Modern.az

Türkan Turan: “Kim bu kitabı əlinə alsa, özünü sətirlərdə tapacaq” - MÜSAHİBƏ

Türkan Turan: “Kim bu kitabı əlinə alsa, özünü sətirlərdə tapacaq” - MÜSAHİBƏ

3 İyul 2019, 10:49

Bir neçə gün öncə Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü Türkan Turanın yeni çapdan çıxan “O” kitabının imza günü keçirildi. İmza günü Milli Elmlər Akademiyasının parkında “Qanun” nəşrlər evinin dəstəyi ilə gerçəkləşdi. Kitabda gənc yazarın esseləri çap olunub.

İmza günündə Modern.az-ın əməkdaşı olaraq biz də iştirak etdik.

Milli Elmlər Akademiyasının parkında “Qanun” nəşriyyatının o qədər çox kitabı sərgilənirdi ki, “O”nu bir xeyli axtarmalı olduq...

Və nəhayət tapdıq, öncə gənc yazar Türkan Turanı, sonra da “O”nu. Gənc yazarla söhbətimiz də əsasən “O”ndan oldu:

- Kitabın ərsəyə gəlməsinin səbəbkarı kimdir?

- “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid. Kitabın ön sözü də ona aiddir. Rəşad Məcidlə müzakirələrimiz tez-tez olurdu. O mənə dedi ki, “sən ayrılıq  mövzusunda olan fikirlərini yaxşı olar ki, esse halında yazasan”. - Bacararam? -deyə soruşdum. - Əlbəttə ki, bacararsan,- dedi.
Ayrılıqla bağlı bir esse yazdım, Rəşad müəllim çox bəyəndi və “525-ci qəzet”də çap olunmağa başladım. O gündən bu yana insan hissləri ilə bağlı yazmağa davam edirəm. Ardınca da bu kitab ərsəyə gəldi. Budur, artıq “O” aramızdadır.

 
- Kitabdakı esselərin bir çoxunun mövzusu qadın-kişi münasibətlərinə aiddir. Bu mövzuya xüsusi toxunmağınız nədən irəli gəldi? Bir qadın kimi kitabda təsvir olunan hissləri yaşamısınız?


- Kim bu kitabı əlinə alsa, özünü sətirlərdə tapa biləcək. Düşünürəm ki, ayrılığın acısını hər kəs iliyinə qədər yaşayır. Təkcə ayrılıq yox, digər hisslər də kitabda  əksini tapıb. Təbii ki, əzab hamı üçündür. Ancaq kitabda vurğuladığım ağrıların hamısını çəksəydim, yəqin ki, yaşaya bilməzdim. O qədər acıya can dayanar?! Esselərin yaranmasında təxəyyülümün də rolu böyükdür.


- “O” tam olaraq kimdir?


- Kitabı oxuyan və özünü burada hiss edən hər kəs “O”dur. “O” mövhumat və ya absurd deyil. İnsani duyğuları hiss edən, yaşayan hər kəsdir. Kitab xüsusi bir şəxsə ünvanlanmayıb.


- Kitabınızda elə bir esse varmı ki, sırf sizə aid olsun? Yəni orada sırf özünüzü canlandırmısınız?


- Düşünürəm ki, bunu desəm, bütün şifrələri açmış olaram. Ona görə də sualınıza qısa cavab verəcəm. Yazdığım esselərin hər birinin içində azacıq da olsa, varam. Təkcə mən yox, siz, onlar, o biriləri...

Həmişə eyni sözləri eşidirəm: sanki məni yazmısan. Duyğulara toxuna bilmək insanı daha da iddialı edir. Hələ əgər bu qadın-kişi mövzusudursa, həm də səni məsuliyyətli olmağa vadar edir. Kitabımın şəfaverici tərəfləri də var. Münasibətlərdə digər tərəfin nə düşündüyünü bilmək istəyən kəslər bu kitabda öz suallarına cavab tapa bilərlər. Sevgilisinin xəyanətini, yalanını öyrənmək istəyənlərin də dadına “O” çatacaq. Çünki “O” eşqin və eşqsizliyin sətirlərə çevrilmiş halıdır.



- Düşünürsünüz ki, “O” bestsellerə çevriləcək?

- Əlbəttə. Mən əminəm ki, “O” tezliklə bestsellerə çevriləcək.


- Amma həyatın acı həqiqətləri də var... Əgər kitabınız gözlədiyiniz nəticəni verməsə necə?


- Bütün yazdıqlarımın arxasındayam, təkrar söyləyirəm, bu kitab mütləq bestsellerə çevriləcək. Bu gün olmasa sabah, sabah olmasa o biri gün, amma mütləq olacaq. Yazdıqlarımın gücünə inanıram.


- Kitabınızın önündə Rəşad Məcid imzası var. Rəşad müəllim Yazıçılar Birliyinin katibi kimi ədəbi gəncliyimizin içində olan adamdır. Necə düşünürsünüz, kitabınızın populyarlaşmasında Rəşad Məcid faktoru rol oynaya bilər?


- Rəşad Məcid hər gəncin kitabına ön söz yazmır. Heç vaxt istedadsız adamın əlindən tutmur. Doğrudur, biz on illik dostlarıq. Yəni bizi bağlayan qəzet və ya kitab deyil. Əgər kitabın ərsəyə gəlməsi bu münasibətdən doğsaydı, Rəşad bəy bunu 2009-cu ildə edərdi,  2019-a saxlamazdı. “525-ci qəzet”də gedən yazıları oxudu, gələn reaksiyaları gördü və “bu kitab çıxmalıdır” dedi. Deməzdim ki, ön söz esseləri üstələyəcək. Nəzərə almaq lazımdır ki, yazdığım yazılar “525.az”  saytında ən çox oxunanlar sırasındadır. Yəni oxucu hər şeyin fərqindədir.


- Gənc və gözəl xanımsınız. Adətən belə xanımlar oxucu qazanmaq üçün öz şəkillərini kitabın üz qabığında verirlər. Siz isə kitabın arxasında çox kiçik bir şəkil yerləşdirmisiniz. Bu nədən irəli gəlir?


- Şəkillə oxucu cəlb etməyə ehtiyac duymuram. İstedadıma güvənirəm.


- Ədəbiyyatda olan digər tanınmış müəlliflərdən sizinlə bağlı fikir bildirənlər olub?


- Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairimiz Ramiz Rövşən esselərimi bəyənərək oxuyur. Bu mənim üçün böyük uğurdur. Keçən ilin avqust ayında redaksiyaya getdim. Rəşad Məcid dedi ki, Ramiz Rövşən sonuncu yazdığın yazını bəyənib və zəng edib. Təbii ki, əvvəlcə buna inanmadım. Təsəvvür edin, illərlə sitayiş edərcəsinə baxdığın, şeirlərini əzbər bildiyin, sözün bitəndə onun misraları ilə cavab verdiyin insan bir gün sənə zəng edir. Özü də yazdığın yazıya görə... Necə xoşbəxt olmuşdumsa, düz üç gün buludların üzərindən yerə enə bilməmişdim.


- Ramiz Rövşənin fikirləri nələr idi?


- “Vaz keçməyin xəfifliyi” adlı yazımla bağlı zəng etmişdi. Çox sözlər dedi. Tövsiyə etdi ki, çox dərinliyə getmə, onsuz da arif olan səni anlayacaq. Məhz Ramiz Rövşənin şərəfinə həmin esseni kitabda birinci səhifəyə saldım.


- Eşitdik ki, yaxın günlərdə qardaş Türkiyədə roman da çap etdirməyə hazırlaşırsınız. Bu məlumat doğrudur?

- Doğrudur. Dayanmadan üzərimdə işləyirəm. İki aydır ki, bütün həyatımı bu romana həsr etmişəm. Sosial həyatdakı fəaliyyətim xeyli zəifləyib. Dostlarıma əvvəlki kimi vaxt ayıra bilmirəm və buna görə çoxu məndən inciyib.


- Roman türk dilində çap olunacaq? Bəs Azərbaycan oxucusu üçün necə, əsəri çap etdiməyi düşünürsünüz?

- Bəli, Türkiyədəki böyük yayın evlərinin birində türk dilində çap olunacaq. Azərbaycanda çapına dair  heç bir fikirim yoxdur.


- Türkiyədə roman çap etdimək toplumun içində məhşur olmaq niyyətindən irəli gəlir, yoxsa bu, təklif olaraq qarşı tərəfdən oldu və sizi cəlb etdi?

- Şou adamı olsaydım, belə ehtiyac hiss edərdim. Amma bu, sırf yazmağı bacarmaqdan irəli gəlir. Təklif gəldi, qollarımı çırmadım, kompüterin arxasına keçdim. “525-ci qəzet”dəki yazılarım Azərbaycan dilində olmağına baxmayaraq,  orada da oxunur. Xüsusilə yazıçı, ssenarist, musiqiçi, rejissor, siyasətçi Zülfü Livaneli ilə bağlı yazdığım yazılara xoş rəylər gəlib.


- Romanın üslubu və mövzusu haqqında məlumat almaq maraqlı olardı.

- Dedektiv janrda yazıram. Mövzusu sürpriz olaraq qalsın.       


- Söylədiniz ki, Zülfü Livaneli ilə müsahibələriniz silsilə şəklində “525-ci qəzet”də yayımlanıb. Bəs onunla tanışlığınız necə başladı?


- Livaneli ilə bağlı yazılar hələ də davam edir. Rəşad Məcidlə həmin yazıları kitab halında çap etdirməyi planlaşdırırıq. Rəşad müəllim hətta kitaba ad da qoyub: “Zülfü Livanelinin gözü ilə”.
Onu “Serenad” adlı romanıyla tanıdım. Ardınca müxtəlif kitablarını, müsahibələrini oxudum, həyat və yaradıcılığını dərindən araşdırdım. Belə qərara gəldim ki, bu böyük insandan müsahibə almalıyam. Doğrudur, müsahibə düşündüyümdən də uzun vaxt aldı və böyük çətinliklərdən keçərək, ona gedib çıxa bildim. Müsabhibə aldım və çox uğurlu oldu.


- Esselərinizdə kifayət qədər açıq detallar da var. Buna görə ailənizdən təpkilər-filan olurmu?


- Əvvəl buna qəribə baxırdılar. Sonra anladılar ki, elə belə də olmalıdır. Yazılarımla bağlı əngəl sayılacaq nəsə yoxdur.


- İddialı bir qadın kimi hər hansı bir kişinin ideal xanımı olmaq istərdinizmi? Yəni yaxın zamanlarda ailə həyatı qurmağı düşünürsünüz?


- Həyatımı ər, karyera, uşaq kimi mövzulara hesablamadan yaşayıram.


- Həyatda əksər hallarda qadınlarla, yoxsa kişilərlə problemləriniz olur?


- Qadınlarla problemim olduğunu xatırlamıram. Amma gördüyüm mənzərələr tam əksini deyir. Kişilər sakit dayanmır, badalaq vurur, dedi-qodu edir, paxıllıq çəkirlər. Bu kənardan çox eybəcər görünür.




Leyla Əsədullayeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir