layihəsi  - MÜSAHİBƏ

Azərbaycanlı gəncin qlobal şəbəkəyə çıxacaq layihəsi  - MÜSAHİBƏ

8 Yanvar 2018, 11:08

Təhsil Nazirliyinin Elektron Təhsil Respublika Müsabiqəsində birinci yerə layiq görülmüş Azər Nemanlı Modern.az-a müsahibə verib. Azər maraqlı bir start-up-la müsabiqədə qalib olub. Layihə insanların heç bir ödəniş etmədən öyrənmək istədiyi dili danışan başqa bir insanla onlayn olaraq öyrənə bilməsini təmin etməyi nəzərdə tutur. 

Bu platforma və Azərin gələcək hədəfləri barədə onun özü ilə söhbət etmişik.

 

- Azər, müasir texnologiyalara maraq nədən və nə vaxtdan yaranıb.

- Müasir texnologiyalara maraq uşaq yaşlarından yaranıb. İlk dəfə kompyuterlə 9 yaşımda tanış oldum. Əməliyyat sistemləri, proqram və oyunların hansı yolla yarandığı barədə ilkin məlumatlar məndə bu sahəyə maraq yaratdı. Bu çox həyəcanverici idi. Bu zaman proqramlaşdırmanın cazibəsinə qapıldım və bunu öyrənməyə başladım. Uşaq yaşlarında proqramlaşdırmanı öyrənmək mənə çox çətin görünürdü. Bunun səbəbi kifayət qədər çevrəmin olmaması və axtardığım dərsliklərin bizim dildə yoxluğu idi. Dzaynla məşğul olmağa başladım. O yaşlarda qurcalayaraq öyrənməyi üstün tutdum. Vaxt keçdi və dizayn sahəsində uğurlu başlanğıc etdim. Bir sıra layihələrdə könüllü olaraq UI dzayner kimi çalışdım və bu, mənə təcrübə oldu. Artıq 14 yaşımda keçmişdə yarımçıq qoyduğum işi, proqramlaşdırmanı öyrənmənin vaxtı çatmışdı. Bu sahədə artıq özümə çevrə qazanmışdım. Və istədiyim məlumatı asanlıqla tapa bilirdim. Çünki xarici dil səviyyəmi də təkmilləşdirmişdim. İşimi sevməyə başladım və ona daha çox vaxt sərf etdim. Artıq texnologiyaya bağlanmışdım. Mənə ailəm heç bir məhdudiyyət qoymurdu. Buna görə öz fikrimcə çox şanslı idim. Texnologiya mənə bir çox şey qazandırdı. Qazandığım qədər də itirdim. Təhsilimdə zəifləmələr baş verdi. Öyrəndiklərimi dəyərləndirməyə gəldikdə startap layihələr diqqətimi çəkdi. İlk başlarda uğursuz oldum. Ancaq ruhdan düşmədim, əksinə, bilirdim ki, nə qədər uğursuz olsam, o qədər uğursuzluqlardan dərs çıxarıb bir sonrakı işdə uğurlu olacağam. Yeni-yeni insanlar tanıdım və hər birindən bir şey öyrəndim.
İndi isə "Vooby" adlı layihəmin üzərində çalışıram. İnanıram ki, uğurlu alınacaq. İnam, əzm və tükənməyən motivasiya mənə bu uğuru qazandırır. Bəlkə də uğurun sirri elə budur.


- Səhv etmirəmsə hazırda tələbəsən. Hansı universitetdə təhsil alırsan?

Bəli, tələbəyəm. Azərbaycanın ilk özəl universitetlərindən biri olan Qərbi Kaspi Universitetinin Biznes Fakültəsinin 1-ci kursunda oxuyuram.

- Dərslər necə gedir? Universitet həyatına alışa bilirsənmi?

- Bəli, uyğunlaşıram. Dərslər də yaxşıdır, çalışıram öhdəsindən gələm. Daim öyrətməyə maraqlı olan, enerjili müəllimlərimiz var. Şanslıyıq və çalışırıq ki, bu fürsətdən istifadə edək. Universitetimizdə ən müasir texnologiyalar, qurğularla təchiz olunmuş laboratoriya və mərkəzlər var. Bu cür maddi-texniki baza, müəllim kollektivi və mühit bizi öyrənməyə təşviq edir. Universitet həyatına alışmaq elə də çətin olmadı, çünki dediyim kimi mühit çox yaxşıdır.


- Qalib olmuş startup-ın mahiyyəti nədir? Hansı üstünlükləri var?

- Layihənin mahiyyəti insanların heç bir ödəniş etmədən öyrənmək istədiyi dili danışan başqa bir insanla onlayn olaraq qarşılıqlı şəkildə dil öyrənə bilməsini təmin etməkdir. Bu ünsiyyət səsli və görüntülü olmaqla insanlara xidmət edir. Bununla yanaşı dil öyrənmək istəyənlər üçün böyük bir topluluqdur. Vooby topluluğu, öyrənmənizə kömək etmək üçün burada olan köməksevər insanlardan qurulmuşdur. Kömək etməyi gözləyən dostca, əyləncəli bir topluluğa sahibik! Əlavə olaraq platforma hər kəsə xitab edən dərsliklərə malikdir. Bu dərsliklər sayəsində yeni bir dil öyrənmə daha da asanlaşır. Birisi öyrəndiyi dildə hansısa cümlə və ya sözü bilmədikdə bunu başqalarından soruşa bilər. Sadəcə, öyrənmək istədiyini hesabında paylaşmağı kifayət edir. Əsas üstünlüklərimiz platformanın tam pulsuz şəkildə istifadəyə verilməsidir. Mobil tətbiqi yükləyərək heç bir çətinlik çəkmədən istifadə etmək mümkündür.

- Layihənin uğurlu realizəsi, qlobal miqyasda uğur qazanması üçün nələr etməyi planlaşdırırsan?

- Qlobal miqyasda uğur qazanmaq üçün başlıca edəcəklərimizdən birincisi istifadəçilərlə daimi əlaqədə olmaqdır. Platformanı müxtəlif dillərdə etməklə biz ayrı-ayrı dillərdə danışan insana platformadan rahatlıqla istifadə etmək imkanı veririk. Əsas məqsəd qlobal miqyasda olan rəqiblərdən üstün olmaqdır. Biz platformadan hər kəsə heç bir məbləğ ödəmədən istifadə imkanları yaradırıq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi