Modern.az

Azərbaycan həbsxanalarında məhkumlara “Quran” paylanıb

Azərbaycan həbsxanalarında məhkumlara “Quran” paylanıb

Ədəbi̇yyat

21 Sentyabr 2019, 08:40

Rəsmi məlumatlara görə, Azərbaycanda cəza çəkən məhkumların sayı 21 800 nəfərdir. Həmin məhkumların asudə vaxtının təşkili üçün müxtəlif üsullar tətbiq edilir. Bunlardan daha geniş yayılanı isə kitab oxumaqdır. Maraqlıdır, Azərbaycanın cəzaçəkmə müəssisələrindəki məhkumlar daha çox hansı kitabları oxuyurlar? Ümumiyyətlə, onların kitab oxuması üçün lazımi şərait yaradılırmı?

 

Məsələ ilə bağlı Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov  Modern.az-a bildirib ki, cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları daim müxtəlif kitablarla - istər bədii ədəbiyyat, istərsə də tarixi ədəbiyyatla zənginləşdirilir:


“Son illər müəssisələrin kitabxana fondu xeyli zənginləşib. Bu, həm Ədliyyə Nazirliyi Pentesiar Xidməti tərəfindən alınan və müəssisələlərə paylanmış, həm də müxtəlif Qeyri-Hökumət Təşkilatları, ictimai birliklər tərəfindən bəxş edilən kitablardır. Müxtəlif təşkilatlar tərəfindən bəxş edilən kitablar əvvəlcə yoxlanışdan keçirilir, məhkumların islahında, yenidən tərbiyə olunmasında rolu qiymətləndirilir. Dini və irqi ədavəti qızışdıran, terrorizmi, rasizmi təbliğ edən, eyni zamanda radikal dini cərəyanların kitabxanalarda yer almasına icazə verilmir”.


Polkovnik bildirib ki, müəssisə kitabxanalarına Azərbaycan, rus, ingilis dilində ədəbiyyatlar paylanılır:


“Məhkumlar istədikləri vaxt həmin kitablardan istifadə edirlər. Daha çox maraq tarixi kitablaradır, Azərbaycan ədiblərinin yazdığı romanlaradır, eyni zamanda dünya ədəbiyyatı nümunələrinin dilimizə təcümə olunan nüsxələrinədir. Məhkumlar həmin kitabları çox böyük maraqla oxuyurlar. Məhkumlar bir kitabı oxuduqdan sonra növbə ilə digərini də oxuya bilirlər. Bu, məhkumların asudə vaxtlarının səmərəli keçməsi, onlarda müsbət vərdişlərin yaranması üçün çox böyük əhəmiyyət kəsb edir”.

 

M.Sadıqov həmçinin qeyd edib ki, məhkumların ibadəti üçün də lazımi şərait yaradılıb:


“Azərbaycan qanunvericiliyində dini etiqad və vicdan azadlığının təmini nəzərdə tutulub. Həmin hüquqların həyata keçirilməsi normalarına uyğun olaraq bütün cəzaçəkmə müəssisələrində ibadət yerləri təşkil olunub. Pentensiar Xidmət bu işləri Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsilə birgə uzun illərdir təsdiq olunmuş fəaliyyət planı əsasında həyata keçirir. Komitənin nümayəndələri, mütəxəssisləri bizim cəzaçəkmə müəssisələrinə baş çəkir, məhkumlarla görüşürlər. İslam dinin gözəllikləri və üstünlüklərini onlara çatdırırlar. Eyni zamanda həmin qurum tərəfindən təsdiq olunmuş və dini ekstrizmi təbliğ edən kitablar istisna olmaqla, digər kitablar, o cümlədən müqəddəs “Qurani- Kərim” məhkumlara paylanır. Quranın oxunması elə təlim-islah prosesinə müsbət təsir göstərir.

Azərbaycanda müxtəlif dini bayramların müəyyən olunmuş ayinlərinin yerinə yetirilməsi, o cümlədən Ramazan bayramı vaxtı ibadət edən məhkumların oruc tutmalarına şərait yaradılır. Eyni zamanda namaz qılan məhkumların gün ərzində namaz qılmalarına icazə verilir. Bunun üçün ayrıca ibadət otaqları var. Bizim bir neçə müəssisəmizdə xristian dininə sitayiş edən məhkumlar üçün də ayrıca ibadət otaqları təşkil olunub.

Amma bütün bunlar həyata keçirilərkən daxili nizam-intizam qaydalarının pozulmaması əsas şərt kimi irəli sürülür. Həm daxili qaydalar pozulmasın, həm də məhkumlar azad şəkildə ibadət etsinlər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi