Modern.az

Səudiyyə Ərəbistanı və Rusiya bir-birini test edir - “Neft müharibəsi”nə ŞƏRH

Səudiyyə Ərəbistanı və Rusiya bir-birini test edir - “Neft müharibəsi”nə ŞƏRH

19 Mart 2020, 22:18

Hələ ki vəziyyət belədir. 35 yaşlı Məhəmməd bin Salman gənclik enerjisi ilə yaşlı tərəf-müqabilini çətin vəziyyətə salıb. 


Səudiyyə Ərəbistanı həm hasilatı artıraraq, həm də bazara sudan ucuz (bir bareli 12-13 dollar) neft çıxararaq Rusiyanı sıxışdırmağa çalışır. Nəticədə Moskva da öz neftini aşağı qiymətə satmağa məcbur olub. Rusiyanın Urals nefti adətən "Brent"dən 2 dollar aşağı olur, amma dünən Avropada alıcılara ikiqat diskontla (18,6 dollar) təklif edilib. Alıcı tapmaq da çətinləşib.


Moskva 577 milyard dollarlıq ehtiyatına güvənərək Ər-Riyadla rəqabətə girişdi. Lakin maliyyə naziri Siluanov hazırkı qiymətlərlə bu il 3 trilyon rubl həcmində neft-qaz gəlirindən məhrum olacaqlarını, ÜDM-in 1% azalacağını və büdcə kəsirini örtmək üçün ehtiyat fonddan vəsait cəlb etmək zorunda qalacaqlarını bildirib. Rubl dəyərsizləşir, hökumət isə hələ təmkinli hərəkət edir, çünki rublun ucuzlaşması məhsulunu dollarla satan enerji sektorunun itkilərini qismən kompensasiya edir. Amma bu durum bir qədər sonra daxili bazarda idxal məhsullarının qiymət artımı və sosial narazılıqla nəticələnə bilər. Digər tərəfdən, ajiotajın artması fiziki və hüquqi şəxslərin banklarda saxladıqları 43 trilyon rubl həcmində vəsaiti xarici valyutaya çevirmələrinə səbəb ola bilər, ona görə də Rusiya Mərkəzi Bank yəqin ki, valyuta bazarına müdaxilələrini sərtləşdirəcək.


Səudiyyə Ərəbistanı üçün də asan deyil, amma onlar hasilatın maya dəyərinin çox aşağı olmasına (3-5 dollar) güvənir. Ölkənin qızıl-valyuta ehtiyatlarının həcmi təxminən 500 milyard dollardır.


Belə görünür ki, hər iki tərəf bir-birini test edir və dözüm limitini yoxlayır. Onlardan birinin “təslim” olmasına qədər bu durum davam edə bilər. Eyni zamanda, həm Rusiya, həm də Səudiyyə üçün çox maraqlıdır ki, ABŞ şist hasilatçılarının yeni situasiyaya reaksiyası necə olacaq. Ümid edirlər ki, ABŞ neft sektorunda iflaslar başlayacaq və hasilat azalacaq, bu da qiyməti nisbətən stabilləşdirəcək. Lakin Tramp administrasiyası sektorda böhrana və işsizlik yaranmasına yol vermək fikrində deyil. Digər tərəfdən, şirkətlərin qiymət şoklarına qarşı sığortası da var.


Şahin Cəfərli

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...