Modern.az

“Rəşad Məcid yazılarımı qəzetinə yaxın buraxmır”

“Rəşad Məcid yazılarımı qəzetinə yaxın buraxmır”

8 Oktyabr 2019, 10:36

Yeni günün gecəsi başlandı.

Artıq vaxt  göstəricisi 00:24-dür.

Dünən xeyli vaxtım FACEBOOK dostlarımın fəallığını aydınlaşdırmağa getdi.

Elələri var ki, dostlarının sayını 5000-ə çatdırıblar. Əhsən! Deməli, kimlərsə onların yazılarına sino gedirlər. Olsun! Lap yaxşı ...

Mənim cəmi 1273 dostum qeydə alınmışdı. Çoxları toy generalı kimi yerlərində oturub, aşağı mərtəbələrə nəzarət edirlər. Sakit-sakit... Səsləri də çıxmır. Bəlkə də kimlərəsə gülürlər.
Elələri də var ki, yazıya bir şəkil yapışdırmağına bəndirlər.

...Yazıya bir öküz şəkli bəndləmişdim. O dəqiqə 5-i birdən yazdı ki, bəs, sənin şəklini bəyəndim. İstəyirəm deyəm ki, ay balam, bu, öküzdür. Onun mənə aiddiyyatı yoxdur. Bu öküz mövzu ilə ilgilidir. Amma nə fayda? ...Avtomatik cavablar baş alıb gedir...
Biri profilinə qara bəbir şəkli qoyur, amma adını yazmır. Mən nə yazıramsa, tıklayır, döyəcləyir. Maraq üçün adını açmaq istyirəm, gah tərsinə oxuyuram, gah hərflərin yerini dəyişirəm. Yox alınmır.

Biri özünə Qaya, biri Ləvənd, biri Bağdagül ... adı yapışdırıb. Yox, mən bunların cərgəsində irəliləyə bilmirəm. Biri heç məni yaxından tanısa da, susur, saymazlıq edir, yazılarıma adi rəyini belə bildirmir...

Axırda belə qərara gəldim ki, Facebook dostlarımın sayını bir az azaldım.
Adlardan və şəkillərdən başladım. Bir-iki cümlələrini oxudum. Getdilər...

Biri həddindən artıq ikibaşlı danışırdı. Onu da özümdən uzaqlaşdırdım,

o tərəflərə - onunla dostluq etmək istəyənlərin üstünə göndərdim.

Birinin məqsədi elə bil adamdan söz çəkmək idi. O da o söz...  

İndi qalıb 1035 nəfər. Yox, çoxdur. İşgüzar və maraqlı ünsiyyət üçün dostlarımın sayını ya 1001,ya da 999 görmək istəyirəm. Niyə, nədən, nə səbəbə bu rəqəmləri seçirəm, heç özüm də bilmirəm. Bəlkə də güzgülü nömrələrdir, ona görə...

Bəs indi yoldaşlıqdan kimləri silim?...

Siyahıya baxıram.

Tapdım. Uzun illərin dostu professor Qulu Məhərəmli. 4965 dostu var. Mənim yazılarıma bir dəfə də olsun münasibət bildirməyib. Başa düşər, inciməz. Onsuz da onun ən sədaqətli dostu mənəm. Dostları da dostumdur.

Bu bir.

Rəşad Məcid. Sorğu göndərilsə də, 5 aydır ki, cavab yoxdur. 2015-ci ildən yazılarımı baş redaktoru olduğu "525-сi qəzet"ə yaxın buraxmır.

Bir də ki məndən qabağa düşdü, FACEBOOK yazılarını janr kimi ədəbiyyata gətirdi. Özü də çox yaxşı alındı. Bunu mən də fikirləşirdim. Rəşad cəld tərpəndi.

Bu iki.

Ziyadxan Əliyev. Məşhur sənətşünasdır. Amma mənim H.Z.Tağıyev haqqında yazılarımdan, deyəsən, xəbəri yoxdur. Bu da üç.

Azər Abdulla. Maraqlı tədqiqatçıdır, türkşünasdır, Nazim Hikmətin ən yaxşı tədqiqatçılarındandır..

İsmayıl bəy Qaspıralı haqqında bir yazımı qəzetində çap etmişdi. Amma yazının başlığını dəyişmişdi. "Tərcüman"ın təcrübə məktəbi" başlığı xoşuna gəlməmişdi. Mən bu yazımda Səid Ünsizadəni  o vaxtlar - 1879-cu ildə gənc İsmayıl bəy Qaspıralıdan üstün tutur, "Ziya" (1879-1884) qəzetinin və "Ziya" mətbəəsinin İsmayıl bəyə örnək olduğunu yazırdım. İsmayıl bəyin "Toncuq" jurnalınin yeganə nımrəsi də, "Şəfəq", "Qəmər", "Ay" adlı kiçik məcmuələri də "Ziya" mətbəəsində çap olunmuşdur. Azər müəllimlə yaxşı tanışlığım olsa da, o,yazılarımı oxumur.

Bu da dörd.

Xeyrəddin Qoca... Facebookda çox fəaldır,problemli məsələlərin həllinə çalışır.

Bir vaxtlar dost kimi idik. Hər ikimiz "Bakı"da - Nəsir İmanquliyevin redaktorluq etdiyi axşam qəzetində ştatdankənar müxbir idik.Maaşların az vaxtında Nəsir müəllimdən yaxşı qonorar alırdıq. Sonralar X.Qocayev qəzet rəhbəri oldu.Məni də bu mətbu orqana dəvət etdi.Mən getmədim.O da salam-kəlamı kəsdi.

Doğrudur, Xeyrəddin Qocayevlə çörək ksməmişik, amma bir dəfə bir yerdə çəngəllə BLİNÇİK yemişik. Jurnalist Fəxrəddin Rəsulov da bizimlə idi.

Bu da beş.

Bəlkə kulturoloq Aydın Xan Əhmədovu yoldaşlıqdan silim. 4998 dostu var. Mən burada sonuncu yerdə olmaq istəmirəm.

Bağışla Aydın Xan. Sən də oldun 6.

Onsuz da yazılarımı oxumağa sənin vaxtın heç yoxdur.

Salam! Sağ ol!

Beləliklə, daha bir neçə dostumu yoldaşlıqdan sildim. İnanıram ki, onların heç biri bunu hikkə ilə, narazılıqla qarşılamayacaqlar. Axı, Facebook dostların qiraətxanasıdır, mütaliə məkanıdır.

Mənim fikrimcə, FACEBOOK ən çevik ünsiyyət məktəbidir. Burada ədəbi dilimizin daha da inkişafı üçün maraqlı məqamlar çoxdur. Sözünü çəkinmədən deyə bilirsən. Elmin varsa, sübut etməyə ehtiyac duymursan.

Mən Facebookla dünya arxivlərini ələk-fələk edə bilirəm. Araşdırma zamanı elə materiallar üzə çıxır ki, aspirant olanda onlardan istifadə üçün Leninqrada, Moskvaya, Tiflisə gedirdim.

Mən türk dünyasının fazillərindən biri olan Səid Ünsizadə haqqında vaxtilə topladığım arxiv materiallarını elmi jurnallardan daha çox və daha tez Facebookda paylaşıram.

Şamaxılı Ünsizadə nəslinin Türkiyədəki qohum-əqrəbasını məhz Facebook vasitəsilə arayıb axtarmışıq… İstanbulda və Ankarada yaşayan Ünsilərlə-Arkunlarla dostluğumuz məhz Facebook məkanında gündən -günə möhkəmlənir. İstanbulda Fatih Camii Haziresində Səid Ünsizadənin məzarının baş daşındakı qiymətli yazıları da Facebooka istinadən oxumuşuq.

Mən Facebook dilini publisistikanın ən təsirli, ən mükəmməl nümunəsi kimi dəyərləndirirəm.

 

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, türkoloq

Bakı.

08.10.2019

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı