Modern.az

“Bizim əməkdaşlığı möhkəmlətməyimiz taleyimizə yazılıb” - Şavkat Mirziyoyev

“Bizim əməkdaşlığı möhkəmlətməyimiz taleyimizə yazılıb” - Şavkat Mirziyoyev

14 Oktyabr 2019, 21:14

"Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin qədim, möhkəm kökləri var. Bu əlaqələr uzun tarixə malikdir".

Modern.az xəbər verir ki, bu fikirləri Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib.

"Təyyarədən Azərbaycana yenicə düşmüşəm və çox səmimi münasibət hiss edirəm. Bu, həqiqətən tarixi səfərdir. Bizim bu Şuraya daxil olmaq barədə qərar qəbul etməyimizin 3 ili tezliklə tamam olacaq. Keçən il həmkarlarımın çoxu deyirdi: Gəlin, bu sənədi Çolpon-Atada imzalayaq, orada bayraq qaldıraq. Dedim ki, mənim öz fikrim var. Naxçıvan Sazişinin 10 illiyi tamam olacaq. Bu, tarixi hadisədir. Sizə çox təşəkkür edirəm ki, Siz də məni dəstəklədiniz. Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin qədim, möhkəm kökləri var. Bu əlaqələr uzun tarixə malikdir. Zənnimcə, bütün bunları dirçəltməyin vaxtı çatıb. Biz Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevlə həmişə fəxr edirik. Özbəkistanda onu xatırlayır və ehtiramla yad edirlər, çünki o, həqiqətən böyük şəxsiyyət olub. Onunla yanaşı işləmiş adamlarla çox söhbət etmişəm. O, özbək xalqına həmişə hörmətlə yanaşıb. Şərəf Rəşidoviç ilə çox görüşüblər, çox çətin məsələləri həll ediblər. Onların bu gün sağ olan məsləkdaşları indiyə qədər fəxrlə deyirlər ki, Heydər Əliyev bütün hallarda Özbəkistan haqqında hörmətlə danışır, hər yerdə onu dəstəkləyirdi. Bizdə “özbək işi” qaldırılan çətin illərdə Heydər Əliyevin özbək xalqı haqqında şəxsi fikri vardı. Bu gün biz fəxr edirik ki, Heydər Əliyevin oğlu bu böyük işi davam etdirir",- deyə Şavkat Mirziyoyev qeyd edib.

Şavkat Mirziyoyev qeyd edib ki, bu gün Azərbaycan firavanlaşır: "Bilirsiniz ki, biz yaxın qonşularıq və Sizin uğurlarınıza sevinirik. Həmişə fəxr edirik ki, bizə qardaş olan Azərbaycanın beynəlxalq nüfuzu artır, iqtisadiyyatda uğurlar var. Biz bu uğurları görəndə hesab edirik ki, bu, Sizin uzaqgörən siyasətinizin nəticəsidir. Bu uğurlar Sizin Azərbaycanın sabahını görməyinizin nəticəsidir. Biz buna həmişə sevinirik. Əlbəttə, Siz çox düzgün dediniz ki, biz artıq təzə səhifədən başlamalıyıq. Mən bu səfərə tək gəlməmişəm, çünki biz Azərbaycan üçün darıxmışıq. Bilirsinizmi, hamı səbirsizliklə gözləyir, görək, nə vaxt imzalanma başlanacaq. Yolda gələndə təyyarədə nazir mənə dedi ki, biz dəyəri 390 milyondan çox olan kontraktlar hazırlamışıq".

Prezident vurğulayıb ki, iki ölkə arasında perspektivli istiqamətlər çoxdur: "Energetika, neft-qaz sahələri haqqında dediklərinizlə razıyam. Biz Sizinlə söhbət etmişik. İndi biz SOCAR üçün ərazi ayırmışıq. Mən bizimkilərə demişəm, elə yerlər, elə ərazilər ayırsınlar ki, biz bu ciddi şirkətlə uzun müddət əməkdaşlıq edə bilək. İkincisi, bu gün mənə məruzə etdilər ki, onlar çox ciddi danışıqlar aparıblar, hər şey barədə razılaşıblar və həqiqətən, neft-qaz sahəsində qarşılıqlı faydalı əməkdaşlığın real perspektivləri var. Bu, normal kursdur, bu sahədə irəliləyiş var və biz bunu yalnız dəstəkləyəcəyik.

Daha bir mühüm istiqamət, - Sizin artıq qeyd etdiyiniz kimi, - nəqliyyat-kommunikasiya sahəsində münasibətlərdir. Bakı-Tbilisi-Qars dəmir yolu bizim üçün böyük əhəmiyyət kəsb edir. Bizim şirkətlərin çoxu artıq bu yolu tanıyır və Özbəkistan əmtəə dövriyyəsini artırmağı qarşısına hədəf qoyub. Mən çox istərdim ki, Siz tapşırıq verəsiniz, - bütün nazirlər burada əyləşiblər, - Türkmənbaşı-Ələt bərə xəttinə limanda preferensiyalar verilsin. Ona görə ki, bizdə də əmtəə dövriyyəsi artır, iqtisadiyyat yavaş-yavaş dirçəlir, istərdik ki, bütünlüklə bu istiqamətə üstünlük verilsin.

Mədəni-humanitar əlaqələr məsələsinə gəlincə, bizim əməkdaşlığı möhkəmlətməyimiz taleyimizə yazılıb. Biz daha çox görüşlər, konfranslar keçirməli, hər şey barədə danışmalıyıq. Bizim ortaq cəhətlərimiz çoxdur, bizi Əlişir Nəvai və Nizami Gəncəvi birləşdirir. Sizə təşəkkür edirəm ki, Mədəniyyət nazirinizi bizim tədbirlərə göndərirsiniz. Bu il o, iki dəfə bizdə olub. Yeri gəlmişkən, bizdə beynəlxalq Baxşi sənəti festivalı keçirilib. Bu festivalda Azərbaycan nümayəndələri mükafata layiq yerlər tutublar. Demək istəyirəm ki, biz bir-birimizi eşidəndə, görüşəndə əməkdaşlıq istiqamətlərini özümüz tapırıq.

Biz bu səfəri çoxdan gözləyirdik. Biz buraya çox böyük istəklə və qardaş Azərbaycan xalqına sevgi ilə gəlmişik. Mən bu qədər adamı hədər yerə gətirməmişəm. Gətirmişəm ki, onlar həqiqətən səmərəli işləsinlər. Sizi özünüz üçün münasib olan istənilən vaxtda Özbəkistana dəvət edirəm. Ona görə ki, Siz çoxdan bizdə olmamısınız və biz çox istəyirik ki, Sizin üçün münasib olan istənilən vaxtda Özbəkistana gələsiniz, bizim münasibətlərimiz yeni məzmunla zənginləşsin. Sonra isə mən Azərbaycana hökmən səfər edəcəyəm".


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir