Modern.az

Gözlər yoldadır, Zöhrə xanım!

Gözlər yoldadır, Zöhrə xanım!

27 Sentyabr 2019, 08:25

Bir zamanlar bir xoş xəbər aləmə yayılmışdı ki, el şənliklərində, səhnələrdə  gənc bir müğənni peyda olub, məlahətli səsiylə başqa cür ifadə ilə desək, fontan eləyir. Soraqlaşıb həmin istedadlı gənci tapdıq. Zöhrə Abdullayeva idi. AzTV-nin “Dalğa” verilişinə dəvət etdik. “Dalğa”nın rejissorları (onlar həyatlarını dəyişdikləri üçün ad-soyadlarını çəkmək istəmirəm. – M.A.) böyük həvəslə onu tamaşaçılara təqdim edirdilər. Beləcə Zöhrə Abdullayeva bir tapıntı oldu, illərlə efirdən, səhnədən düşmədi.


İndi uzun müddətdir ki, Zöhrə xanım səhnələrdə, efirlərdə görünmür. Oğul itkisi onu həm övladından ayırdı, həm də peşəsindən. Zöhrə xanım düz elədi, müğənnilikdən uzaqlaşdı. Ağır dərdlə üzləşmişdi. Əməkdar artist sarsılıb, həyatda özünə yer tapa bilmir. Ona məsləhət vermək də çox çətindir.


Məsələ burasındadır ki, insan üçün ən əziz olan ana da həyatdan gedir. Bəs bu itkiyə övladlar necə dözürlər?  Onda gərək  bütün səhnə adamları peşəsindən ayrılsın, istedadını kənara qoyub ömür boyu yas saxlasın. Bir az dərindən düşünəndə bunun yalnış olduğu qərarına gəlirsən. Zöhrə xanım da Allahın ona bəxş etdiyi fitri istedadından birdəfəlik əl çəkməməlidir, onu sevənlərin gözlərini intizarda qoymamalıdır.


İtkini də allahtəala verib, fitri istedadı da. Bu sizin həyatınızdır. Siz bu həyatı yaşamağa borclusunuz. Tale  belə gətirib. İndi isə özünüzdə cəsarət tapmalısınız.


Zöhrə xanım xeyirxah  ənənələri həmişə özündə yaşadıb. Ona olan hörmətimi bilən həmkarlarımdan biri illər öncə keçirdiyimiz ailə şənliyimizə Zöhrə xanımı da dəvət etmişdi. O yubiley şənliyinə ən bahalı hədiyyələrlə - musiqi çələngi ilə gəlmişdi, ən iri gül dəstəsi – mahnı çələngiylə gəlmişdi. Onun saatlarla təmənnasız çıxışı həm ailə üzvlərimizi, həm də qonaqlarımızı hədsiz sevindirmişdi.


Əməkdar artistin belə xeyirxahlığını təkçə mən yox, minlərlə adam hiss edib. Zöhrə xanım, siz heyranlarınızı gözü yolda qoymayın. Bu , savab olar, oğlunuzun ruhu şad olar. Qayıdın!


Mülatif Adurov,
Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü