Modern.az

Sabunçudakı tunel tikintisi nəqliyyatın hərəkətinə problemlər yaradıb - FOTOLAR

Sabunçudakı tunel tikintisi nəqliyyatın hərəkətinə problemlər yaradıb - FOTOLAR

24 Sentyabr 2019, 12:57

Şəhərin müxtəlif ərazilərində nəqliyyatın və piyadaların hərəkətinin rahatlaşdırılmaı üçün yeni yolların, tunellərin, keçidlərin, körpülərin inşası sevindiricidir. Lakin bəzən bu işlərin icrası zamanı mövcud hərəkətə ciddi problemlər yaranır. Misal üçün hazırda Sabunçu rayonu ərazisində Asəf Əsədullayev küçəsində dəmir yolu keçidində yeraltı tunelin tikintisi işləri aparılır. Əsas problem nədir? Belə ki, Suraxanı rayonu ərazisindən (Bülbülə, Əmircan qəsəbələri), Bakıxanov və Sabunçu qəsəbələrinin müəyyən ərazilərindən gələn nəqliyyat vasitələri şəhər istiqamətinə getmək üçün Əsədullayev küçəsi vasitəsilə köhnə “Sabunçu dairəsi”nə çıxaraq hərəkət edirdilər. Hazırda isə həmin istiqamətdə yol bağlı olduğu üçün ərazini yaxşı tanımayan sürücülər alternativ yol kimi qazma işləri gedən ərazinin yanından qəsəbədaxili küçə olan, ensiz və dalanlarla dolu Əfəndiyev küçəsinə daxil olurlar və tıxaclar əmələ gəlir. Bu qəsəbədaxili yolun quruluşuna görə nəqliyyatötürmə qabiliyyəti heç ərazidə yaşayan sakinlərin tələbatını tam ödəmir, qaldı ki, gün ərzində yüzlərlə avtomobil bu yola daxil ola. Üstəlik həmin avtomobillərin istədikləri istiqaməti çıxmaları üçün tanımadıqları qəsəbədaxili yolda 15-20 dəqiqi vaxt itirirlər.

Yuxarıda qeyd etdiyimiz qəsəbələrdən şəhərə getmək istəyən nəqliyyat vasitələri əsasən Yavər Əliyev küçəsi ilə hərəkət edərək Asif Əsədullayev küçəsinə çıxırlar, sonra sol istiqamətdə hərəkət edirlər. Yol isə məhz həmin istiqamətdə bağlıdır. Avtomobillər sola deyil, sağa hərəkət etməklə 300-400 metrlik məsafədən sonra şəhər istiqamətinə gedən əsas yola- Heydər Əliyev prospektinə çıxa bilərlər. Lakin ərazini yaxşı tanımayan sürücülər sola dönməklə özlərinə də, məcburi qaydada daxil olduqları Əfəndiyev küçəsindəki hərəkətə də problem yaradırlar. Bu məqamda əsas əmma odur ki, ərazidəki vəziyyəti nəzərə alaraq avtomobillərin alternativ hərəkət istiqamətlərini tənzimləyən heç bir əlavə (müvəqqəti) yol işarələri qoyulmayıb.

Azərbaycan Dəmir Yoları ASC-nin sifarişi əsasında ərazidə tikinti işlərini aparan “Körpü Bina Tikinti” MMC-nin məsul şəxsləri bildiriblər ki, icra olunan layihə ilə bağlı əvvəlcədən Dövlət Yol Polisi də daxil olmaqla, müvafiq qurumlara məlumat verilib. Tənzimləyici işarələrin qoyulması da onlara aid məsələdir. Həmçinin qeyd edilib ki, hələ layihənin ilkin mərhələsi olduğu üçün ərazidə avtomobillərin hərəkəti qismən mümkündür. Lakin tunelin qazılmasına başlananda həm Əfəndiyev küçəsinə giriş, həmçinin Y.Əliyev küçəsindən A.Əsədullayev küçəsinə hərəkət bağlanacaq. Əsas problem bu zaman yaranacaq, yəni indidən alternativ hərəkət barədə düşünülməlidir. Ərazini tanıyan bir adam kimi deyirəm ki, bu heç də asan olmayacaq və nəqliyyatın hərəkəti ilə bağlı vaxtında alternativ tədbirlər görülməsə, 2020-ci aprel ayına qədər davam edəcək bu layihə ərazidə ciddi nəqliyyat xaosu yarada bilər.

Pərviz Rəhimoğlu

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi