Modern.az

Gələn ilin büdcə layihəsində dəyişiklik ediləcək - Nazir ANONS ETDİ

Gələn ilin büdcə layihəsində dəyişiklik ediləcək - Nazir ANONS ETDİ

25 Noyabr 2019, 14:12

Milli Məclisin iclasında maliyyə naziri Samir Şərifov 2020-ci ilin büdcə layihəsində ediləcək dəyişikliklər barədə danışıb. Modern.az-ın məlumatına görə, S.Şərifov bildirib ki, müzakirələr zamanı səsləndirilən bəzi təkliflərin qəbul edilməsi ilə bağlı ölkə Prezidentinə müraciət edilib.

Onun sözlərinə görə, dövlət başçısı bir sıra məsələlərin 2020-ci ilin büdcə layihəsində nəzərə alınmasını mümkün hesab edib.

S.Şərifovun verdiyi məlumata görə, siyasi partiyalar üçün nəzərdə tutulmuş vəsaitin 1 milyon manat artırılaraq, 4 milyon manata, ictimai birliklər üçün nəzərdə tutulmuş vəsaitin isə 900 min manat artırılaraq 5,5 milyon manata çatdırılması təklif olunub.

Bununla yanaşı, Şəmkir rayonunun tarixi ərazisində Qədim Şəmkir şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğu, Ağsu rayonu ərazisində Qədim Ağsu şəhər Dövlət Tarix-Mədənyiyət Qoruğunun yaradılması ilə bağlı xərclər üçün də 600 min manat vəsaitin ayrılmasının büdcə layihəsində nəzərə alınması təklif edilib.

Maliyyə nazirinin sözlərinə görə, maliyyə təminatının daha da yaxşılaşdırılması ilə 2020-ci il üçün Milli Məclisin xərclərinin əlavə olaraq 1,9 milyon manat artırılması təklif edilir.

O bildirib ki, Naxçıvan Muxtar Respublikası tərəfindən hökumətə müraciət daxil olub. Müraciətdə bildirilib ki, Naxçıvan Muxtar Respublikasında gəlirlər potensialının əlavə olaraq artırılması hesabına Muxtar Respublikanın öz gəlirləri 19 milyon manat çoxaldılsın. Bu, həmçinin, dövlət büdcəsində müvafiq olaraq Muxtar Respublikaya ayrılan dotasiya məbləğinin 19 milyon manat azalmasına imkan yaradır. S.Şərifovun dediyinə görə, qənaət edilmiş 19 milyon manat vəsaitin dövlət büdcəsi kəsirinin azalmasına yönəldilməsi təklif olunur.
“Bu zaman Muxtar Respublikanın büdcəsinin gəlir və xərcləri dəyişməz olaraq 480.2 milyon manat səviyyəsində qalmaqla, dövlət büdcəsindən Muxtar Respublikanın büdcəsinə yönəldilən dotasiyanın məbləği 4,9 faiz azaldılacaq”.

S. Şərifov deyib ki, aparılacaq dəyişiklik nəticəsində 2020-ci il icmal büdcənin gəlir və xərcləri təqdim olunmuş layihədəki kimi müvafiq olaraq 27 milyard 552 milyon manat və 29 milyard 488 milyon manat səviyyəsində nəzərdə tutulur:

“İcmal büdcənin kəsiri isə 19 milyon azaldılaraq 1 milyard 936 milyon manat təşkil edəcək. Dövlət büdcəsinin gəlirləri təqdim olunmuş səviyyədə, yəni 24 milyard 134 milyon 500 min manat, xərcləri isə 19 milyon manat azaldılaraq 26 milyard 894 milyon 700 min manat təşkil edəcək. Bunları nəzərə alaraq, təqdim olunmuş 2020-ci il dövlət büdcəsi layihəsində düzəlişlərin edilməsinə ehtiyac yaranır”.

Qeyd edək ki, bundan əvvəl 2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon, xərcləri isə 26 milyard 914 milyon manat proqnozlaşdırılırdı. 2020-ci ilin icmal büdcəsinin gəlirləri 27 milyard 533 milyon manat səviyyəsində müəyyənləşmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi