Arxiv
4 Fervral 2019, 00:26 | ƏDƏBİYYAT
Təbiətin sehrində

Azad Müzəffərli,
əməkdar jurnalist

(esse)

         

Ağlım qədərincə kəsməyə başlayandan bəri bu fikirdəyəm ki, həyatda adam balası adam kimi dəyişməz qalmaq istəyirsənsə, mütləq hər gün  insanlardan ən azı yarım saatlığa tamam aralanaraq təbiətlə qoşalaşmalısan. Yaş-yaş üstə gəldikcə bu qənaətim daha da qətiləşir.  Ayrılmaz parçası olduğumuz təbiətlə bütövləşməyi bacarmaq çox böyük üstünlükdür. Yaddan çıxarmamalısan ki, ulu təbiət ustadlar ustadıdır.

      
Təbii ki, qismətinə uca dağlar, sıldırım qayalar, ucsuz-bucaqsız çəmənliklər, göz oxşayan ümman düzənliklər, füsunkar şəlalələr, meşələr, göllər, çaylar, bumbuz bulaqlarla üzbəsurət olmaq imkanı düşənlərin xoşbəxtliyini yığıb-yığışdırmaqla qurtaran deyil. Təbiət ən şirin, ən sirli-sehrli dastandır, nağıldır. Hər gün dünyaya yenidən boylananda təbiətin təkrarsız simfoniyasına, həmçinin, ağlını belə əlindən alan, iç dünyanı yerindən oynadan çeşidbəçeşid nəğmələrinə qulaq kəsilmək fürsəti  ələdüşməzdir, əvəzsiz Tanrı payıdır. Di gəl, iri şəhərlərdən birində dünyaya göz açmısınsa, belə səadəti özün düzüb-qoşmaq məcburiyyətindəsən. Qanan üçün adicə bir kol da, beş-altı ağaclıq bağ da, kiçicik xudmani park da əzəmətdir. Hətta, bircəcik salxım söyüdlə baş-başa qalmaq sənə qismət olubsa, iç dünyan zəngindirsə, bu da yetərlidir. Xəzərin panoramını və ya buna bənzər mənzərələri seyr etmək isə dəyəri sözlə ölçüyəgəlməz imkandır. Əgər, qabında nəsə varsa, təbiətlə mütləq dil tapacaqsan, çoxlu mətləbləri əxz edəcəksən. Bunun üçün ilk növbədə onu dinləməyi bacarmağı öyrənmək lazımdır.  Sadəcə, saatlarla dinlə təbiəti, inan, dilin açılacaq, sənin də bölüşməyə kifayət qədər sözün olacaq.

   
İynəyarpaqlı ağaclarla göz-gözə olmaq da nadir fürsətdir, sözlə ölçüyəgəlməz xoşbəxtlikdir. İri şəhərlərin çirkab dadan havasından qurtulub çiyərlərini bolluca oksigenlə qidalandırdıqca, ulu babalarımız  ruhlu şam, küknar və digər bu qəbildən ağaclarla həmsöhbət olmaq tamam başqa bir dünyadır.  Diqqət yetirənlər bilir; Tanrı uca göylərdən nur səpələyəndə, küknar ağaclarının iynəyəbənzər yarpaqlarında salxımlanan damcılar sənə təkrarsız möcüzə yaşadır. Yağış kəsəndən xeyli sonra da nur saçan bu damcılar ruhunu oxşayır. Həmin damcıların bu iynəyarpaqlarda nəyin hesabına saatlarca qərar tutması mətləbindən ha çalışsan da, baş aça bilmirsən?! Axı, məntiqə söykənsək, həmin damcılar yuvarlanaraq yenidən torpağa pənah aparmalıdır, di gəl, onların saatlarca yerində saydığı reallığı ilə barışmalı olursan. Bax, təbiətin qüdrəti, Tanrının mükəmməl fəlsəfəsi də elə buna bənzər mətləblərdə özünü daha qabarıq göstərir.

       
Təbiətin insandan ən böyük üstünlüyü ondadır ki, Tanrının buyurduğundan bir addım da kənara çıxmaz, bu istisnadır. Halallıqda tayı-bərabəri yoxdur, daim bitərəfdir. İnsanın özünkü sandığı məntiqlərin əksəriyyəti də əslində təbiətdən çırpışdırmadır, sadəcə, qızıl-qırmızı bunu boynumuza almaq istəmirik. Mənəvi zənginliyimizdə, kamilliyimizdə də təbiət əvəzsiz pay sahibidir. Yabanı (“yabanı” sözünün ilkin anlamında, indiki təhrif olunmuş mənasında deyil) təbiətlə insan təbiəti heç cür müqayisəyə belə gəlməz. Mütləq paklıq təbiətlikdir. Təbiətdəki mütənasiblik, vəhdət  də həsəd doğurur. Onda anlayırsan ki, Tanrının yaratdıqlarında təsadüfilik yoxdur.

      
Çox vaxt ha çalışsan da, öz daxili dünyana yol tapa bilmirsən, buna lap məəttəl qalırsan. Belə anlarda da yardımına ilk növbədə təbiət yetir. Ona üz tutsan, iç dünyanın darvazası üzünə laybalay açılacaq. Özü də, sanki, behiştə ayaq basacaqsan. Heyrətdən heykələ dönəcəksən, daxili dünyandakı bu qədər möhtəşəmlikdən bixəbər olduğuna ağzıaçıla qalacaqsan. İnan, özün birbaşa iç dünyayana baş vuranda bu səviyyədə əzəmətlə qətiyyən qarşılaşmazsan.

     
Təbiət səni arındırır, duruldur, mənəvi dünyanı saflaşdırır. Belədə Tanrının yaratdıqlarına maksimum halallıqla və həssaslıqla  yanaşırsan. Təbiətlə qoşalaşanda, özünü məhz insan kimi hiss edirsən, əsl dəyərini anlayırsan. Təbiətlə göz-gözə olanda ruhun asimanda – Tanrı dərgahında cövlan edir, sərhəd tanımır. Bu anlarda öz daxili dünyanın qalaktikalar qədər hüdudsuz olduğunun mahiyyətinə varırsan. Həmin ucsuz-bucaqsız məkanda süzdükcə, xoşbəxtliyi qətrə-qətrə dada bilirsən, bu qətrələrin də hər birinin ən azı okean nəhayətsizliyindən geri qalmadığının mahiyyətinə varırsan. Təbiətlə üzvi şəkildə uzlaşanda ruhunun, qəlbinin əks-sədası sənə həzin bir nəğməni andırır, az qalırsan, özün bülbül təkin cəh-cəh vurasan. Belə məqamlarda iç dünyan çiçəyə bələnir, ətrindən bihuş olursan. Təbiət insanı daxili dialoqa kökləyir, mənəvi dünyana halallıq toxumları səpir. Əgər, sən hər günün sonunda Tanrı və özün qarşında halallıq hesabatı verən kəslərdən birisənsə, qətiyyən elə bir böyük günah sahibi olmazsan. Özünə görə kifayət qədər müdriksənsə, mütləq qaydada təbiətin bəni-insanın sarsılmaz  dayağı olduğu qənaətinə gəlirsən.

     
Həyat amansızdır, kimsəyə güzəştə getməz. Təlatümlə üz-üzə qalanda da təbiətə sarı yönəl, hətta, yaralarına da məlhəm olar. Qısa zamanda harmoniyaya qovuşarsan. Təxəyyül və təfəkkürün əkiz qardaşa çevrilərək yalnız və yalnız saf məqsədlərə xidmət edər. Təbiətlə dostluğunda mükəmməl sevgi səviyyəsinə yüksələ bilsən, həyatda da eşqdə Füzuli zirvəsini fəth etmək qüdrətinə yetişərsən, təkcə insanlara deyil, eləcə də, Tanrının yaratdığı bütün nəsnələrə münasibətdə də bu ucalıqda olacaqsan. Təbiətin ruhunuza və qəlbinizə səpəcəyi toxumları layiqincə “suvara” bilsəniz, məram və niyyətləriniz ümmana çevriləcək, bəşəriyyətə töhvələriniz sıralanacaq. Təbiət qismətinizə qismət qatacaq. Təbiətin ruhuna nüfuz etmək qüdrətinə yetə bilsən, mənəvi dünyanı daha dolğun kəşf edəcəksən, beləliklə, xoşbəxt və mənalı ömürün açarına yiyələnmiş olacaqsan.

     
Çalış, ən azı təbiətdən aldığın qədər ona ərmağan etməyi də vərdişə çevir. Məhz təbiət hər bir şüurlu kəsə bölüşmək kimi müqəddəs bir hissi də aşılayır. Minnətdar olmağı yadrıxma, bacardıqca özünü təbiətə sipər eləməyi də unutma. Bu yolla insanlıq mərtəbəsində yerin durmadan daha uca olar.  Təbiətin insana ən böyük həyat dərslərindən biri Tanrının bütün yaratdıqlarının eyni dəyərdə olması həqiqətini anlamağına yardımçı olmasındadır. Bu halda qanırsan ki, kimsəyə və heç bir nəsnəyə yuxarıdan aşağı münasibət bəni-insanlıq deyil.

         
İnsan potensialının tükənməzliyindən də məhz təbiət onu qədərincə duyuq salır. İltifatını bir an da olsun səngitməyən təbiətlə qədərincə dostluq insanın yardıcılıq imkanlarını da pöhrələndirir, saysız-hesabsız bəşəri və xoşməramlı hədəflərə kökləyir. Bu hədəflərə qovuşduqca, simaca təbiət ucalığına yüksəlişdə olduğunuzun da mahiyyətinə varırsınız. Səni duyğu selinə qovuşduran da elə təbiətdir. Bunsuz insan cansız varlıqlardan qətiyyən seçilməz, heç bir dəyər kəsb etməz. Mənəvi zənginliyə möhtəşəm körpü təbiətdir, təbii ki, bunu özün üçün şüurlu seçim edə bilsən. Təbiətə sarı təhtəlşüur yön almağın özü belə təkrarsız səadətdir. Təbiət tükənməz xəzinədir, ilk növbədə mənəviyyat xəzinəsi. Sən ona arxa çevirməsən, həyatının dolanbaclarında da səni tək buraxmaz. O, daimi qaynayan çeşmə olub, iç dünyanı silib-süpürər, xıltsız olarsan. Təbiətin ən imtiyazlı bir parçası sayılan bəşər övladı bu üstünlüyündən sui-istifadə etməyi ağlının ucundan belə keçirmədən onun sadiq dostuna çevrilmək ucalığına yetməklə Tanrı hüzurunda   ölçüyəgəlməz xidmət ortalığa qoymuş olur.

      Nəhayət,  həyatın klassikasının mahiyyətinə lazımınca varmaq üçün ilk növbədə təbiətin təkrarsız simfoniyasına bütün varlığınladiqqət kəsilməlisən. Ulu Yaradanın bu ən mükəmməl əsərindən isə təravət, xeyir-dua, humanism və müdriklik heç zaman əskilməz. Ənbaşlıcası, Tanrının mütləq varlıq olduğu həqiqətini də məhz təbiətdən görüb-götürmək daha düzgün yoldur. Özü də təbiət sənə  UcaVarlıqdan qorxmağı, ikiqat əyilməyi, təzim etməyi yox, ona müqəddəs sevgi bəsləməyi, əqlinin, qəlbinin ən uca zirvəsində ona yerayırmağı öyrədəcək. Bax, sözün böyük anlamında yaşamağın - səadət dolu, qürur duyulası bir ömür sürməyin yeganə danılmaz düsturuda elə məhz bu mükəmməl məntiqdən qaynaqlanır. Bir sözlə, təmənnasız dostluqda, əlçatmaz ustad səviyyəsinə yüksəlməkdə, ənbaşlıcası, Tanrı fəlsəfəsinə sadiqlikdə kimsə təbiətlə döş-döşə gəlmək qüdrətində deyil.  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tələbələrin dərslərinin bir hissəsi muzeylərdə keçirilməlidir - Əbülfəz Qarayev 22 Noyabr 2019, 17:10 Qidadan niyə zəhərlənirik? - “Vaxtı keçmiş məhsulların etiketini dəyişib, yenidən satışa çıxarırlar”   22 Noyabr 2019, 17:05 Nazirliyin Mərdəkan MüalicəPansionatı istifadəyə verildi 22 Noyabr 2019, 17:03  “2020-ci ildə 100-ə qədər tələbənin xaricdə təhsili maliyyələşdiriləcək” 22 Noyabr 2019, 16:59 Bakıda yük maşını körpüdən aşıb, 2 nəfər ölüb - FOTO 22 Noyabr 2019, 16:50 Gülər Əhmədova xalq artistinin atmacasına CAVAB VERDİ 22 Noyabr 2019, 16:49 Yağışyağdırma sistemləri quraşdırılacaq - SƏRƏNCAM 22 Noyabr 2019, 16:38 Putin dekabrın 19-da növbəti mətbuat konfransı keçirəcək 22 Noyabr 2019, 16:33 Daha bir jurnalist bələdiyyə üzvlüyünə NAMİZƏD OLDU 22 Noyabr 2019, 16:30 Prezident Süni Mayalanma Mərkəzinin yaradılmasına 4,8 milyon manat ayrdı 22 Noyabr 2019, 16:29 İlham Əliyev Naxçıvanla bağlı daha bir sərəncam verdi 22 Noyabr 2019, 16:24 “Hər 3 namizəd Ombudsman olmağa layiqdir” - Hikmət Babaoğlu 22 Noyabr 2019, 16:19 Prezident Naxçıvan Nazirlər Kabinetinə 500 min manat ayrdı 22 Noyabr 2019, 16:17 Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı 22 Noyabr 2019, 16:14 Baş redaktor bələdiyyə seçkisinə qatıldı - Namizədliyi təsdiqləndi 22 Noyabr 2019, 16:09 BMU ilə Polis Akademiyası arasında əməkdaşlıq sazişi imzalanıb 22 Noyabr 2019, 16:02 Bələdiyyə seçkilərinə qatılan jurnalistin namizədliyi qeydə alındı - FOTO 22 Noyabr 2019, 16:01 Ombudsman vəzifəsinə namizədlərin müzakirəsi yekunlaşdı - YENİLƏNİB 22 Noyabr 2019, 15:56 Biləcəridəki qəzada 2 nəfər ölüb 22 Noyabr 2019, 15:53 Bakıda şadlıq sarayından 5 min dollar, 2020 manat oğurlandı 22 Noyabr 2019, 15:46 Bakı-Gəncə qatarında sürət həddi artırıldı 22 Noyabr 2019, 15:40 Avro-2020-nin “Pley-off” mərhələsinin püşkü atıldı - CÜTLƏR 22 Noyabr 2019, 15:26 100 yaşlı kollec 22 Noyabr 2019, 14:57 “Mən niyə istefa verməliyəm?!” - Komitə sədrindən AÇIQLAMA 22 Noyabr 2019, 14:50 Musa Musayev “91-lər”lə bağlı narazılıq etdi, Siyavuş Novruzov CAVAB VERDİ 22 Noyabr 2019, 14:49 Goranboyda Ədliyyə işçilərinin peşə bayramı qeyd edilib   22 Noyabr 2019, 14:35 Paşinyan hökuməti 50 milyon dollar borc götürəcək 22 Noyabr 2019, 14:35 Paytaxtda iki marşrut xətti üzrə avtobuslar əvəzləndi 22 Noyabr 2019, 14:31 Pərvin Kərimzadə xankəndlilərlə görüşüb - FOTO 22 Noyabr 2019, 14:28 Mikayıl Cabbarov: Rusiya Azərbaycan iqtisadiyyatına 5 milyard dollar yatırıb” 22 Noyabr 2019, 14:13 Bakıda ERMƏNI DİLİ kursları açılır 22 Noyabr 2019, 14:04 Milli Məclis iclasın vaxtını niyə dəyişdi... - SƏBƏB 22 Noyabr 2019, 13:49 8 baş inəyi oğurlayan dəstə TUTULDU 22 Noyabr 2019, 13:45 Araz Əlizadə onu söyənləri parlamentə çağırdı - VİDEO 22 Noyabr 2019, 13:41 Sumqayıt- Bakı qatarı xarab oldu - Yolda qaldı 22 Noyabr 2019, 13:40