Modern.az

Parlamentdə yarımçıq qalan qanun layihələri

Parlamentdə yarımçıq qalan qanun layihələri

30 İyul 2019, 11:04

Milli Məclisin deputatları tətilə çıxıblar. Belə ki, parlamentin üzvləri iyulun 15-dən tətilə çıxıblar. Deputatlar avqustun 30-dək istirahətdə olacaqlar.

 

Maraqlıdır, Milli Məclisin komitələrində müzakirə edilməmiş, yarımçıq qalan qanun layihələri varmı?

 

Modern.az saytı mövzuya aydınlıq gətirəyə çalışıb.

 

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə yarımçıq qanun layihəsinin olmadığını deyib:

 

“Bizim komitədə yarımçıq qalan qanun layihəsi yoxdur. Bir qayda olaraq dövlət başçısı tərəfindən gələn qanun, yaxud da qanuna dəyişikliklər layihəsidir ki, onu müzakirəyə çıxarıb parlamentə tövsiyə edirik. Daxil olan bütün layihələrə baxılır və parlamentə təqdim edirik. Bu gün bizim qovluğumuzda baxılmamış sənəd yoxdur”.

 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri  Ziyad Səmədzadə bildirib ki, yarımçıq qalan qanun layihəsini birinci oxunuşda müzakirəyə çıxarsalar da, II oxunuşda müzakirəyə çıxarılması payıza qalıb:

“İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsində “Lombard haqqında” qanun layihəsi yarımçıq qalıb. Çünki qanun layihəsini birinci oxunuşda müzakirəyə çıxardıq. İkinci oxunuşda müzakirəyə çıxarılması isə Milli Məclisin payız sessiyasına qalıb”.

 

Milli Məclisin  Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov  yarımçıq qanun layihəsinin olduğunu bildirib:

 

“Aqrar siyasət komitəsində elə ciddi yarımçıq qalan qanun layihəsi yoxdur. Sadəcə olaraq “Aqrar sığorta haqqında” qanun layihəsini II oxunuşda qəbul etdik. Bir neçə qanun layihəsi var ki, onun üzərində işləməliyik. Güman ki, həmin qanun layihələri payıza qalacaq”.

 

Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli yarımçıq qalan qanun layihəsini payıza sazladıqlarını söyləyib:

 

“Əmək və sosial siyasət komitəsində yarımçıq qalan qanun layihəsi var. Bu da “Turizm haqqında”qanun layihəsidir. Qanun layihəsi yarımçıq qaldı. Onu işləyib çatdıra bilmədik. Qanun layihəsi beynəlxalq təşkilatlarla, Prezident Administrasiyası  ilə müzakirə olunur. Daha təkmil və daha ciddi qanun layihələri üzərində iş gedir. Ona görə də tələsmirik. Biz qanun layihəsini payıza saxlayırıq”.

 

İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov  həll edilməyən qanun layihələrinin payıza sessiyasına qaldığını bildirib:

 

“Bir neçə qanun layihəsi var ki, həll edilməyib. Həmin qanun layihələrinə Milli Məclisin payız sessiyası zamanı baxılacaq”.

 

Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli də yarımçıq qalan qanun layihəsindən danışıb:

 

“Elm və təhsil komitəsi “Ali təhsil haqqında” qanun layihəsi üzərində hazırlıq işləri aparmağa başlayıb. Qanun layihəsinin ilkin variantının formalaşmasına çalışacağıq. Sentyabrda ilkin variant üzərində müzakirələr keçirib, Milli Məclisin payız sessiyasına təqdim etmək fikrindəyik”.

 

Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva  mövzu ilə bağlı ətraflı danışa bilməyəcəyini deyib:

 

“Bizim komitəyə hansısa yarımçıq qalan qanun layihəsi daxil olmayıb. Öncədən nəsə deyə bilmərik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...