Modern.az

Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyi təsis edilib

Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyi təsis edilib

20 Sentyabr 2019, 14:46

Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyinin təsis olunması ilə bağlı iclas keçirilib. Təsis yığıncağında Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan qurumların həmkarlar təşkilatlarından 112 nümayəndə iştirak edib.  


Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyi Aparatının Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov həmkarlar ittifaqının cəmiyyətdəki rolu, məqsəd və vəzifələri barədə tədbir iştirakçılarına  məlumat verib. Fuad Məmmədov bildirib ki, həmkarlar ittifaqları işçilərin Əmək Məcəlləsində nəzərdə tutulmuş hüquqlarının təmin olunması və qorunmasında mühüm rol oynayır.


İclasda çıxış edən Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aqrar sahənin inkişafı üçün dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir: “Aqrar sektora diqqət və qayğı, həyata keçirilən tədbirlər nəticəsində kənd təsərrüfatının davamlı inkişafına şərait yaradır. Bu ilin ilk yarısında aqrar sektorda artım 13% təşkil edib ki, bu da son illər ərzində rekord göstəricidir”.


Seyfəddin Talıbov Kənd Təsərrüfatı Nazirliyi Aparatının Həmkarlar İttifaqı Komitəsinin roluna da toxunub və Komitənin fəaliyyətini yüksək qiymətləndirib. O, Kənd Təsərrüfatı Nazirliyi Aparatının Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinə dəstək göstərdiyinə görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyinə təşəkkür edib.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşov təmsil etdiyi qurumun Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyinə davamlı dəstək göstərəcəyini qeyd edib. O, Birliyin beynəlxalq miqyasda əlaqələr quracağına və beynəlxalq təcrübədən faydalanacağına əminliyini ifadə edib.


Daha sonra iclasın gündəliyinə uyğun olaraq Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyinin təsis olunması məsələsi səsverməyə çıxarılıb və yekdilliklə qəbul olunub.


İclasda, həmçinin Birliyin sədrinin, eləcə də rəhbər orqanlarının - Məclis və Rəyasət heyətinin tərkibinin seçilməsi məsələsinin müzakirəsinə başlanılıb.

Tədbir iştirakçıları tərəfindən yekdilliklə namizədliyi irəli sürülmüş Fuad Məmmədov Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyinin sədri seçilib.

İclasda digər təşkilati məsələlərə baxılıb, səsvermə yolu ilə 35 nəfərdən ibarət Məclis, o cümlədən 11 nəfərdən ibarət Rəyasət heyətinin tərkibi müəyyənləşdirilib.

İclasda çıxış edənlər həmkarlar ittifaqının əmək münasibətlərinin tənzimlənməsində rolundan, işçilərin əmək hüquqlarının qorunması, iqtisadi və sosial mənafelərinin təmin olunmasında əhəmiyyətindən danışıblar.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı