Modern.az

2020-ci ildə Azərbaycan iqtisadiyyatında ciddi problem olmayacaq - İqtisadçılar

2020-ci ildə Azərbaycan iqtisadiyyatında ciddi problem olmayacaq - İqtisadçılar

İqtisadiyyat

9 Yanvar 2020, 16:50

2020-ci ildə Azərbaycan iqtisadiyyatında artım müşahidfə olunacaq.

 

Bu barədə Modern.az-a danışan iqtisadçı, beşinci çağırış Milli Məclisin deputatı Vahid Əhmədov xatırladıb ki, 2020-ci ilin dövlət büdcəsi artıq təsdiq olunub. Onun sözlərinə görə, büdcədə kifayət qədər artımlar nəzərdə tutulub:

 

“Dövlət başçısı sosial layihələrə daha çox üstünlük verir. Bu il üçün də dövlət büdcəsinin təxmini 40 faizi sosial layihələrə ayrılıb. 2019-cu ildə Azərbaycan TANAP layihəsinin təqdimatını həyata keçirdi. Bu layihə 2020-ci ildə Azərbaycana gəlir gətirəcək.

2020-ci ildə Azərbaycan iqtisadiyyatında ciddi problem olmayacaq. Neftin qiyməti ilə bağlı da dünyada gedən proseslər göstərir ki, neftin qiymətində azalma olmayacaq. Biz dövlət büdcəsində neftin orta qiymətini 60 dollar götürmüşük. Realda isə neftin qiyməti 70 dollar civarındadır. Ona görə, bu il Azərbaycan iqtisadiyyatı üçün əlverişli il olacaq”.

 

İqtisadçı, ekspert Vüqar Bayramov da düşünür ki, 2020-ci ildə iqtisadiyyatda aktivlik qorunub saxlanacaq:

 

“Həm Azərbaycan hökumətinin, həm də beynəlxalq maliyyə qurumlarının hesabatı ondan ibarətdir ki, Azərbaycan 2020-ci ildə iqtisadi artım tempini qoruyub saxlayacaq. Bu il də Azərbaycan üçün xüsusilə qeyri-neft sektorundakı artım, ümumi iqtisadi artımda daha yüksək olacaq.

Bu il Azərbaycan iqtisadiyyatı üçün neftin bazar qiyməti önəmli olacaq. Neftin qiyməti birbaşa Azərbaycan iqtisadiyyatına təsir edəcək. 2020-ci ildə də islahatların davam etdiriləcəyi gözlənilir. Bu qeyri-neft sektorunun inkişafı üçün də olduqca əhəmiyyətlidir. Amma Azərbaycan ixracatının 81 faizi xam neft və mavi qazdır. Bütövlükdə 89 faizi enerji məhsullarıdır. Bu baxımdan, neftin bazar qiyməti Azərbaycana daxil olan valyutanın həcmini müəyyənləşdirən əsas faktorlardan biridir. Nəzərə alsaq ki, neftin qiyməti indiki halda Azərbaycan üçün məqbuldur. Bu qiymət davam edərsə, 2020-ci ildə Azərbaycana valyuta daxil olmasında artıma zəmanət verəcək”.

 

İqtisadçının sözlərinə görə, 2020-ci ildə bizim üçün çağırışlar daha çox bank sektoru ilə bağlı olacaq.

 

“Çünki 2020-ci ildə əsas hədəflərindən biri də bank sektorunun sağlamlaşdırılması ilə bağlı olacaq. 2019-cu ilin sonunda Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv olunaraq, Mərkəzi Banka birləşdirildi. Bankların kredit faizlərinin aşağı salınması, real sektora kredit qoyuluşlarını artırması bu il üçün maliyyə sektorunda prioritetdir. İstənilən halda bu il iqtisadi artım üçün zəmin var”, - deyə V.Bayramov bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı