Modern.az

Novruz Məmmədov filmdəki rolu ilə cəmiyyətə hansı mesajlar verib? – MARAQLI

Novruz Məmmədov filmdəki rolu ilə cəmiyyətə hansı mesajlar verib? – MARAQLI

Mədəni̇yyət

21 Aprel 2018, 14:16

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədovun ölkənin yeni baş naziri vəzifəsinə namizədliyi təsdiqlənib.

 

Modern.az saytı “Kinomuzda “təsadüfi” məşhurlar” rubrikasında Novruz Məmmədovun da rol aldığı “Fransız” filmi barədə yazı hazırlayıb.

Novruz Məmmədovun gündəmi əhatə etdiyini nəzərə alaraq həmin yazını təqdim edirik.

 

Əvvəlki yazılarımızda hər hansı bir məşhur insan təsadüf nəticəsində çəkildiyi film haqqında ya özü danışır, ya da kim isə bu barədə xatirələrini dilə gətirirdi.

 

Bu yazıda isə bir deyil, iki təsadüfi məşhurun yer aldığı filmdən bəhs edəcəyik. Bu iki məşhurun çəkildiyi ekran əsəri isə 1995-ci ildə ekranlaşdırılan “Fransız” filmidir. Film Azərbaycan kinosunun 79-cu ildönümünə həsr olunub. 
“”Fransız”ın rejissoru xalq artisti, “Space” telekanalının hazırkı prezidenti Vaqif Mustafayevdir.

 

“Fransız ” filmi Əmir Pəhləvanın “ Əhlikeyf ” povestinin motivləri əsasında çəkilib. Böyük ictimai problemlərə həsr olunmuş film forma etibarilə bəzi yeniliklərlə yadda qalıb.

 

Film Avropadan qayıdandan sonra öz milli adət-ənənələrimizə yuxarıdan aşağı baxan həmvətənlərimiz haqqındadır. Əlibala (mərhum aktyor Fərman Şəkili) azərbaycanlı olduğunu danır, fransızca danışmağa başlayır. Onu yola gətirmək üçün hər üsula əl atırlar, amma bir xeyri olmur. Sonradan məlum olur ki, Əlibala hələ sünnət olunmayıb. Məcburi sünnət elədikdən sonra Əlibala çevrilib olur müsəlman, azərbaycanlı.

 

Filmdə aktyor qismində iştirak edən məşhurlardan biri tanınmış şair  İlyas Tapdıqdır. Şair elə filmdə də şair rolunu canlandırır. Qeyd etdiyimiz kimi, milliliyini, dilini danan Əlibalanı yola gətirməkdən ötrü hər vasitəyə əl atılır. Gah deputat gəlir, gah meyxanaçı, gah ifaçı. Hamısının da tənbeh hədəfi məhz “fransız Əlibala”dır.

 

İlyas Tapdıq da şair kimi obyektə gələrək dilini, özünü unudub hamıdan qaçıb çardaqda gizlənən Əlibalaya məsləhət verir. Şeir deyəndən sonra isə saz çalmağa başlayır.

 

Bu epizodun maraqlı tarixçəsi var. Bu barədə şairin özü danışır: “Mənim filmlərdə fəaliyyətim az olmayıb. Bir çox sənədli filmlərin çəkilişində iştirak etmişəm. Bir çoxunun ssenari müəllifi elə özüm olmuşam. Demək istəyirəm ki, kino mənə uzaq bir sahə deyil. “Fransız” filmində isə aktyor kimi çıxış etdim. Çox adam elə bilir ki, bu filmdə saz çalmağım üzə çıxıb. Amma mən uşaqlıqdan saz çalmışam.

Məni filmə dəvət edəndə heç bilmirdilər ki, saz çalmaq qabiliyyətim də var. Mən orada bir aktyor kimi sazı sadəcə əlimdə saxlamalı idim. Bilmədən başladım çalmağa. Gözəl bəstəkarımız Xəyyam Mirzəzadə də orada idi. Dedi ki, “sənin nə gözəl saz çalmağın var! Hansı havadı bu?” Dedim ki, “Qaraçı” havasıdı?

 

Dedi ki, “elə filmdə də çalıb-oxuya bilərsən?” Dedim, “hə, niyə çalmıram ki?” Uşaq vaxtı bəzi havaları aşıqlardan eşitmişdim, onlardan öyrənmişdim. Elə yadımda qalanı da oxudum”.

 

Filmdə iştirak edən hazırkı baş nazir Novruz Məmmədovdur. N.Məmmədov epizodik bir rolu ifa etsə də, film üçün bu obraz çox vacib və simvolikdir. Belə ki, o, filmdə Fransa səfirliyinin əməkdaşı kimi Parisin vurğunu olan, öz dilində deyil, fransız dilində danışan Əlibalaya Eyfel qülləsinin kiçik modelini təqdim edir. Rejissor bu epizodik rolla bir çox mühüm sosial mesajları göstərmiş olur. Bir tərəfdən özündən, milliliyindən uzaqlaşan azərbaycanlı, digər tərəfdən isə öz vətəninə sayğı göstərən əcnəbini mükafatlandıran fransız... 
Fransız dilində mükəmməl danışan Novruz Məmmədov rolun öhdəsindən uğurla gəlib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar