Modern.az

“Özbəkistanın üzvlüyü Türk Şurasına marağı artıracaq” – Siyasi ekspert

“Özbəkistanın üzvlüyü Türk Şurasına marağı artıracaq” – Siyasi ekspert

9 Oktyabr 2019, 15:49

2018-ci ildən Türk Şurasında müşahidəçi statusuna malik Macarıstanın paytaxtında bu il sentyabrın 19-da Türk Şurasının Avropa nümayəndəliyi açılıb. Açılış mərasimində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu yeni nümayəndəliyin türk dünyası ilə Avropa işgüzar dairələri arasında tərəfdaşlıq əlaqələrinin daha da genişlənməsinə təkan verəcəyini bildirib.

 

Eyni zamanda, Özbəkistandan sonra Macarıstanın da Türk Şurasına üzv olacağı  gözlənilir.

Yaxın gələcəkdə Macarıstanın Türk Şurasının üzvü olması türkdilli ölkələrə nə verəcək?

 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev Modern.az-a bildirib ki, hazırda Macarıstanın üzvlük məsələsi gündəmdə deyil:

“Macarıstan Avropa İttifaqının üzvü olaraq Türk Şurası və üzv dövlətlərin Avropa İttifaqı ilə münasibətlərinin inkişafına xidmət edə bilər. Lakin onu da qeyd edim ki, Macarıstanın tam üzv olması indiki halda mümkün görünmür. Çünki Naxçıvan Sazişi sadəcə Türk Dilli dövlətlərin Şuraya üzv olmasına açıqdır”.

 

Şöbə müdiri qeyd edib ki, Özbəkistanın Türk Şurasına üzv olması aktiv iştiraka səbəb olacaq:

“2019-cu il Türk Şurasının qurulmasının 10-cu ildönümüdür və bu səbəbdən 15 oktyabr tarixində Bakıda VII Zirvə görüşü keçiriləcək. Bu ilin əlamətdar hadisəsi eyni zamanda ondan ibarətdir ki, Macarıstan Şuraya müşahidəçi üzv oldu, Özbəkistan isə tam hüquqlu üzv oldu.

Özbəkistanda Şövkət Mirzoyevin prezident olmasından sonra ölkə açıq xarici siyasət həyata keçirir. Bu mənada Özbəkistanın Şuraya üzv olması arzuolunandır və gözlənilirdi. Özbəkistan  əhali və iqtisadi cəhətdən güclü dövlətdir. Özbəkistanın bu gücü Türk Şurasında bir çox fəaliyyət sahəsində aktiv iştirak etməsinə səbəb olacaqdır. Bu səbəbdən gələcəkdə Türk Şurasına həm maraq artacaq, həm də bir çox layihənin həyata keçirilməsi sürətlənəcək”.

 

Xatırladaq ki, 2009-cu ildə Naxçıvanda təsis toplantısı keçirilən Türk Şurası türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə yaradılıb. İlkin mərhələdə üzvlüyünə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğız Respublikasının daxil olduğu bu beynəlxalq təşkilatın yaradılmasına dair saziş ötən ay Özbəkistan tərəfindən də ratifikasiya olunub. Oktyabrın 14-15 tarixlərində Bakıda keçiriləcək Türk Şurasının 7-ci sammitində Özbəkistan tam üzvlük haqqı ilə iştirak edəcək.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu