Modern.az

Azərbaycan Kolumbiya əlaqələri müzakirə edilib

Azərbaycan Kolumbiya əlaqələri müzakirə edilib

14 Noyabr 2019, 21:24

Xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Respublikası Senatının Xarici əlaqələr komitəsinin sədri Xose Luis Perezin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, tərəflər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinin cari vəziyyətindən məmnunluq ifadə edib və iqtisadi, ticarət, mədəniyyət, turizm, təhsil, idman və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini vurğulayıblar.

Nazir Elmar Məmmədyarov Kolumbiya Senatının rəsmisinin səfərinin əhəmiyyətini qeyd edib.

Xose Luis Perez dost Azərbaycan xalqının yanında olduqlarını və gələcəkdə də iki ölkə arasında dostluq münasibətlərinin inkişafı naminə səylərini əsirgəməyəcəklərini diqqətə çatdırıb. Azərbaycan ilə Kolumbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə toxunan sədr bu əlamətdar hadisənin ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə təkan verəcəyinə ümid etdiyini bildirib.

Tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində ənənəvi əməkdaşlığın və qarşılıqlı əsasda dəstək göstərilməsinin perspektivləri üzərində dayanaraq bu istiqamətdə də səylərin əlaqələndirilməsinə sadiq qalacaqlarını bildiriblər.

Xose Luis Perez ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın mövqeyini dəstəklədiyini qeyd edərək 2018-ci ildə Kolumbiya Xarici Əlaqələr Komissiyası tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycan Respublikasının ərazisinin qanunsuz işğal edilməsi, həmçinin Xocalı soyqırımı ilə əlaqədar qətnamənin qəbul edildiyini bildirib.

Elmar Məmmədyarov Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Kolumbiya Parlamentinin davamlı olaraq beynəlxalq hüquqa, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanaraq Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə qarşı tərəfə öz təşəkkürünü bildirib.

Görüşdə, həmçinin, ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün hüquq-müqavilə bazasının genişləndirilməsinin vacibliyi qeyd edilib, hər iki ölkənin Parlamentindəki Dostluq Qruplarının fəaliyyətinin təşviq edilməsinə dair fikir mübadiləsi aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi