Modern.az

Pis ana

Pis ana

4 Yanvar 2020, 14:21

Mahir QABİLOĞLU


Ana böyük oğlu yatan onkoloji xəstəxanadan evə qayıdır. Qanıqaradır. O qədər ağlayıb ki, artıq göz yaşları da quruyub. Evdəki sonuncu üç min manatı götürüb yenidən xəstəxanaya qayıtmalıdır. Həkim oğlunu üçüncü dəfə əməliyyat edəcəkdi. Nəticənin yaxşı olacağına inanmasa da.. Bəlkə... Son ümidi həkimin “bəlkə”sinədir. Bu “bəlkə”dən yapışıb özü təkid etmişdi əməliyyatın keçirilməsinə. Bəlkə...

Qapını açır. Mənzilə girir. Bu an oğlu dəhlizə çıxaraq gülə-gülə onu qucaqlayır.

- Ana, məni təbrik elə – ali məktəbə qəbul oldum. Özü də ki, Pedaqoji Universitetin filologiya fakültəsinin pullusuna. Sabah gedib təhsil haqqını ödəməliyik. İki min beş yüz manat edir. Evdə də üç minimiz var yaxşı ki...

Ana güclə də olsa üzünə təbəssüm verir. Oğlunu qucaqlayıb öpür.

- Təbrik edirəm, bala. O gün olsun sağ-salamat bitirəsən ali məktəbi. Sonra da magistraturaya qəbul olasan.

- Qardaşım necədir? Həkimlər nə dedi?

- Üçüncü – sonuncu dəfə əməliyyata girməlidir. Həkim dedi ki, ümid bir faizə bərabərdir. Amma mən təkid elədim. Bəlkə sağaldı. Evə gəldim ki, pul götürüm qayıdım.

Kiçik oğulun gülüşü üzündə qurudu:

- Ana, bəs mənim təhsil haqqım? Bəs mənim gələcəyim? Axı bu mənim gələcəyimdir. Satmağa da heç nəyimiz yoxdur. Hamısını qardaşımın əməliyyatına sərf etmişik. Bu, sonuncu pulumuzdur. Axı mənim günahım nədir – xəstə olmamağımmı?

 Ana  heç nə demir. Servantın qapısını açır. Pulu götürüb çantasına qoyur. Yenidən qapıya qayıdıb ayaqqabısını geyinir. Mənzildən çıxır. Pillələrlə aşağı enməyə başlayır. Qapının arxasından kiçik oğlunun hönkürtüsü gəlir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır