Modern.az

Deputatlığa namizəd Natiq Cəfərlinin həyat yoldaşı: “Bu il qələbəyə çox yaxın olduğunu hiss edirəm”

Deputatlığa namizəd Natiq Cəfərlinin həyat yoldaşı: “Bu il qələbəyə çox yaxın olduğunu hiss edirəm”

Müsahibə

22 Yanvar 2020, 15:23

Modern.az “Namizədlərin həyat yoldaşları” rubrikasına davam edir. Budəfəki həmsöhbətimiz 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən deputatlığa namizəd Natiq Cəfərlinin həyat yoldaşı Leyla Cəfərlidir.

 

Leyla xanım Azərbaycan Tibb Universitetini bitirib, həkim-pediatrdır. O, hazırda dərman preparatlarının satışı ilə məşğul şirkətlərin əməkdaşlarına treninqlər keçir.

 

Namizədin xanımının əməkdaşımızla söhbətini təqdim edirik:

 

 - Leyla xanım, Natiq Cəfərli iqtisadi, siyasi savadı, aktivliyi ilə seçilən ictimaiyyət nümayəndəsidir. Deputat seçilərsə, onun cəmiyyət qarşısında məsuliyyəti daha da artacaq. Bu işində də həyat yoldaşınıza dəstək olacaqsınızmı?
- Natiq bəyin əqidə adamı olduğunu ilk tanış olduğumuz zamandan bilirəm. Hədəflərini dəqiq bilən, hədəflərə doğru getməyi bacaran insandır. Natiqin bu ilk namizədliyi deyil, öncə də namizəd olub, amma bu il qələbəyə çox yaxın olduğunu hiss edirəm. Deputat seçildiyi zaman bu işə daha çox zaman xərcləyəcəyini bilirəm və buna hazıram. Çalışacağam ki, öz işi ilə məşğul olanda ağlı məişət problemlərində qalmasın - onların həllini öz üzərimə götürmüşəm. Hər zaman bacardığım qədər dəstək və arxa olmağa çalışacam.

  • -Həyat yoldaşınız müxalifət nümayəndəsidir və elə bu düşərgədən namizədliyini irəli sürür. Belə bir qərarı verdikdə sizinlə də bölüşdümü? Onun bu istəyinə münasibətiniz necə olub?
    - Onun fərqli dünya görüşünə, müxalif düşüncəyə sahib olduğunu, hər zaman haqqın yanında olduğunu bilirəm. Əslində mənim sevdiyim insan da məhz belə olmalıdır - doğruları söyləyən, insanların problemlərini dilə gətirən, dürüst biri olmalıdır. Başqa cür olsaydı, bəlkə də, məndə hislər yaratmazdı. Namizəd olacağı ilə bağlı qərarı çoxdan vermişdi, ona görə də bu mənim üçün sürpriz olmadı. Seçki elan olunan gün onun namizəd olacağını artıq bilirdim. 
  • - Natiq bəyə seçki prosesi başlayandan dəstəyinizi necə göstərdiniz?
    - Açığı özüm də çalışdığımdan kampaniyada fiziki iştirakım çətindir, həm də övladlarımızla da məşğul olmalıyam deyə, buna zamanım qalmır. Amma Natiqin seçki komandası üçün hər gün şirniyyat bişirib, göndərirəm ki, yorulanda çay içib, şirniyyatdan dadsınlar.
  • Seçkiqabağı təşviqat kampaniyası zamanı seçicilərlə görüşlərə həyat yoldaşınızla birlikdə qatılacaqsınızmı?
    - Təəssüf ki, iş rejimim buna imkan vermir, amma inanıram ki, seçkidən sonra qələbə tədbirində birlikdə olacağıq. Onun qalib gələcəyinə tam əminəm.

-  Sizcə, Natiq Cəfərlini digər namizədlərdən, rəqiblərindən fərqləndirən hansı keyfiyyətidir? Onun şansı hansı məqamlara görə daha çox ola bilər?
- Natiq bəy öz sahəsində çox gözəl mütəxəssisdir, iqtisadi analizləri, şərhləri ilə ölkədə geniş tanınır. Dürüst və ədalətlidir - məncə, yeni dövrün Azərbaycanında parlamentdə məhz belə insanlar - peşəkarlar təmsil olunmalıdır ki, ölkənin problemlərinin həllində töhfə verə bilsinlər. Açığı, rəqiblərini tanımıram, məncə, tək mən yox onları heç ictimaiyyət də tanımır. 

- Həyat yoldaşınız deputat seçilərsə, 5 illik Milli Məclis fəaliyyətində ona necə dəstək olmağı düşünmüsünüz?
- Natiq bəyin rəsmi geyimlə arası yoxdur, idman üslubunda geyinməyi xoşlayır. Deputat fəaliyyəti dövründə onun imicmeykeri olacağam. Təbii ki, bu bir zarafatdır, ona dəstək olmaq üçün əlimdə nə gəlirsə onu da edəcəm - ən əsası hər zaman onu sevən ailəsi yanında olacaq. Natiqin öz missiyasını yerinə yetirmək üçün arxası, dayağı, məsləhətçisi olmağa çalışacam. Onun və əqidədaşlarının Azərbaycanımızı daha çağdaş ölkəyə çevirəcəyinə inanıram.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi