Modern.az

Cəlil Məmmədquluzadənin nəticəsi: “Fəxr edirəm ki, ulu babam bu qədər sevgi qazanıb”

Cəlil Məmmədquluzadənin nəticəsi: “Fəxr edirəm ki, ulu babam bu qədər sevgi qazanıb”

Aktual

18 Noyabr 2019, 12:25

Görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin nəslinin davamçıları, ədibin nəticəsi Martin Cavanşiri və Pşemslav Cavanşiri Bakıya gəliblər. Onları Heydər Əliyev hava limanında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli və sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov qarşılayıblar.


Modern.az-ın məlumatına görə, Cəlil Məmmədquluzadə nəslinin davamçılarının Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat  İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycana dəvət edib. Cəlil Məmmədquluzadənin nəslinin davamçıları dünən akademik İsa Həbibbəyli ilə görüşüblər. Görüşdə onlara Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığı, böyük demokrat yazıçıya  Azərbaycanda dövlət səviyyəsində göstərilən yüksək ehtiram haqqında məlumat verilib. Qonaqlar həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr edilmiş tədbirlər barəsində də geniş məlumat alıblar.


Görüş zamanı, eyni zamanda, 1942-ci ildə Azərbaycandan getmiş Mirzə Cəlilin oğlu Ənvər Məmmədquluzadənin mühacirət həyatından və onun dünyanın müxtəlif ölkələrində yaşayan övladlarının və nəvə-nəticələrinin taleyindən də geniş söz açılıb. Akademik İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin nəslinin davamçılarına babaları Cəlil Məmmədquluzadəyə həsr edilmiş kitablar və böyük yazıçının metal üzərində əllə döymə üsulu ilə işlənmiş portreti hədiyyə edib.


Polşadan gəlmiş qonaqlar Şəhidlər xiyabanını ziyarət edib, Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinə baxıb, İçərişəhərdə olublar.


Qonaqların Cəlil Məmmədquluzadənin ev muzeyinin yenidən qurulmasından sonra açılışı mərasimində iştirakı etmələri nəzərdə tutulur.


Azərbaycan Prezidenti İlham Əliyevin görkəmli yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsinə dair sərəncamı üzrə Mədəniyyət Nazirliyi və Milli Elmlər Akademiyasının tədbirlər planına uyğun olaraq Mirzə Fətəli Axundzadə adına Kitabxanada Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkil edilərək beynəlxalq elmi konfransda Martin Cavanşirinin çıxışı nəzərdə tutulur.


Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilə Azərbaycan Milli Elmlər Akademiyasında və Yazıçılar Birliyində də görüşlər keçiriləcək.


Cəlil Məmmədquluzadənin nəslinin davamçıları Azərbaycanın bir qrup ziyalıları ilə birlikdə bu gün böyük demokrat yazıçının Fəxri xiyabandakı məzarını ziyarət edib, əklil qoyublar.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir