Modern.az

Polşadan gəlib Lerikdə karantinə alınan diaspor rəhbəri: “Hələlik test olunmamışıq”

Polşadan gəlib Lerikdə karantinə alınan diaspor rəhbəri: “Hələlik test olunmamışıq”

29 Mart 2020, 16:34

Polşa Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru Rəsul Məmmədov martın 27-də bir qrup azərbaycanlı ilə Polşadan xüsusi çarter reysi ilə Azərbaycana gəlib.

 

Hazırda karantində olam Rəsul Məmmədov Modern.az-ın suallarını cavablandırıb.

 

- Rəsul bəy, son aylar dünya ölkələri koronavirus pandemiyası ilə üz-üzə dayanıb. İnsan itkiləri çoxaldıqca yaşam üçün təhlükə bir az da artır. Bildiyimizə görə, hazırda Lerikdə karantindəsiz. Ümumi əhvalınız necədir?

 

- Ümumi vəziyyətimiz hamı kimidir. Koronavirusla mübarizə aparırıq. Hazırda Lerikin “Relax” istirahət mərkəzindəyik. Ümumilikdə Polşadan bura 90 nəfər azərbaycanlı gətirilmişik.

 

- Xaricdən gələn soydaşlarımızın bəzisi karantin rejimindən narazılıq edir. Kimsənin onlarla maraqlanmadığını sosial şəbəkələrdə paylaşırlar. Eyni durumu sizə də şamil etmək olar?

 

 - Qətiyyən. Burda hər şey çox yaxşıdır. Tibbi personal tez-tez bizimlə maraqlanır. Buranın şəraiti əladır. Otaqlarda televizor var.

 

- Yeri gəlmişkən, koronavirus testindən keçmisiniz?

 

- Hələlik test edilməyib. Təyyarədən enən kimi hamının qızdırmasını ölçdülər. Güman ki, tesdən də keçirəcəklər.

 

 

- Polşada olduğunuz son günlərdə vəziyyət necə idi? İnsanlar karantin rejiminə alışa bilirmi? Məsələn, bizdə bəzi adamlar evdə qala bilmir.

 

- Polşada da ilk vaxtlarda insanlar heç nəyə fikir vermirdilər. Elə ki, yoluxma faktı 500-ə çatdı, artıq xalq qorxdu. Edən ancaq həftədə bir dəfə marketə getmək üçün çıxırdıq. Düzdür bu qanunun tələbi deyildi, amma özümüzü və digər insanları qorumaq üçün özümüzü karantin vəziyyətində saxlayırdıq. Varşava şəhərində yaşayan insanların üstünlüyü bunu edirdi. Bununla yanaşı, Polşada artıq bir aya yaxındır ki, hər yer bağlıdı. Ərzaq mağazaları və apteklərdən başqa açıq və işləyən yer tapmaq qeyri-mümkündür. Restoranlar, alış veriş mərkəzləri və digər ictimai yerlər bağlanıb. Avtobus, tramvay və metro limitli sayda insan qəbul edir və ictimai nəqliyyatda hər kəs məcburi 2 metr məsafə ilə əyləşir.

 

- Artıq bu qaydalar bizdə də tətbiq olunur. Karantinin üçüncü gününü yaşayırsız. Maraqlıdır, rəsmi dövlət qurumlarının nümayəndələri sizinlə əlaqə saxlayırmı?

 

- Əlbəttə. Səfirlik, Diasporla İş üzrə Dövlət Komitəsi, eləcə də Lerikin deputatı İqbal Məmmədov hər birimizə bir-bir zəng edərək vəziyyətimizlə maraqlanıb.

 

- Karantin müddəti başa çatandan sonra nə etməyi düşünürsüz?. Güman ki, sərhədlər bir müddət bağlı olacaq və ölkədən çıxışınız mümkün olmayacaq

 

- Karantin müddəti başa çatandan sonra Bakıdakı evimizə gələcəyik. Həyat yoldaşımla birgə karantindəyik. Bu müddət ərzində sosial məsuliyyətimizi dərk edərək “evdə qal” çağırışına əməl edib evdən çıxışımızı minimum endirəcək və evdə oturacağıq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır