Modern.az

Hələ ölmək fikrim yoxdur - Zeynəb Xanlarova DANIŞDI+SƏSYAZISI

“Hələ ölmək fikrim yoxdur” - Zeynəb Xanlarova DANIŞDI+SƏSYAZISI

Mədəni̇yyət

19 May 2020, 18:30

Mayın 19-da haqqında ölüm xəbəri yayılan Xalq artisti, Milli Məclisin sabiq deputatı Zeynəb Xanlarova vəziyyətinin yaxşı olduğunu, işıüqlı dünyanı hələ tərk etməyə hazırlaşmadığını bildirib. Modern.az xəbər verir ki, sənətçi News24.az-a müsahibəsində Milli Məclisə namizədliyini verməməsindən tutmuş nəvələrinədək hər mövzuda danışıb.

"Əladan bir az da yuxarıyam" 

- Necəsiniz, Zeynəb xanım? Çox təəssüf ki, bütün sevənləriniz səhəri üzücü xəbərlə açdı... 

- Məni öldürmək istədilər, yalandan xəbər düzəltdilər ki, güya mən vəfat etmişəm. Zeynəb hələ ölməyəcək. Mənim anam 100 yaşında rəhmətə gedib. Ona görə də mən uzunömürlülərdənəm. Məni Allahım, xalqım daim yaşadacaq. Mənə də indi bu xəbərlər haqda dedilər. Zeynəb xalqını, millətini, dövlətini çox sevir və hər zaman da bu sevgiylə yaşayacaq. Özümü çox əla hiss edirəm. Hətta əladan bir az da yuxarı (gülür).
Bu xəbərlər məni öldürmür, əksinə, ömrümü uzadır, yaşadırlar məni. Mənim üçün pis adam yoxdur, çünki özüm pis deyiləm. Allah yazanlardan da, yazmayanlardan da razı olsun. Allah yazanlara 100 il ömür versin. Mərhum anam hər zaman deyərdi ki, sən 120 il yaşayacaqsan. Səhərə yaxın yuxudan oyandım. Oyanan kimi bu xəbəri eşitdim təccübləndim. Gör, Azərbaycan xalqı məni nə qədər çox istəyir ki, onların dillərindəyəm, ağıllarındayam. İstəməzdim haqqımda belə sözlər yazılsın. Mən hələ indiyə qədər heç bir həkimin yanına getməmişəm. Yəni heç bir xəstəliyim yoxdur. 

"Konsertimə hazırlaşıram"


- Bildiyimiz kimi solo-konsertinizə hazırlaşırsınız...

- Karantin rejimi olduğundan hələ ki, evdəyəm, dincəlirəm. Arada bağa gedirəm, amma ümumilikdə ev şəraitindəyəm. Baxmayaraq ki, evdəyəm, amma konsertimə hazırlaşıram, ansamblımla məşqlər edirəm. Allahın izniylə noyabrda möhtəşəm konsertimiz baş tutacaq. Camaat məni görməyəndə çox darıxır. 

"Xalqımı, millətimi çox sevirəm"


- Bu yaxınlarda "uşaqpulu" məsələsinə görə tənqid olundunuz...

- Xalqımı, millətimi sevən insanam və heç vaxt onların əleyhinə gedə bilmərəm. Gedib Milli Məclisdə yoxlasınlar görüm, mən o sözü nə vaxt demişəm?! Olmayan şeylər yazırlar haqqımda. Onları Allaha tapşırıram. Mən danışanda ancaq mədəniyyətdən, musiqidən söz aça bilərəm. Daha belə məsələlərdən yox. Bu il Milli Məclisə namizədliyimi irəli sürmədim. Bu şəxsi istəyim idi. Çünki mən orda olanda haqqımda cürbəcür məlumatlar yazırdılar. İllərlə qazandığım hörməti itirməmək üçün getmədim. Bu məsələ mənim yaralı yerimdir. Mən hamını sevirəm, amma bu sözləri yazan şəxs məni sevmir və məni xalqın gözündən salmaq istəyir. Zeynəb heç vaxt xalqın gözündən düşən deyil. Mən daim Milli Məclisin arxa qapısından çıxıram ki, heç kimin gözünə dəyməyim. Çünki haqqımda çox pis şeylər yazan insanlar var, Allahlarını itirirlər. Yaxşının yerinə pis yazırlar. Olan şeyi yazsalar nə olardı ki? 

"Ailədə bir Koroğlu olar" 

- Altı nəvəniz var. İkinci Zeynəb yetişirmi? 


- İndi istirahət edirəm, heç kimlə görüşmürəm. Hətta nəvələrimlə ancaq uzaqdan-uzağa qapının ağzında görüşürəm. Altı nəvəm var. Üç qız, üç oğlan. Nəvəmin biri öz adımı, ikincisi anamın, üçüncüsü isə həyat yoldaşımın adlarını daşıyırlar. Zeynəb, Pəri, Səlim. Dədə-baba yoluyla gedirik.

- Bəs ailənizdə sənətinizi davam etdirən varmı?

- Ailədə bir Koroğlu olar (gülür). 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi