Modern.az

DİM sədri 9-cu və 11-cilərin buraxılış imtahanlarının vaxtını BƏYAN ETDİ

DİM sədri 9-cu və 11-cilərin buraxılış imtahanlarının vaxtını BƏYAN ETDİ

7 May 2020, 17:19

9-cu və 11-ci sinfin buraxılış imtahanlarının iyun ayında keçirilməsi planlaşdırılıb.

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə bildirib.

IX sinif buraxılış imtahanları


DİM sədrinin sözlərinə görə, 9-cu sinif üzrə buraxılış imtahanları əvvəlcədən elan olunduğu kimi iki deyil, bir mərhələdə keçiriləcək.

"- 9-cu sinif buraxılış imtahanlarının iyun ayında bir mərhələdə bu imtahanın II mərhələsinin modeli əsasında keçirilməsi planlaşdırılır. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından asılı olaraq imtahanların bölgələr üzrə keçirilmə ardıcıllığı müəyyən olunacaq. İmtahana buraxılış vərəqələri imtahan günündən 5-7 gün əvvəl DİM-in saytında yerləşdirilir.

- 1 mart 2020-ci il tarixində Bakı, Şirvan və Naxçıvan Muxtar Respublikasında I mərhələ üzrə imtahan vermiş məzunların imtahan nəticələri elmi-statistik hesablamalar tətbiq edilməklə 100 bala uyğunlaşdırılacaq. 

- Digər bölgələr üzrə məzunlar yalnız imtahanın II mərhələsində iştirak edəcəklər. Bu mərhələ üzrə maksimal bal hər fənn üzrə 70 deyil, 100 ballıq şkalaya uyğun hesablanacaq.

- Nəticələri I mərhələ imtahanı əsasında hesablanmış məzunlar qiymətlərindən narazı olduqları halda II mərhələ imtahanında iştirak edə bilərlər.

- Buraxılış imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur.

- Bu il və əvvəlki illərdə üzrlü səbəbdən buraxılış imthahanlarında iştirak edə bilməyən məzunlar sentyabr ayında təşkil ediləcək imtahanlarda iştirak edə bilərlər".

M.Abbaszadənin sözlərinə görə, imtahanlar Operativ Qərargah tərəfindən hazırlanmış metodiki göstərişlərə əsasən həyata keçiriləcək:

“Qaydalara görə bir otaqda maksimum 12 şagird, hər masada 1 nəfər olmaqla imtahan verəcək”.

"Builki imtahanların özəlliyi ondan ibarətdir ki, şagirdlər yaşadığı regionda imtahan verəcək", - DİM sədri bildirib.

Onun sözlərinə görə, şagirdlərin region mərkəzlərinə getməyinə ehtiyac duyulmur: “Bu səbəbdən 160000 mindən çox şəxsin imtahan verəcəyini nəzərə alsaq, şagirdləri yerləşdirmək üçün 320 minlik yer hazırlamalıyıq”.

XI sinif buraxılış imtahanları

- İmtahanların iyun ayı ərzində təşkil edilməsi planlaşdırılır. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından asılı olaraq imtahanların bölgələr üzrə keçirilmə ardıcıllığı müəyyən olunacaq. İmtahana buraxılış vərəqələri imtahan günündən 5-7 gün əvvəl DİM-in saytında yerləşdirilir.

- Buraxılış imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur.

- Məzunlar buraxılış imtahanında əvvəlki illərdə olduğu kimi hər fənn üzrə maksimum 100 bal toplaya bilərlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır