Modern.az

Araşdırmaçılar Behbud xan Cavanşir barəsindəki ittihamları RƏDD ETDİLƏR

Araşdırmaçılar Behbud xan Cavanşir barəsindəki ittihamları RƏDD ETDİLƏR

19 Dekabr 2019, 17:52

Türkiyənin İstanbul şəhərində Azərbaycan Xalq Cümhuriyyəti dövründə bir neçə ay Daxili İşlər naziri işləmiş Behbud xan Cavanşirin xatirəsinə abidə ucaldılıb. Bu hadisə Azərbaycanda birmənalı olaraq qarşılanmayıb. Belə ki, bir qrup şəxs Behbud xan Cavanşirin Şaumyanın dostu olduğunu və 1918-ci il mart qırğınlarının əsas iştirakçısı olduğunu deyib.

Məsələn, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə elmlər doktoru Aydın Balayev sosial şəbəkədə yazıb:

“Qəribədir, aprel işğalından sonra Türkiyədə məskunlaşmış AXC-nin onlarla və yüzlərlə millətpərvər nümayəndəsinin xatirəsini əbədiləşdirmək heç kimin yadına düşmür, amma Şaumyanın yaxın dostu olmuş, 1918-ci il mart qırğınlarının əsas təşkilatçılarını əfv edərək, onların sağ-salamat bolşevik Rusiyasına qayıtmasına şərait yaratmış, Aprel işğalından sonra ruslara canla-başla xidmət göstərmiş Behbud xan  Cavanşirə abidə ucaltmağa imkan da, pul da tapılır. Eyni məntiqlə, Cümhüriyyət parlamentindəki daşnak fraksiyasının nümayəndələrinin də xatirəsini Bakıda əbədiləşdirmək olar. Bu yerişlə, yəqin ki, tezliklə bunun da şahidi olacağıq”.



Maraqlıdır, Behbud xan Cavanşirin şərəfinə abidə qoyulması doğurdan da tənqid edilməlidir? Onun Şaumyanın dostu kimi tanıdılması nə dərəcədə düzgündür?

Məsələ ilə bağlı Modern.az-a danışan  Bakı Dövlət Universitetinin dosenti Nəsiman Yaqublu Behbud xan Cavanşir haqqında gedən söz-söhbətin savadsızlıqdan irəli gəldiyini deyib:

“Bakı azad edildikdən sonra Behbud xan Cavanşirin cinayət törətmiş ermənilərə qarşı sərt davranışları haqda niyə heç kim heç nə demir?! Behbud xan Cavanşirin hansısa millətin nümayəndəsi ilə bir parta araxasında əyləşməsi onunla dost olması anlamına gələ bilməz. Bütün gedən söz-söhbətlər boş və mənasızdır. Savadı olan insanlar belə fikirlər söyləməz.
Behbud xan Cavanşir daxili işlər naziri olanda 1918-ci il mart qırğınları zamanı ermənilərə qarşı aldığı sərt qərarlar faktlarla hamıya məlumdur. Məhz elə buna görə də ermənilər onu qətlə yetirdilər.
Behbud bəy Cavanşirin məhkəməsi olanda xeyli sayda erməni milliyətçi Azərbaycanı müdafiə edən şəxs kimi onun əleyhinə şahidlik etmişdi. Behbud bəy haqqında söylənilənlər əsassızdır, o Azərbaycanın görkəmli şəxsiyyyətlərindən biridir”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da Behbud xana qarşı sürülən bütün ittihamların tamamilə əsassız olduğunu bildirib:

“Behbud xan Cavanşir Azərbaycanın milli maraqlarını müdafiə edən, Difai Partiyasının Qarabağ təşkilatının üzvü olmuş bir şəxsdir. O, Qarabağ xanlarından Azad xanın nəticəsi idi. Hər kəsin orta məktəb yoldaşı ola bilər. Bu o demək deyil ki, sonradan həmin parta yoldaşı sənin xalqına qarşı düşmən olursa, sən də bu məsələdə günahkar olursan... Behbud xan Cavanşir savadlı, texniki elmləri dərindən bilən bir şəxs kimi də yüksək dəyərə malikdir. O, ermənilərə qarşı vuruşduğu üçün də elə erməniər tərəfindən öldürülən bir adamdır. O necə Şaumyana dost olsun? O vaxt bəzi şəxsiyyətlər kimi, Behbud bəyin də adı ermənilərin siyahısında var idi. Bu ermənilərin Behbud xana qarşı olan münasibətinin aydın izahıdır”.


Qeyd edək ki, Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşkilatçılığı, İstanbul Valiliyi və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə hazırlanan xatirə abidəsi şəhərin tarixi bölgələrindən olan Beyoğlu rayonunda, Behbud xan Cavanşirin erməni terrorçu tərəfindən qətlə yetirildiyi “Pera Palas” otelinin qarşısında yerləşdirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?