Modern.az

“İnsanlar adi qaydada pul qazanmaq imkanından məhrumdurlar” - Deputat

“İnsanlar adi qaydada pul qazanmaq imkanından məhrumdurlar” - Deputat

14 Noyabr 2019, 13:02

“Azərbaycanda məhkəmə islahatı ciddi şəkildə aparılmalıdır. Bu sahə ilə bağlı iki ay ərzində təkliflər verilməsi tapşırılsa da, 7 ay keçməsinə baxmayaraq hələ də təkliflərdən xəbər yoxdur. Bu o deməkdir ki, islahatların ləngilidilməsi istiqamətində də müəyyən mesajlar verilir”.

Modern.az-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

Deputat eyni zamanda, sahibkarlar üçün nəzərdə tutulan faizlərin aşağı salınmasındakı problemlərə də toxunub. O qeyd edib ki, bəzi sahibkarların əlində torpaq var və müəyyən çətinliklər içərisində buna görə icarə haqqı ödəyirlər, amma orada istehsal müəssisəsi yaratmaq üçün aşağı faizli kredit almaq istəsə də verilmir:

“Sonradan onun hüququnu qoruyacaq məhkəmə sisteminə ehtiyac var, lakin bunu da əldə edə bilmir. Belə olan halda iqtisadiyyat necə inkişaf edəcək? Vergi siyasəti də bunla bağlıdır ki, vətəndaş qazanmalıdır ki, dövlətə vergi ödəsin”.

Fazil Mustafa əlavə edib ki, bu gün Azərbaycan cəmiyyətinin nə siyasi, nə də başqa sahəvi problemləri var:

“İnsanların əsas iqtisadi sahəli problemi var. İnsanların əksəriyyəti adi qaydada çalışaraq pul qazanmaq imkanından məhrum olurlar. Ona görə də dövlətə vergi də ödəmirlər, siyasiləşməyə üz tuturlar. Çünki öz sahəsində məşğulluq əldə etmirlər. Hesab edirəm ki, vergi siyasətində bu istiqamət əsas götürülməlidir. Bir misal çəkim ki, bu gün ölkədə fəaliyyət göstərən taksi sürücüləri hansısa sahənin mütəxəssisləridir. Amma iş tapa bilmədiyinə görə, bu işlə məşğul olmağa məcbur qalırlar”.

Milli Məclisin sədri Oqtay Əsədov deputatın məhkəmə islahatı ilə bağlı təkliflərin gecikməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. Onun sözlərinə görə, “Məhkəmə-hüquq sistemində islahatlar haqqaında” qanun layihəsi Milli Məclisə daxil olub:

“Layihə komitələrdə baxılır. Büdcədə müzakirələrindən sonra plenar iclasda müzakirəyə çıxarılıacaq”.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir