Modern.az

Xocalıya görə BMT-yə müraciət olunubmu? Tofiq Zülfüqarovla Elman Məmmədov biri-birini təkzib etdi  

Xocalıya görə BMT-yə müraciət olunubmu? Tofiq Zülfüqarovla Elman Məmmədov biri-birini təkzib etdi  

17 Fevral 2020, 16:40

Bu gün az qala hər birimiz Qarabağ probleminin həllinə mane olduğuna görə dünyanı qınayırıq.

Başda BMT olmaqla, dünyanın beynəlxalq təşkilatlarını, böyük dövlətlərini bu il 28 yaşı tamam olacaq Xocalı soyqırımını tanımadığına, bu akta hüquqi qiymət vermədiyinə görə tənqid edirik.

Dünyanın Xocalı soyqırımına hüquqi qiymət verməsi üçün Azərbaycan hansı instansiyalara müraciət edib, yaxud etməlidirmi?

Soyqırım faktının hüquqi tərəfinə nəzər saldıqda bəzi boşluqlar diqqət çəkir. Azərbaycan tərəfinin soyqırımla bağlı BMT kimi nəhəng beynəlxalq quruma müraciət edib-etməməsi bəzi sualları cavabsız qoymaqdadır.

Əgər Azərbaycan məsələ ilə bağlı BMT-yə müraciət edibsə, o zaman niyə cavab verilməyib?

Yaxud da əksinə, müraciət edilməyibsə, buna səbəb nədir?

 

Yeganə problem odur ki...

 

Bu kimi xeyli suallara cavab tapmaq üçün öncə keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun fikirlərini öyrənmək istədik.

O, Modern.az-a açıqlamasında bildirib ki, Xocalı soyqırımı ilə bağlı BMT-yə müraciət etməyə ehtiyac yoxdur:

 

“Çünki digər beynəlxalq qurumlar da var və bunlar insanlığa qarşı hansısa cinayətləri bu və ya digər şəkildə öyrənib ona qiymət verirlər.

Problem ondan ibarətdir ki, beynəlxalq kriminal məhkəməsi və insanlığa qarşı qurumlar Xocalı soyqırımından sonra yaradılıb.

Yeganə problem odur ki, bunların  hadisələrə qiymət vermək imkanları da yoxdur.  Xocalıya bənzər soyqırım hadisəsi Ruandada (Afrikada dövlət) olub.

Bu baxımdan beynəlxalq tribunalın yaradılması üçün onun xüsusi proseduru olur. Hesab edirəm ki, bu istiqamətdə imkanlarımız var”.

 

 

Milli Məclisdə qanun qəbul olunmalıdır...

 

Sabiq xarici işlər nazirinin sözlərinə görə, məsələ ilə bağlı Milli Məclisdə  qanun qəbul olunmalıdır:

“Bizdə soyqırıma aid bəyanatlar var. Hüquqşünaslar deyir ki, buna aid qanun olarsa, daha faydalı ola bilər. Biz məsələyə daxili qanunvericilikdə qiymət verəndən sonra digər beynəlxalq qurumlardan da hüquqi qiymət  tələb etmək imkanımız olacaq. Təəssüflər olsun ki, bizdə soyqırımı  məsələsinə Milli Məclisdə  komissiya şəklində baxılıb. Bu, qanuni şəkli almayıb. Sadəcə siyasi qiymət verilib.

Biz Xocalı faciəsinə qanuni baxımdan baxılmasını təmin etdikdən sonra digər beynəlxalq qurumlara müraciət edə bilərik.

BMT-nin tərkibində xüsusi təşkilatlar var. Hesab edirəm ki, ixtisaslaşmış təşkilatlara müraciət etmək olar”.

 

Yeni parlamentə ümid edirəm...

Tofiq Zülfüqarov digər məsələnin açıq qalmasına da münasibət bildirib:

“Bu günə kimi Milli Məclisdə işğal faktı ilə bağlı qanun qəbul olunmayıb. Bu da hüquqi baxımdan çox böyük boşluq yaradır. Çünki Gürcüstanda, Ukraynada və digər ölkələrdə işğala aid xüsusi qanunlar qəbul olunub. Bu qanunların qəbul olunması çərçivəsində qaçqınların vəziyyəti, hərbçilərin öz vətəndaş borcunu yerinə yetirərkən həlak olması və sairə məsələlər həll olunmalıdır.

 

Hesab edirəm ki, Xocalı soyqırımı da işğalın bir hissəsidir. Düşünürəm ki, formalaşacaq yeni parlamentdə bu məsələyə daha ciddi və obyektiv, beynəlxalq təcrübəyə uyğun yanaşma olacaq”.

 

Azərbaycanın Xocalı soyqırımı ilə bağlı BMT-yə müraciət etməsindən danışan Milli Məclisin deputatı Elman Məmmədov sadəcə qarşı tərəfin  müraciəti qəbul etmədiyini vurğulayıb:

“1993-cü ildən başlayaraq ilk ünvan Birləşmiş Millətlər Təşklatı olaraq ora müraciət göndərmişik. Onlar özlərini bilməzliyə vurub bizim müraciəti qəbul etməyiblər. Bu, bizim günahımız deyil. Bu müraciətlər davam edir.

 

1994-cü ilin 24 fevralında Azərbaycan tərəfi ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi, göstərişi və təşəbbüsü ilə Xocalı soyqırımına Milli Məclisdə siyasi və hüquqi qiymət verib.

1996-1997-ci illərdə Xocalı soyqırımı ilə bağlı məhkəmə prosesi keçirilib.

Həmin prosesdə soyqırıma hüquqi qiymət verilib.

BMT-yə hüquqi cəhətdən müraciət olunub, sadəcə olaraq BMT bunu icraata götürməyib və qəbul etmir”.

 

 

Ermənilərin 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən azərbaycanlıların yaşadığı  Xocalı şəhərində tərətdikləri soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 1275 nəfər əsir götürülüb.

Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır