Modern.az

Monqol dili

Monqol dili

8 Noyabr 2019, 09:18

Hümbət HƏSƏNOĞLU

 
(Esse) 


Bir beynəlxalq konfransda müxtəlif ölkələrin nümayəndələri növbə ilə çıxış edirdi. Mənim də qulaqcığımda əsas dillərə sinxron tərcümə gedirdi. Hər çıxışçıya reqlamentə görə 5 dəqiqə vaxt ayrılmışdı. Növbə Monqolustandan olan nümayəndəyə çatanda o, səlis ingilis dilində 3 dəqiqə çıxış edəndən sonra hamıya belə bir müraciət etdi:

“Mən bilirəm ki, burada monqol dilindən tərcüməçi yoxdur, amma mənim ürəyimdən keçdi ki, siz monqol dilini, mənim doğma dilimi eşidəsiniz. Mən istəyirəm ki, dünyanın ən gözəl binalarından biri sayılan və Heydər Əliyevin adını daşıyan bu möhtəşəm sarayda monqol dili səslənsin.”


Bu müraciətdən sonra o, monqol dilində danışmağa başladı. Hamı bu müraciətə təəccüblənsə də, ona qulaq asmağa başladılar. Qulaqcığımızda eşitdiyimiz tərcüməçi cəmi bircə cümlə dedi: “O, monqolca danışır!”

Sonrakı iki dəqiqə ərzində böyük zala tam sakitlik çökdü. Monqol öz dilində danışırdı. Heç kim, heç nə başa düşməsə də, hamı bu insana diqqətlə qulaq asırdı. Bu əzəmətli zal yəqin ki, hələ belə sakitlik eşitməmişdi. Hamı mat-məəttəl monqolun ağzına baxır, onun intonasiyasından nəsə anlamağa çalışırdı.


Monqol natiq çıxışını bitirib ingiliscə hamıya təşəkkür etdi. Zala yenə sakitlik çökdü. Və birdən iştirakçılar eyni anda, vahid komanda almış kimi monqola əl çalmağa başladılar. Əlçalmalar gücləndi, alqış sədaları səsləndi, hamı ayaq üstə durub, onu gur alqışlamağa başladılar. Monqol özü də gözləmədiyi belə reaksiyadan şaşaraq bir-neçə dəfə təzim etdi.


Hamı monqol nümayəndənin öz xalqına, öz dilinə olan məhəbbətini alqışlayırdı. Hər kəs bir neçə gün ölkəsindən xaricdə olmuş bu insanın qəribsədiyi vətənə sevgisini alqışlayırdı! Əmin idim ki, əslində, hərənin öz vətəni, öz dili yadına düşmüşdü, hərə öz həmvətənlərini, doğmalarını düşünüb əl çalırdı.


Mən öz vətənimdə olsam da, elə özümüzə, doğma azərbaycanlılarımıza, bu vətənpərvər monqola hamıdan bərk əl çalırdım.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı