Modern.az

OPEC+ nazirlərinin görüşü niyə TƏXİRƏ SALINDI?

OPEC+ nazirlərinin görüşü niyə TƏXİRƏ SALINDI?

Aktual

4 Aprel 2020, 17:55

Aprelin 6-na təyin olunan OPEC+ formatındakı təcili görüş təxirə salınıb.

Modern.az xəbər verir ki, hələlik razılıq yoxdur və tərəflərə danışıqlar aparmaq, mövqelərini dəqiqləşdirmək üçün daha bir neçə gün lazımdır.


Görüşün aprelin 9-da keçiriləcəyi bildirilir.

Siyasi şərhçi Şahin Cəfərlinin sözlərinə görə, format xaricindəki ABŞ, Kanada, Meksika, Norveç, Braziliya kimi ölkələri hasilatın ixtisarına cəlb etmək (OPEC + +) çox çətin vəzifədir.

“Dünən Tramp neft şirkətlərinin rəhbərləri ilə görüş keçirdi və bildirdi ki, ABŞ-ın hasilatı azaltmaqla bağlı hər hansı öhdəliyi yoxdur. Eyni zamanda, ABŞ neft sektoru çoxlu sayda özəl şirkətdən ibarət olduğu üçün onların hamısının razılığını almaq və ümumi koordinasiyaya nail olmaq mürəkkəb məsələdir. Məsələn, "Chevron" bunun qeyri-mümkün olduğunu bəyan edib, "ExxonMobil" bazar qanunlarına riayət etməyə tərəfdar olduğunu bildirib. ABŞ federal sistemi də məsələni mürəkkəbləşdirən başqa bir amildir, çünki neft çıxarılan ştatların bu sahədəki tənzimləyici dövlət orqanlarının mövqeyi önəm daşıyır. Məsələn, Teksas ixtisarda maraqlı görünür, amma təkcə onların OPEC-lə əməkdaşlığa qoşulması hasilatı böyük miqdarda (azı 10 milyon barel) azaltmaq üçün yetərli deyil.


Rusiya və Səudiyyə Ərəbistanı isə bildirir ki, iri həcmdə ixtisar yalnız ABŞ-ın və digər böyük hasilatçıların iştirakı ilə mümkündür. Bu, məntiqlidir, çünki əks təqdirdə belə çıxır ki, OPEC və Rusiya həm qiyməti yüksəltməklə, həm də bazar paylarını azaltmaqla ABŞ neft şirkətlərinin maraqlarına xidmət etmiş olurlar. Amma o biri tərəfdən, Putin və Məhəmməd bin Salman Trampı narazı salmaq da istəmirlər və payızda onun təkrar seçilməsində maraqlıdırlar. Çünki Baydenin seçilməsi və demokratların Ağ Evə qayıdışı hər iki rejim üçün yaxşı heç nə vəd etmir.


Bir sözlə, Moskva və Ər-Riyad çətin seçim qarşısında qalıblar və itkisiz "qızıl orta"nı tapmaq mümkün deyil. Gözlənilən budur ki, onlar hansısa razılıq əldə edəcəklər, çünki məsləhətləşmələrin nəticəsiz bitməsi son günlər pozitivə köklənmiş bazarda dərin məyusluq yarada bilər. Amma 10-15 milyonluq ixtisar hədəfi real görünmür”.


A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür