Modern.az

“Hazırda memuarlar üzərində işləyirəm” - Ayaz Mütəllibovla ədəbiyyat SÖHBƏTİ

“Hazırda memuarlar üzərində işləyirəm” - Ayaz Mütəllibovla ədəbiyyat SÖHBƏTİ

16 May 2020, 09:44

Siyasətçilərlə ədəbiyyat söhbətləri həmişə maraqlı olub. Bu dəfə Modern.az-ın “Ədəbi şənbə”sində Azərbaycanın birinci prezidenti, 82 yaşlı Ayaz Mütəllibovla söhbətləşmişik.

 

Eks prezident Azərbaycan və dünya ədəbiyyatı haqqında fikirlərini bölüşüb. Vəzifədə olduğu dönəmlərdə yazıçı və şairlərlə bağlı xatirələrindən danışıb.

 

- Ayaz müəllim, necəsiniz? Karantin günləriniz necə keçir? Boş vaxtlarınızda nə edirsiniz?

 

- Yaxşıyam, bağ evindəyəm. Dincəlirəm. Boş vaxtlarımda isə gündəmi izləyirəm. Olub-bitənlərdən xəbər tutmağa çalışıram. Daha çox istirahətimə zaman ayırıram. Kitablar oxuyuram. Bədii ədəbiyyat bunların içərisində üstünlük təşkil edir. Bir də memuarlar üzərində işləyirəm. Hələ tam hazır deyil...

 

- Deyəsən ad gününüz də karantin dövrünə düşdü. Kimlərlə keçirdiniz ad gününüzü?

 

- Həmişə öz ailə üzvlərimlə keçirmişəm. Təmtəraqlı ad günü keçirdiyimi xatırlamıram. Həyat yoldaşım ilk dəfə idi ki, yanımda deyildi. Onsuz çox çətindir. Ad günümdə gedib məzarını ziyarət etdim. Tez-tez qəbrinin üstünə gedirəm. Baş çəkirəm. Onunla söhbətləşirəm.  

 

- Bədii kitablar oxuduğunuzu dediniz? Kimləri oxuyursunuz?

 

- Daha çox Bəxtiyar müəllimin yaradıcılığına tez-tez nəzər salıram. Xalq şairi Bəxtiyar Vahabzadəni deyirəm. Onun əsərləri olduqca maraqlıdır. Təlim və tərbiyə, milli-mənəvi dəyərlər üstünlük təşkil edir. Bəxtiyar müəllimin həyat yoldaşına yazdığı şeiri isə daha çox sevirəm. Anasına həsr etdiyi şeir də çox xoşuma gəlir. Onun əsərlərini həmişə, hər yerdə nümunəvi əsərlər kimi göstərmişəm.

 

- Belə başa düşdüm ki, nəsrdən daha çox poeziyanı sevirsiniz?

 

- Xeyr, nəsri daha çox sevirəm. Poeziyadan fərqli olaraq prozada bənzətmələr, metaforalar daha azdır. Buna baxmayaraq, proza məni özünə daha çox çəkir. Drayzeri, Remarkı, Çarlz Dikkensi daha çox oxumuşam. Mark Tvenin əsərlərini heyranlıqla mütaliə etmişəm.

 

- Dünya ədəbiyyatından kimləri oxuyursunuz?

 

- Puşkin, Şoloxov, Boris Posternak və Mayakovskini deyərdim. Orta məktəb illərindən sevdiyim şairlərdir.

 

- Bəs Azərbaycan ədəbiyyatından kimlərin yaradıcılığına daha çox müraciət edirsiniz?

 

- Bizim ölməz klassiklərimiz var. Azərbaycan ədəbiyyatında poeziya zənginliyi və rəngarəngliyi çox güclüdür. Daha çox ibrətamiz, nəsihətverici, maarifçi əsərləri sevirəm. Bu baxımdan Nizami Gəncəvini, Xaqani Şirvanini, ölməz Sabiri misal çəkə bilərəm. Bunlar milli poeziyamızın ölməz əsərləridir. Onların içərisində daha çox Sabiri oxuyuram. “Fəhlə baba” şeirini orta məktəb dövründə əzbərləmişəm. Bu gün də yadımdadır. Seyid Əzim Şirvaninin əsərlərini də çox sevirəm. Hətta onun şeirlərinin birində babam Məşədi Əşrəf kişinin adı çəkilir. Səməd Vurğun yaradıcılığının da vurğunuyam. “Azərbaycan” şeirini əzbər bilirəm.

 

- Şair və yazıçılarla bağlı xatirələriniz varmı? Uzun illər dövlət idarə etməsində ən yüksək vəzifələrdə olmusunuz. Prezident kimi də müəyyən bir dövrdə ölkəyə rəhbərlik etmisiniz. Kimsə üstünüzə bir xahiş üçün gəlibmi? Onlar üçün nələr etmisiniz?

 

- 1991-ci il idi. Eşitdim ki, Məmməd Arazın yaradıcılığı həmin vaxta qədər öz layiqli qiymətini almayıb. O vaxt Xalq şairi Nəbi Xəzri ilə əlaqə saxladım. Ona "Xalq şairi" fəxri adının verilməsi məsələsinə münasibət öyrəndim. Çox yaxşı qarşıladı, sevindi. Tezliklə Məmməd Araza "Xalq şairi" fəxri adı verildi. Bəxtiyar Vahabzadə ilə bağlı da bir xatirəni danışa bilərəm. SSRİ-nin mövcud olduğu illərdə Türkiyəyə getmişdik. Bəxtiyar müəllim qarşılanma mərasimindən çox təsirləndi. Dedi ki, kaş öz müstəqil dövlətimiz olardı. Bizi öz milli dövlətimizin nümayəndəsi kimi qarşılayaydılar. O zaman dedim ki, Bəxtiyar müəllim, gün gələr o günü – yəni, müstəqil Azərbaycanı biz də görərik.

 

Tural Turan

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır