Modern.az

“Babəkin heykəlini hazırlayarkən stresdən infarkt keçirdim” - Arif Qazıyev

“Babəkin heykəlini hazırlayarkən stresdən infarkt keçirdim” - Arif Qazıyev

5 İyul 2019, 11:31

Prezident İlham Əliyevin 2011-ci ildə Bakıda Babəkin heykəlinin ucladılması ilə bağlı veriyi sərəncam hələ ki icra olunmayıb. Sifarişçisinin SOCAR olduğu heykəlin hazırlanması heykəltəraş Arif Qazıyevə həvalə olunub. A.Qazıyev bir müddət öncə heykəlin 2 aya hazır olacağını söyləmişdi.


Modern.az hazırlıq prosesinin gedişilə bağlı yenidən heykəltəraşa müraciət edib.


Heykəltəraş deyib ki, ona aid olan bütün işlər tamamlanıb:

“Mən bütün işləri tamamlamışam. Hazırda heykəlin qəliblənməsi gedir. Gipsdə model çıxdıqdan sonra bürüncdən töküləcək. Babəkin heykəlinin atla birlikdə hündürlüyü 10,5 metrdir. Heykəlin qoyulacağı yer maili olduğu üçün qarşı tərəfdən 9 metr, arxa tərəfdən 6 metrdir”.

A.Qazıyev heykəlin açılışının 2020-ci ildə olacağını deyib:

“Mən maraqlandım, dedilər ki, açlış gələn ilin martında olacaq. Çünki, qəliblənmə xeyli vaxt tələb edir”.


O qeyd edib ki, heykəlin ona aid olan hissəsilə bağlı işlərin gedişi zamanı səhhətində problem yaranıb:


“İnandırım sizi, məni heç bir maliyyə maraqlandırmır. Bu heykəli hazırlayarakən o qədər stres, həyəcan yaşadım ki, axırda infarkt keçirdim. Hiss, həyəcan da bizim işimizin bir parçasıdır. İndi-indi özümə gəlirəm, rahat nəfəs alıram. Ona görə də işin maddi tərəfi o qədər maraqlı gəlmir. Qonorara gəldikdə, danışıqdan asılı olaraq, onu birdəfəlik ödəmirlər. Hissə-hissə alırıq. Elə olur bir ayda 10 min manat köçürülür. Yəni bu, bir nəfərin ödənişi deyil. Məni daha çox işin taleyi maraqlandırır. Axı mən bunu təkcə özüm üçün etmirəm, xalq üçün edirəm. Çalışıram ki, hər şey insanların istəyinə uyğun olsun. Koroğlunun heykəlilə bağlı narazılıqlar çoxdur, kimisi lağ edir, kimisi söyür. Mən belə iş ortaya qoymaq istəmirəm, istəmirəm ki, işimiz pis alınsın. Bu, həm mənim öz adımdır, həm də xalqın adıdır”.


Qeyd edək ki, memarı Cəlil Hüseynov olan heykəl Babək prospektində qoyulacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı